Könül həsrət, can müntəzir, göz yolda
Könül həsrət, can müntəzir, göz yolda Müəllif: Molla Vəli Vidadi |
Könül həsrət, can müntəzir, göz yolda,
Ömr azaldı, və’də keçdi san ilə.
Bir də könlüm istədiyin, gözlərim,
Görərəmmi ol şövkətlə, şan ilə.
İstəmənəm bu dünyanın malını,
Qovğasını, fitnəsini, alını,
Qəriblikdə bikəslərin halını
Fikr elərəm, gözüm dolar qan ilə.
Mərdlər ilən gəz ki, vəfadar olur,
Nakəslərə yoldaş olan xar olur.
Namərd odur yaxşı gündə yar olur,
Yaman gündə baxmaz, ötər yan ilə.
Mərd olanlar keçər külli varından,
Əl götürməz namusundan, arından,
Ölənətən dönə bilməz yarından,
Meydan günü başın qoyar can ilə.
Daim haqdır Vidadinin deməyi,
Doğruların hərgiz itməz əməyi,
Hər kimin ki, mövla olur köməyi,
Nə işi var sultan ilə, xan ilə.