Kəkliklər
Müəllif: Xəstə Qasım
Mənbə: Xəstə Qasım (1684-1760) (az). shahbulaq.az (12.09.2014). Yoxlanılıb 2015-04-20.

 
Mən gedirəm sizi kimə tapşırım,
Dam üstündə duran sona kəkliklər.
Al-yaşıl geyinib tirmə bağlarsız,
Nə giribsiz dondan-dona, kəkliklər.

Gözəl kəklik dam üstündə səs eylər,
Qaqqıldaşar bir-birilə bəhs eylər.
Bilmirəm toy eylər, yoxsa yas eylər,
Caynağınız batıb qana, kəkliklər.

Gözəl kəklik dam üstündə durubdu,
Gərdən çəkib necə boynun burubdu.
Heç bilmirəm ovçusunmu görübdü,
Üz çevirib biyabana kəkliklər.

Kəkliyin oylağı qayalar başı,
Qaqqıldaşıb tapar yoldaş yoldaşı.
Bərəsi bərk olsa, ovçusu naşı,
Uçub gedər asimana kəkliklər.

Nə dərdiniz varsa mənə söyləyin,
Şirin namə yazın, bəyan eyləyin.
Siz Xəstə Qasımı halal eyləyin,
Çünki gedir Dağıstana, kəkliklər.