Könül (Aşıq Əhməd)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Könül Müəllif: Aşıq Əhməd |
Ay həzərat gəlin sizə söyləyim,
Qabaqdan kəsilmiş tel istər könül,
Mən neylərəm xoryat üzən qönçəni,
Yarpağı solmamış gül istər könül.
Səhərdən gülşənin gülünü dərim,
Camalın görməyə təsəddüq verim,
Tamaşana gəlsin Hind ilə Urum,
Əmməyə ləbindən bal istər könül.
Üzün çox nazikdi dişə dodağa,
Sənə qurban canım, sərim sadağa,
Yusifi-Kənana vermiş qadağa,
Qırmızı yanaqda xal istər könül.
Hüsnünün kitabı gəlməz nəzərə,
Məh camalın məni salıb azara,
Arif sərrafıyam, girim bazara,
Cəvahir qoynundan ləl istər könül.
Gözləri xumarsan, qaməti ərər,
Tamaşana gəlsin Şəms ilə Qəmər,
Əhməd deyər, yarın sinəsi məxmər,
Sərv boylu, incə bel istər könül.