Kölgəm ilə mən
Kölgəm ilə mən Müəllif: Əhməd Cavad |
Bir gün bezdim, mən kölgəmə dedim ki:
-Bəsdir daha, əl götür bu yaxamdan!
Gecə-gündüz işin-peşən yoxmudur?
Çəkilməzsən bir dəqiqə arxamdan.
Uf demərəm aylar-illər uzunu,
Mən görməsəm o mübarək üzünü!
Kölgəm dedi: -Ey vəfasız səninlə
Bir saatda gəlmədikmi dünyaya
Dadsız ömrü nə eylərdim? Əzəldən,
Mən səninçün düşmədimmi qovğaya?!
Eh, bilsən də, bilməsən də eyniyik-
Mənə qalsa biz ayrılan deyilik.