Könlüm (Aşıq Abbas Tufarqanlı)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Könlüm Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Nə ağlarsan, nə sızlarsan,
Bir dərdi beş olan könlüm!
Axırda zünnar bağlarsan,
Qəmə yoldaş olan könlüm!
Bir yar gəlir obasından,
Alım dərdü-bəlasından,
Çərxi-fələk badasından
İçib sərxoş olan könlüm!
Abbas ağlar arsız-arsız,
Dünya olub etibarsız,
Deyirdin dözərəm yarsız,
Döz, bağrı daş olan könlüm?