Köynəyinə
Köynəyinə Müəllif: Aşıq Ələsgər |
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
Güləbətin qıyı tər sinən üstə,
Nə gözəl yaraşır, qız, köynəyinə.
Sinən Kəbə, köynək Kəbə örtüyü,
İzin vеrsən, sürtəm üz köynəyinə.
Gözəl yaranıbsan qalu bəladan,
Yanağın göyçəkdi güldən, laladan.
Zərgər gül doğrasın zərin tiladan,
Əlindən gəldikcə düz köynəyinə.
Ələsgər də dost yolunda sürünür,
Sinən üstə dərdə dərman görünür.
O köynəyə nar məmələr bürünür,
Onçu qurban olluq biz köynəyinə.