Könlümün hər dəm girər ol mahsima qoynuna

Könlümün hər dəm girər ol mahsima qoynuna
Müəllif: Sadıq bəy Əfşar
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.62.

Könlümün hər dəm girər ol mahsima qoynuna,
Yeridür gər girsə Xurşidnin Məsiha qoynuna.
Sinəmi hal eyləyub ol ay xəyalın bəklərin,
Öylə kim, bəkləşdürür xaçını tərsa qoynuna.
Bağa girsəm bu sarıq rüxsarü gülgun əşk ilə,
Qönçənin istər girə gülbərgi-rəna qoynuna.
Gövhəri-əşkim cəhanı tutdu, övladur bu kim,
Qoymaya şimdən geri lölöni dərya qoynuna.
Qeyr əgər əhbab ilə bəzmi-vüsala yol tapar,
Sadiqi alır xəyali-yarı tənha qoynuna.