Küpəgirən qarının qızlara nəsihəti
Küpəgirən qarının qızlara nəsihəti Müəllif: Mirzə Ələkbər Sabir |
Qarı nənənin sözlərini sanma çərəndir,
Canım, gözüm, ay qız!
Hər kəlməsi min ləli-Yəmən, dürri-Ədəndir,
Anla sözüm, ay qız!
Çox ömr eləyib, çox da hünər etmişəm isbat
Bu dari-cəhanda.
Min hiylələri qatlaşmışam sinəmə qat-qat
Bu xeyli zəmanda.
Min il sənə nəqlin eləsəm məkri-nisanı,
Qurtarmaz, azalmaz.
Doldursam əgər məkrlə ətrafı-cəhanı,
Bir boş yeri qalmaz.
Cadu da elimdən bacarıb cin də qurtarmaz,
Əfsunumə bah-bah!..
Mən eylədiyim məkri şeytan də bacarmaz,
Vallah və billah!
Xoştaləmişsən ki, bu gün feyzi-hüzurum
Oldu sənə qismət.
Qan sözlərimi, indi sən, ey gözdəki nurum,
Qoyma keçə fürsət.
Əvvəl bu qədər bil ki, vəfadar ər olmaz, -
Aqil olur olsun;
Bir ər ki, vəfadir ola, aləmdə tapılmaz,
Cahil olur olsun;
Zinhar, vəfa etmə tələb ər dediyindən,
Sərvəqt ol, amandır!
Asudə xəyal olma bu şöhər dediyindən,
Üç-dördün alandır.
Qırx il edəsən bir kişi əmrində itaət,
Mənzurda bilməz;
Vəqta ki, qocaldın alacaq başqa bir övrət,
Baxmaz sənə, gülməz.
Ər dərdü qəmin çəkme, sən öz halına ağla,
Canı bəcəhənnəm!
Sərrişteyi-tədbirini xəlvətcə yumaqla,
Qıl könlünü xürrəm.
Tainki ayıqdır, həzər et ər dediyindən,
Ər zülmü yamandır!
Çün yuxladı, el qat cibinə zər dediyindən,
Öz rəngini yandır.
Fürsət ki, olur rəngini vur hər gecə məxfi,
Fərrarəlik öyrəş!
Ta bilməyə şeytan da götürdün necə məxfi,
Əyyarəlik öyrəş!
Çün sübh çayın içdi kişi, çıxdı kənarə,
Bidərdü qəm oldun;
Açıldı başın, indi qıl öz dərdinə çarə,
Banu hərəm oldun;
Ver Xansənəm et, yağ, düyü, bal, çay, şəkər alsın,
Gülqənd var evdə;
Artıq nə qalarsa, ona da xuşgəbər alsın,
Hərçənd var evdə,
Göndər uşağı, Şahbacını eylə xəbərdar -
Gəlsin helə-həlbət,
Gəldikdə gətirsin neçə övrətləri zinhar,
Qur məclisi-işrət.
Mindir ocağa qazanı, qaynat samavarı,
Çal nayi, qavalı;
Mehmanlara hazır elə min dürlü naharı;
Ver külçə, qoğalı,
Həm qaymağı, balı.
Ər fəhləlik etsin,
Hər gün işe getsin;
Olma ona həmqəm,
Canı bəcəhənnəm,
Sən çəkmə məlalı,
Qur məclsisi-alı,
Pozma bu cəlalı,
Ay başı bəlalı!..
Mənbə
redaktə- Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 48-49