Könül, bel bağlama dünyayə, dünyanı fəna gördüm
Könül, bel bağlama dünyayə, dünyanı fəna gördüm Müəllif: Əbülhəsən Vaqif |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Könül, bel bağlama dünyayə, dünyanı fəna gördüm,
Həqiqət, ehü-eşqə dəhrdə əhli-bəqa gördüm,
Vəfalı kimsənin daim işin ahü nəva gördüm,
Vəfa hər kimsədən kim, istədim, ondan cəfa gördüm
Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm.
Olubdur qüssəvi qəmdən gözüm sübhü məsa giryan,
Nə qədri dərdü qəm var isə göstərdi mana dövran.
Mənim bu dərdimə dərman edəmməz, gəlsə yüz Loğman,
Kimə kim, dərdimi izhar qıldım, istəyib dərman,
Özümdən həm bətər bir dərdə ani mübtəla gördüm.
Yumubdur mərdümi-bəxtim bu dünya içrə göz məndən,
Eşitməz ləbbey ilə ərz qılsam hiç söz məndən,
Dedi əl çəkmişəm səndən mən, ey bədbəxt, əl üz məndən,
Əgər su damenin tutdum, rəvan göndərdi üz məndən,
Vər gər güzgudən umdum sidq, əksi-müddəa gördüm.
Gələn gülzari-dünyayə, hərə bir növbəri dərdi,
Kimə verdi qəza dövlət, kimə verdi qəmü dərdi,
Töküb gərdun bəsirət çeşmimə xakistərü gərdi,
Qədəm basdım dəri-ümmidə, sərgərdanlıq əl verdi,
Hünər sərriştəsin tutdum, əlimdə əjdaha gördüm.
Kəsibdir çərxi-dun lütfin cahan içrə məgər məndən,
Vücudum qərq olub, behri-qəmə bu çeşmi-purnəmdən,
Gəlibdir təngə könlüm, Vaqifa, bu qüssəvü qəmdən,
Füzuli, eyb qılma üz çevirsəm əhli-aləmdən,
Nədən kim, hər kimə üz tutdum, ondan yüz bəla gördüm.