Könül (Xəstə Bayraməli)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Könül
Müəllif: Xəstə Bayraməli
Mənbə: Xəstə Bayraməlinin şeirləri (1898-1952). goyce.az, 27.12.2018

İşində sayıq ol, sözündə kamil,
Ariflər içində söyülmə, könül!
Qoy səni qananlar tərif eyləsin,
Nadanlar dilində öyülmə, könül!
 
Bəxş etsə təbibə neçə min barat,
Gərək müxənnətə bulmasın nicat.
Nə çox zalım olub kimsəni ağlat,
Nə çox zəlil olub döyülmə, könül!

Dünya arsızındı, hicranı tərgi,
Ya şah ol, ya qul ol, tərg elə fərqi.
Bayraməli bir qonaqdı gedərgi,
Namərd qabağında əyilmə, könül!