Kələkbaz qrızlılar

Nağıllar. Kələkbaz qrızlılar
Müəllif: Şifahi xalq ədəbiyyatı


Qrız kəndi hündür bir dağın üstündə, daşlı-qayalı bir yerdə salınmışdır. Kəndin ətrafında əkinəcək üçün yararlı sahələr çox az idi. Bir gün bir neçə qrızlı bir yerə yığılıb belə qərara gəlirlər ki, necə olursa-olsun qonşu ceklilərin torpaqlarını ələ keçirsinlər. Çox götür-qoydan sonra çarıqlarının içinə torpaq töküb ayaqlarına geyirlər. Beləliklə, ceklilərin əkin sahələrinə gəlib oranı şumlamağa başlayırlar. Ceklilər bu hadisəni görüb yığılıb gəlir, hay-haray salırlar ki, bu yerlər bizimdir. Qrızlılar da sözlərinin üstündə möhkəm dururlar. Mübahisə düşür, ara qarışır, məssəb itir. İşin ciddi vəziyyət aldığını görən hər iki tərəfin ağsaqqalları işə qarışırlar. Qrızlılar and içirlər:

— Əşi, bax, bu ayağımızın altındakı torpaq haqqı (çarığın içindəki torpağı nəzərdə tutaraq), bu yerlər bizim dədə-baba mülklərimizdir!

Ceklilər qrızlıların belə ürəkdən and içmələrini, israrla danışdıqlarını görüb torpaqlarını onlara güzəştə gedirlər.

Mənbə

redaktə

İmammirzə Şahbazov. Quba deyimləri: Kələkbaz qırızlılar. “Azərbaycan gəncləri” qəzeti, Bakı, 20 mart 1984, № 34 (10042), səh. 3.