Kəbə üzündür, ey sənəm, üzünədir sücudumuz
Kəbə üzündür, ey sənəm, üzünədir sücudumuz Müəllif: İmadəddin Nəsimi |
Kəbə üzündür, ey sənəm, üzünədir sücudumuz,
Ta ki, görə bu səcdəyi narə yana həsudumuz.
Şəm’i-rüxün hərarəti yandırır, ey qəmər, bizi,
Uşbu cəhətdən oldu kim, göylərə çıxdı dudumuz.
Canımızı buraxmışız atəşi-eşqə ud kimi,
Ta ki, səfavü zövq ilə eşqinə yana udumuz.
Zülfü qaşınla kirpigin müshəfimizdir, oxuruz,
Ey dilimizdə cümlə sən, göftümüzü şənudumuz.
Zülfü rüxün hesabinə düşmüşüz üştə sayıruz,
Kim nə bilir bu üqdəyi kim, necədir üqudumuz.
Möhbətimiz sifati çün zati-qədimi-fərd imiş,
Vahidi-bizəvalədir mərcə ilə süudumuz.
Qaziyə nəsnə verməriz rüşvət içün bu də’vidə,
Qaziyi-həq qatında çün adil imiş şühudumuz.
Kafilə nun əzəldə çün illətimizdir, ey bəşər,
Gövhəri-laməkan biziz, kim bilisər hüdudumuz.
Surəti-xəttü xalinə sacidü abid olmayan,
Millətimizdə oldurur müşrikimiz, yəhudumuz.
Maü məindən, ey fəqih, əsrəyübən iki demə,
Çünki yeganədəndürür varid ilə vürudumuz.
Düşmən üçün Nəsimiya, olma məlul, qəm yemə,
Oldu əzəl günündə çün Fəzli-əbəd vüdudumuz.