Kəklik (Aşıq Ələsgər)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Kəklik
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər. Əsərləri. Bakı, 2004. səh.158-159.


Həsrətini çəkə-çəkə
Dərdim yetdi yüzə, Kəklik!
Qız, sən Allahı sevərsən,
Rübənd tutma üzə, Kəklik!

Dostdan dosta bu nə fənddi,
Zülfün boynuma kəmənddi.
Düşün dürdü, dilin qənddi,
Dodaqların məzə, Kəklik!

Geydiyin yaşıl, əlvandı,
Eylədiyin nahaq qandı.
Ələsgər sana qurbandı,
Sən gələndə bizə, Kəklik!