Köç (Abbas Səhhət)
Köç Müəllif: Abbas Səhhət |
Səhər-səhər yaz çağı,
Köçür oba yaylağa.
Gəlinlərin balağı,
Batır, lilə, batdağa.
Arvad, kişi, oğlan, qız,
Gön çarıqlı, başmaqlı,
Gedir qoruq-qaytaqsız,
Gəlin, qızlar yaşmaqlı.
Qoyun, quzu, at, eşşək,
Salmış çölə qalmaqal,
Dəvə, maya, nər, köşək.
Lökləyirlər dalbadal.
Kişi əlində çomaq,
Sürür yüklü öküzü.
Dəvə üstə bir uşaq
Çox oxuyur bu sözü:
“Ağ dəvə alçaq gedər,
Qolunda qolçaq gedər,
Ağ dəvənin gözləri,
Yerə dəyər dizləri.
Endi çaya yuh-yuh,
Ağca maya yuh-yuh”.