Kənd təsərrüfatının davamlı inkişafının elmi əsasları

Olimpin zirvəsinə doğru: Azərbaycan Milli Akademiyasının 70 illiyi qarşısında (2015)
Müəllif: Akif Əlizadə
Mənbə: Akif Əlizadə, Olimpin zirvəsinə doğru: Azərbaycan Milli Akademiyasının 70 illiyi qarşısında. "Azərbaycan" qəzeti, 2015, 31 iyul, s.6


Dövlətimizin daimi qayğısı və dəstəyi sayəsində ölkə iqtisadiyyatının mühüm bir sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafı təmin edilmişdir. Bu inkişafın təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və onun Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kənd təsərrüfatına xüsusi əhəmiyyətli bir sahə kimi baxılmışdır. Təsadüfi deyil ki, ümummilli liderin bu istiqamətdə gördüyü işlərin hər biri mühüm hadisə kimi respublikamızın dövlətçilik tarixində silinməz izlər qoymuşdur.

Ulu öndərin strateji xəttini siyasi, iqtisadi, sosial və s. kimi bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirmişdir. Möhtərəm Prezidentimizin bəyan etdiyi kimi, “hazırda qarşıda duran ən başlıca məqsəd daxili imkanlar hesabına kənd təsərrüfatı və ərzaq məhsulları ilə özünütəminata və davamlı inkişafa nail olmaqla, Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır”. Ölkədəki mövcud potensial bu strategiyanın reallaşdırılmasına tam təminat verir.

Dövlət başçısının iradəsi və göstərişləri ilə həyata keçirilən elmi əsaslı institusional islahatlar, tətbiq edilən siyasi, iqtisadi, sosial texnologiyalar qeyd edilən hədəflərə xidmət etməklə öz bəhrəsini verməkdədir.

Möhtərəm Prezidentin diqqət və qayğısı sayəsində əvvəlki dövrdə əldə edilmiş müsbət tendensiyalar, yeni iqtisadi və mülkiyyət münasibətləri son 12 ildə daha da inkişaf etdirilmiş, normativ hüquqi baza əhəmiyyətli dərəcədə təkmilləşdirilmişdir. Elmi əsaslandırılmış dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində kənd təsərrüfatı və onun emal məhsullarının istehsalı xeyli artmışdır. Regionların sosial-iqtisadi inkişafı sahəsində görülən tədbirlər, həyata keçirilən məqsədyönlü proqramlar kənd yerlərində əhalinin rifah halını xeyli yaxşılaşdırmağa imkan vermişdir. Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, eləcə də digər analoji proqramlar (“Azərbaycan Respublikasında Bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”, “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında yay və qış otlaqlarından səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı” və s.) aqrar sahə mütəxəssislərinin qarşısında duran əsas vəzifələri müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyri-neft sektorunun inkişafı istiqamətində və ərzaq təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri kimi kənd təsərrüfatı məhsullarının istehsalı və emalına xüsusi diqqət yetirilməsinin nəzərdə tutulmasını da aqrar sahəyə göstərilən diqqətin nümunəsi hesab etmək olar.

Aqrar sahədə problemlərə kompleks, məqsədyönlü yanaşma istiqamətində atılan addımlar sırasında möhtərəm Prezidentin 12 yanvar 2015-ci il tarixli sərəncamı ilə 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi, daha sonra Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, onun regional bölmələrinin, habelə tabeliyindəki elmi-tədqiqat institutlarının yenidən qurulması və müasir laboratoriya avadanlığı ilə təchiz olunması üçün Prezidentin Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyinə 10 milyon manat ayrılması, elmi idarəetmə sistemində aparılan struktur islahatları, müasir dövrün çağırışları ilə səsləşən yeni tipli sosial-iqtisadi layihələrindən biri kimi elektron kənd təsərrüfatı sisteminin geniş tətbiq edilməyə başlamasını göstərmək olar.

Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2011-ci il tarixli 396 nömrəli fərmanına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 16 sentyabr 2011-ci il tarixli 17/3 nömrəli qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Aqrar Elmlər Bölməsinin yaradılması və ona respublikada müvafiq elmi-tədqiqat və təhsil müəssisələrinin elmi fəaliyyətlərinin koordinasiyasının tapşırılması da məqsədyönlü strateji uzaqgörənliyin, siyasi iradənin göstəricisidir.

Aqrar Elmlər Bölməsi yeni iqtisadi münasibətlər və beynəlxalq inteqrasiya şəraitində milli kənd təsərrüfatı tədqiqatları sisteminin dinamik və proporsional inkişaf strategiyasının işlənib hazırlanmasında istinad nöqtəsi və bazis rolunu oynamaqla elmi-texniki fəaliyyətin planlaşdırılması, təşkili və əlaqələndirilməsinin ən mühüm istiqamətlərini əhatə edir. Qısa müddətdə respublikada fəaliyyət göstərən aqraryönümlü bütün təşkilat və elmi-tədqiqat institutları, həmçinin müvafiq fakültələri olan ali təhsil ocaqları ilə geniş əlaqələr yaradılmışdır. 2015-ci ildə aqrar elm sahəsində Azərbaycan Milli Elmlər Akademiyasında koordinasiyanın təmin edilməsi istiqamətində daha bir addım atılmışdır. Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının “Kənd təsərrüfatı bitki və heyvanlarının genetika və seleksiyası problemləri üzrə Elmi Şura”sı və “Torpaq və su ehtiyatlarının idarə edilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə Elmi Şura”sı yaradılmış və hər iki şura artıq fəaliyyətə başlamışdır.

Bölmənin tərkibinə Azərbaycan Milli Elmlər Akademiyasının 3 elmi-tədqiqat institutu - Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Genetik Ehtiyatlar İnstitutu və Eroziya və Suvarma İnstitutu daxil edilmişdir. Son illərdə Azərbaycan Milli Elmlər Akademiyasının digər strukturlarında olduğu kimi bu institutlarda da çox ciddi elmi-nəzəri və təcrübi-innovativ tədqiqatlar aparılmış, mühüm nəticələr əldə edilmişdir:

  • Azərbaycan torpaqlarının aqroekologiyası, ekoloji qiymətləndirilməsi, torpaq münbitliyinin modelləşdirilməsi, dövlət torpaq kadastrı və onun elmi əsasları işlənib hazırlanmışdır;
  • Azərbaycan dövləti haqqında hərtərəfli məlumatları özündə əks etdirən “Azərbaycan Respublikasının Milli Atlası”, Azərbaycanın Torpaq Atlası və Azərbaycan Respublikasının 140-dan çox xəritədən ibarət Azərbaycan-rus və Azərbaycan-ingilis dillərində “Ekoloji Atlas”ları nəşr etdilmiş, torpaq örtüyünün tamamlanmış sistematikası və müasir torpaq təsnifatı hazırlanmışdır;
  • torpaq münbitliyinin bərpası, mineral və üzvi gübrələrin tətbiqinin səmərəliliyi öyrənilmiş, torpaqda azot itkisinin qarışığını almaq üçün inqibitor, üzvi tullantılardan və bitki qalıqlarından üzvi gübrə alınması prosesini sərtləndirən katalizator maddələr alınmış və patentləşdirilmişdir;
  • Böyük Qafqazın müxtəlif landşaft tiplərinə aid torpaq və bitkilərində əsas mikroelementlərin torpaq-bitki sistemində miqrasiyasının bitkinin növündən və bioloji xüsusiyyətlərindən asılı olaraq dəyişilməsi müəyyən edilmişdir;
  • Azərbaycanın torpaqları eroziyaya uğrama dərəcəsinə görə müəyyənləşdirilmiş və xəritələşdirilmişdir;
  • eroziyanin və onun inkişaf etmə intensivliyinin öyrənilməsi əsasında yamacların mühafizəsini, yüksək və keyfiyyətli məhsulun əldə edilməsini, qış və yay otlaqlarının məhsuldarlığının artırılmasını, meşələrin susaxlayıcı və torpaqqoruyucu rolunun artırılmasını təmin edən kompleks elmi tədbirlər işlənib hazırlanmışdır;
  • kənd təsərrüfatı bitkilərinin mütərəqqi üsullarla suvarılması istiqamətində aparılmış tədqiqatlar əsasında yeni suvarma texnologiyaları işlənib hazırlanmışdır;
  • Azərbaycanın zəngin genetik müxtəliflik xəzinəsinin qorunması üçün 400 cinsə, 1200 növə aid qiymətli nadir bitkilərin 11 mindən çox nümunəsi toplanaraq məlumat bazası yaradılmış, regionda ilk Milli Genbankda mühafizə olunur;
  • kənd təsərrüfatı bitkilərinin 10-dan çox, tut ipəkqurdunun 4 yeni cins, sort və hibridi patentləşdirilərək rayonlaşdırılmışdır;
  • gələcəkdə məhsuldarlığın artırılmasında mühüm rol oynayacaq yeni tipli şaxəlilik əlamətinə malik sintetik buğda növü yaradılmışdır;
  • bitki biomüxtəlifliyi genom səviyyəsində tədqiq olunmuş, bitkilərdə yüksək məhsuldarlıq, keyfiyyət, stressə davamlılıq genləri və müvafiq genotiplər identifikasiya olunmuş, 600-dən çox nümunə kompleks xüsusiyyətləri ilə sezilərək seleksiya proqramlarında səmərəli istifadəyə cəlb edilmişdir;
  • bitkilərdə Azərbaycan üçün yeni 7, elm üçün yeni bir növ virus aşkar edilmişdir ki, bunlar da müasir mübarizə üsullarının inkişafına təkan verəcəkdir;
  • ozonlaşdırmanın genbankda mühafizə edilən bitkilərin irsi tamlığının bərpasına, becərilən bitkilərin inkişafına, keyfiyyətinə və saxlanmasına stimullaşdırıcı təsir göstərdiyi tədqiqatlarla müəyyən edilmişdir.

Həmçinin onu da qeyd etmək lazımdır ki, Azərbaycan Milli Elmlər Akademiyasının Aqrar Elmlər Bölməsinin institutlarında yaxşı təlim keçmiş gənc alimlər tərəfindən müasir avadanlıqlardan istifadə etməklə və ən yeni metodlara yiyələnməklə dünya standartları səviyyəsində tədqiqatların aparılması istiqamətində mühüm irəliləyişlərə nail olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə regionda ilk dəfə “Genomika” laboratoriyası yaradılmış və burada bitki genomunun sürətli oxunmasını həyata keçirən yeni nəsil sekvenserləri quraşdırılmışdır. Onların köməyi ilə bitkilərin genomları haqqında əvvəllər mümkün olmayan həcmdə və dəqiqlikdə informasiya əldə edilə biləcəkdir. Habelə, Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə Mobil Aqrar Tədqiqatlar laboratoriyası da alınmışdır ki, bu da hərtərəfli multidissiplinar elmi araşdırmaların aparılmasına imkan verir.

Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” 4 yanvar 2003-cü il tarixli fərmanına əsasən Azərbaycan Milli Elmlər Akademiyası ölkədə elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, bütün elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycanı xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilatıdır.

Qeyd edilən sərəncamın icrasına müvafiq olaraq Aqrar Elmin İnkişaf Konsepsiyasının hazırlanması haqqında Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən verilmiş 105 saylı, 4 iyun 2014-cü il tarixli sərəncam ölkədə aqrar elm, onun nəzəri-konseptual və tətbiqi problemlərini müəyyənləşdirmək baxımından məntiqi bir addım olmuşdur.

Bütün bunlar nəzərə alınaraq Azərbaycan Milli Elmlər Akademiyasının Aqrar Elmlər Bölməsi tərəfindən beynəlxalq və respublika əhəmiyyətli elmi-praktiki konfranslar keçirilmiş, Azərbaycanda kənd təsərrüfatının və aqrar elmin mövcud vəziyyətinin real qiymətləndirilməsi istiqamətində lazımi təhlillər aparılmış, dünya təcrübəsi öyrənilmiş, nəzəri-fundamental və tətbiqi-innovativ tədqiqatların optimal strukturunu, orta və uzunmüddətli prioritetlərini və inkişaf perspektivlərini, bunların reallaşdırılması üçün müvafiq elm və təhsil müəssisələrinin əsas vəzifələrini, yeni idarəetmə və koordinasiya sisteminin konturlarını müəyyənləşdirən İnkişaf Konsepsiyası hazırlanmışdır.

Göründüyü kimi, son illərdə Azərbaycan Milli Elmlər Akademiyasında həyata keçirilən əsaslı islahatlar və Aqrar Elmlər Bölməsinin bu islahatlara müvafiq olaraq gördüyü işlər nəticəsində Azərbaycanda aqrar elmin təşkilati strukturunun müasir tələblər səviyyəsində qurulması, aqrar elm sahəsində mövcud olan ciddi pərakəndəliyin aradan qaldırılması istiqamətində mühüm və həlledici hesab edilə biləcək addımlar atılmışdır.

Lakin bütün bunlarla yanaşı, dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş yüksək məqsədlər baxımından kənd təsərrüfatı məhsulları istehsalı, xüsusən də aqrar elm qarşısında hələ görüləsi çox iş vardır.

Hazırda respublikada qeyd edilən istiqamətlərdə fəaliyyət göstərən 11 elmi-tədqiqat institutu, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin strukturuna daxil olan 8, Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində 3 elmi-tədqiqat institutu fəaliyyət göstərir. Ölkədə həmçinin regional aqrar elm və informasiya məsləhət mərkəzləri və elmi-tədqiqat institutlarının 50-dən artıq təcrübə-istehsalat bazası vardır. Naxçıvan Muxtar Respublikasının “Araz” Elm İstehsalat Birliyi öz fəaliyyətini Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi ilə əlaqələndirir. Bunlardan başqa, Azərbaycan Dövlət Aqrar Universiteti, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsi, Naxçıvan Dövlət Universitetinin, digər universitetlərin müvafiq kafedraları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin 2 elmi-tədqiqat institutu aqrar sahə ilə bu və ya digər dərəcədə əlaqədar elmi tədqiqatlar aparırlar.

Son illərdə institutların modernləşdirilməsi ilə bağlı mühüm tədbirlər görülsə də, onların əksəriyyətinin mandatının ölkənin aqrar bölməsinin prioritet istiqamətlərinə uyğunluğuna yenidən baxılmalıdır. Elmi-tədqiqat müəssisələrinin çoxunun maddi-texniki və elmi potensialı zəifdir, binalar, qurğular, maşın və avadanlıqlar müasir tələblərə cavab vermir. İnstitutlar rəqabətqabiliyyətli deyildir, məhsulları, o cümlədən yeni sortlar, cinslər, toxum, ting materialları, texnologiyalar, kadrlar, informasiya dünya standartları səviyyəsindən geridə qalır. Respublikanın mövcud ərazisinin 4,5 milyon hektarını kənd təsərrüfatı təyinatlı torpaqlar təşkil edir. Lakin bu torpaq sahələrinin müxtəlif dərəcədə eroziyaya, şorlaşmaya və şorakətləşməyə uğraması ölkənin aqrar sektorunun inkişafına maneçilik törədən əsas səbəblərdən biridir.

Ölkəyə hələ də bu və ya digər kənd təsərrüfatı məhsulları, o cümlədən prioritet hesab edilən taxıl və taxıl məhsulları idxal edilir. Müxtəlif (o cümlədən, qadağan edilməsinə baxmayaraq, geni dəyişdirilmiş) bitkilərin toxumlarının və digər əkin materiallarının (xüsusən, F1 hibridlərinin toxumlarının) idxalı bir sıra hallarda rəsmi icazə olmadan aparılır. Gətirilən toxum materiallarının əhəmiyyətli bir hissəsinin F1 hibridlərindən ibarət olması fermerləri xarici şirkətlərdən asılı vəziyyətə salır.

Ölkədə heyvandarlığın vəziyyəti nisbətən qənaətbəxş olsa da, burada da xarici qaramal cinslərindən, onların toxum materialından ciddi asılılıq mövcuddur, külli miqdarda heyvan mənşəli qida məhsulları idxal olunur.

Məhsul istehsalının artımında intensiv amillərin rolu qənaətbəxş deyildir. Bu özünü ilk növbədə məhsuldarlığın artımının arzuolunan tempinin əldə edilməməsində, istehsal xərclərinin strukturunda və səviyyəsində göstərir.

Yuxarıda sadalanan problemlərin həlli aqrar elmin vahid mərkəzdən idarə olunmasını, nəzəri-fundamental və innovativ-tətbiqi elmi araşdırmaların (o cümlədən nanotexnologiyalar, molekulyar və gen səviyyələrində) aparılmasını, dəyişən mühitə davamlı, yüksək məhsuldar və keyfiyyətli bitki sortları və heyvan cinslərinin, mütərəqqi becərmə texnologiyalarının yaradılmasını, iqlim, torpaq, su və s. resurslardan istifadənin, eləcə də kənd təsərrüfatı sistemlərinin idarə edilməsinin optimallaşdırılmasının elmi əsaslarının işlənib hazırlanmasını və daim təkmilləşdirilməsini, sistemə daxil olan strukturların modernləşdirilməsini tələb edir.

Bütün dünyada gedən tendensiyaların təhlili göstərir ki, aqrar sahənin elmi təminatının dünya standartları səviyyəsinə çatdırılması istiqamətində islahatlar intensivləşdirilməlidir. Koordinasiya gücləndirilməli, tədqiqat proqramları, elmi mövzular dövrün yüksək tələbləri baxımından ciddi şəkildə seçilməli və onlar adekvat maliyyə resursları ilə təmin edilməlidir. Təkcə dövlət vəsaiti hesabına rəqabət qabiliyyətinə malik kənd təsərrüfatı tədqiqatları sistemi yaratmaq davamsız ola bilər. Problemləri qlobal şəkildə həll etmək üçün aqrar elm, qismən də olsa, kommersiyalaşdırılmalıdır.

Aqrar elmin maddi-texniki və texnoloji bazasının ən müasir və yüksək səviyyədə modernləşdirilməsi, milli, regional və qlobal elmi mərkəzlərin yaradılması zəruridir. İnstitutların strukturunu mobil vəziyyətə gətirmək, işçilərdən yerində istifadə edilməsinə nail olmaq, ixtisasartırmaya və elmi səviyyənin yüksəldilməsinə olan ehtiyacları aşkara çıxararaq ödəmək, yüksək ixtisaslı gənc alimlərin karyera inkişafını stimullaşdırmaq lazımdır.

Bugünkü dünyada mövcud olan texniki tərəqqi və texnoloji imkanlar problemlərə kompleks, innovativ yanaşmaları, onların həlli üçün yeni texniki vasitələrin və texnologiyaların tətbiqini, multidissiplinar tədqiqatları mümkün edir. Məsələn, son 20 ildə dünyada molekulyar biotexnologiya metodlarından istifadə edilməklə çox sayda bitki sort və formaları yaradılmışdır ki, bunlar da dünya əhalisinin ərzaqla təminatında mühüm rol oynayır. Dünya üzrə olduğu kimi, Azərbaycanın aqrar elmində də ən müasir avadanlıqların istifadəsi ilə toxuma kulturası, gen köçürməsi, molekulyar seleksiya, nano-, bio- və informasiya texnologiyalarının tətbiqi üzrə tədqiqatların aparılması imkanları yaradılmalı, sınaqdan çıxmış texnologiyalar Azərbaycana gətirilməli, onlar yerli şərait nəzərə alınmaqla daha da inkişaf etdirilməlidir.

Aqrar elmin qarşısında duran vəzifələrin səmərəli icrası həmçinin yüksək ixtisaslı, müasir biliklərə və dünyagörüşünə yiyələnmiş kadr potensialının yaradılmasından əhəmiyyətli dərəcədə asılıdır. Bununla əlaqədar olaraq ali və orta ixtisas təhsili müəssisələrinin modernləşdirilməsi, təhsilin səviyyəsinin dövrün tələblərinə uyğun artırılması vacibdir. Aqrar təhsil sisteminin təkmilləşdirilməsi və yenidənqurulması, ilk növbədə, bu sahədə mütəxəssislərə olan ehtiyacların strateji baxımdan dəqiq müəyyənləşdirilməsindən başlanmalıdır. Mövcud tədris-təlim proqramları müasir elmi-nəzəri və təcrübi əsaslarla (o cümlədən, xaricdə təhsillə bağlı) yenidən işlənib hazırlanmalıdır. Azərbaycan Dövlət Aqrar Universiteti ölkədə kənd təsərrüfatı sahəsində bakalavr və magistr dərəcəli kadrlar hazırlayan ixtisaslaşmış ali təhsil müəssisəsidir. Burada ixtisas sahələri, tədris edilən fənlər kənd təsərrüfatı və onun digər sahələri və regional ixtisaslaşmanın ehtiyacları ilə uyğunlaşdırılmalı, biotexnologiya, qida mühəndisliyi və informasiya texnologiyalarının tədrisinə diqqət artırılmalıdır.

Mövcud mütəxəssislərin peşə hazırlığının artırılması da daim diqqət mərkəzində olmalıdır. Bunun üçün qısamüddətli yerli və beynəlxalq kurslar kifayət deyildir. Ona görə də fermer təsərrüfatlarından tutmuş dövlət qulluğuna qədər müasir standartlara cavab verən məqsədli təlim proqramlarının təşkil olunması və aqrar sahədə çalışan mütəxəssislərin yenidən hazırlanmasında ardıcıllıq zəruridir. Yeni tədqiqat, tətbiq və yayım üzrə açıq və qeyri-mərkəzləşdirilmiş sistemin qurulması hazırlıqlı kadrlar, müasir bilik və vərdişlər, tədqiqata yeni baxış tələb edir. Öz növbəsində bu, sistemə yeni təfəkkür tərzinə malik gənc kadrların cəlb edilməsini təxirəsalınmaz zərurətə çevirir. Hazırda müasir fundamental və tətbiqi tədqiqatların konkret sahələri, layihə idarəetməsi, kompüter texnologiyaları, xarici dillər istiqamətlərində ən müasir elmi biliklərə malik kadrlara xüsusilə kəskin ehtiyac duyulmaqdadır.

Təhsilin səviyyəsinin dünya standartlarına çatdırılması üçün beynəlxalq əməkdaşlığın, müəllim, tələbə, tədris proqramları və təcrübə mübadiləsinin çox böyük səmərəsi ola bilər. Kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılmasında ən mühüm amil kimi elm və təhsilin inteqrasiyasına nail olunması, müasir elm və tədris-təcrübə sisteminin yaradılması ən vacib məqsədlərdən olmalıdır. Bunun üçün Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Bakı Dövlət Universiteti və Sahibkarlar Təşkilatlarının Milli Konfederasiyası tərəfindən birlikdə xüsusi proqramların hazırlanması və həyata keçirilməsi məqsədəmüvafiq olardı.

Dünyanın əksər inkişaf etmiş ölkələrində “elm-istehsalat-tədris” və yaxud “elm-tədris-təcrübə mərkəzləri” (elm holdinqləri) modelləri təcrübəsi mövcuddur. Azərbaycanda da belə modellərdən istifadə edilməsi üçün real imkan və şəraitlər vardır, onları böyük vəsait sərf etmədən reallaşdırmaq olar. Yüksək peşəkar kadrlar hazırlamaq məqsədilə mövcud elmi-tədqiqat institutlarının gücündən, müvafiq bölgələrdə yerləşən təcrübə bazalarından istifadə edilməlidir. Bu, təhsil müəssisələri ilə elmi idarələrin funksional baxımdan yaxınlaşaraq birgə fəaliyyət göstərməsinə və yeni Elm-Tədris-Təcrübə Mərkəzləri sisteminin yaradılmasına imkan verə bilər. Təhsillə aqrar elmin inteqrasiyası sahəsində Azərbaycan Milli Elmlər Akademiyasında artıq bir sıra ciddi addımlar atılmışdır. Burada Aqrar Elmlər Bölməsi tərəfindən həyata keçirilən layihələr çərçivəsində Genetik Ehtiyatlar İnstitutunda Bakı Dövlət Universitetinin bir kafedrasının filialı və Azərbaycan Dövlət Aqrar Universitetinin baza kafedrası yaradılmış, kadr hazırlığı və birgə tədqiqatları nəzərdə tutan əməkdaşlıq sazişləri imzalanmışdır. İlk dəfə olaraq magistraturaya seleksiya ixtisası üzrə 2 nəfər gənc qəbul edilmişdir. Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Naxçıvan Dövlət Universiteti arasında elm və təhsilin inteqrasiyasının gücləndirilməsi ilə bağlı qarşılıqlı əməkdaşlıq barədə anlaşma memorandumları imzalanmışdır. Daha bir müqavilə Torpaqşünaslıq və Aqrokimya İnstitutu nəzdində Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Elm və tədris mərkəzinin yaradılması haqqında olmuşdur. Bu sahələrdə fəaliyyətlərin daha da intensivləşdirilməsi nəzərdə tutulur. Azərbaycan Milli Elmlər Akademiyasının Aqrar Elmlər Bölməsində son dövrlərdə tətbiqi-innovativ fəaliyyətlərə də ciddi diqqət verilir. Belə ki, aqrar sektorda inkişafa elmi əsasda dəstək məqsədilə hazırda akademiyanın istifadəsində olan əkinə yararlı, kənd təsərrüfatı təyinatlı torpaqlarda Azərbaycan Milli Elmlər Akademiyasının Təcrübə Sənaye Zavodunun bazasında istehsal olunmuş “Azofos” azotlu-fosforlu mineral gübrəsinin və yeni yaradılmış ekoloji təmiz üzvi gübrələrin sınaqdan keçirilməsi məqsədilə akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri, Mikrobiologiya, Botanika, Torpaqşünaslıq və Aqrokimya, Genetik Ehtiyatlar, Eroziya və Suvarma institutlarının iştirakı ilə səyyar tədqiqat işçi qrupu yaradılmış, sınaqlar həyata keçirilmiş və yüksək nəticələr əldə olunmuşdur. Əhalinin ərzaqla etibarlı təminatına yönələn dövlət siyasətinin nəticəsi olaraq Azərbaycan Milli Elmlər Akademiyasının respublikanın müxtəlif bölgələrində yerləşən dayaq məntəqələri ərazisində yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları yetişdirilir. Buna bir nümunə olaraq qeyd etmək yerinə düşər ki, Kürdəmir rayonu ərazisində 50 hektar sahədə yüksək keyfiyyətli buğda becərilmişdir. Həmçinin əldə olunan məhsul Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin Dövlət Taxıl Fonduna təhvil verilmişdir.

2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aprel ayının 4-dən oktyabrın ayının 10-dək Qəbələ rayonunda “Tarla günləri” açıq hava sərgisi keçirilir. Sərgidə iştirak etmək üçün dövlət qurumları, aqrar sektorda fəaliyyət göstərən şirkətlər, toxumçuluq təsərrüfatları ilə bərabər Azərbaycan Milli Elmlər Akademiyasına da 0,40 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya, Genetik Ehtiyatlar, Eroziya və Suvarma və akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri institutları bu sərgidə iştirak edirlər və ayrılmış sahənin 0,30 hektarında ekoloji kənd təsərrüfatı üsulları ilə, 0,10 hektarında isə “Azofos” azotlu-fosforlu gübrəsinin tətbiqi ilə nümunəvi təsərrüfat-istehsalat işlərinin yerinə yetirilməsi təmin olunur.

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsinin nəzdində fəaliyyət göstərən “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksi tərəfindən respublikanın müxtəlif regionlarında yerləşməklə Azərbaycan Milli Elmlər Akademiyasının istifadəsində olan torpaq sahələrində nümunəvi təsərrüfat istehsalat layihələri həyata keçirilir. Görülən işlərin mütəşəkkil və kompleks formada həyata keçirilməsi məqsədilə bu təsərrüfatın bazasında aqrobiznes sektorunun bütün sahələri əhatə edəcək müasir Aqroparkın yaradılması planlaşdırılır. “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli fərmanının 6.3-cü bəndinin icrasına uyğun olaraq aqrar sahədə “Elektron kənd təsərrüfatı” İnformasiya Sisteminin təşkili, fəaliyyəti və bu sistemin digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası məsələlərinin tənzimlənməsi məqsədilə Nazirlər Kabinetinin 30 dekabr 2014-cü il tarixli 408 nömrəli qərarı ilə “Elektron kənd təsərrüfatı” İnformasiya Sistemindən istifadə Qaydaları” təsdiq edilmişdir. Hazırda dövlət ehtiyatlarının iqtisadi qiymətləndirilməsi və onlardan istifadənin uçotunun əsasını təşkil edən torpaq və digər kadastr növlərinin yaradılması və aparılması problemi öz aktuallığı ilə seçilir. Məlumdur ki, bu qəbildən olan işlərin yerinə yetirilməsində coğrafi informasiya texnologiyalarından, ərazilərin vəziyyətinin qiymətləndirilməsində peyk texnologiyaları, lazer skanlaşdırma və rəqəmli metodlardan istifadəyə əsaslanan məsafədən zondlamanın tətbiqi ən yaxşı vəsaitlərdəndir.

Mövcud tədqiqat sisteminin ən zəif tərəflərindən biri informasiya idarəetmə sisteminin tələb olunan səviyyədə mövcud olmamasıdır. Sistemin qurulmasında Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun elmi potensialından bu sahədə istifadə edilməsinin təmin olunması qarşımızda duran prioritet məsələlərdəndir. Məsələlərin qoyuluşundan göründüyü kimi, müasir çağırışların cavablandırılması yalnız müxtəlif elm sahələrinin qovşağında aparılan fundamental-tətbiqi, multidissiplinar elmi tədqiqatların nəticəsində mümkündür. Bu problemin aradan qaldırılması üçün aşağıdakı zəruri tədbirlər kompleksi həyata keçirilməlidir:

  1. aqrar sahədə informasiyanın toplanması və təhlilinin vahid standartları yaradılmalıdır;
  2. informasiyanın toplanması və təhlili mexanizmi işlənilməli, proqram təminatı inkişaf etdirilməli və heyətin təlimi təşkil edilməlidir;
  3. bütünlükdə informasiya mübadiləsinin sürətləndirilməsi, ona çıxışın asanlaşdırılması və şəffaflığın təmin olunması yaradılmalıdır.

Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti telekommunikasiya və coğrafi informasiya sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir ki, bundan da aqrar sektorda, xüsusilə yüksək dəqiqlikli əkinçilikdə geniş tətbiq oluna bilər. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına dair 27 yanvar 2015-ci il tarixində təşkil edilmiş toplantıda ölkə başçısı cənab İlham Əliyevin verdiyi aidiyyəti tapşırıqlara müvafiq olaraq “Azərkosmos Azersky” peykindən istifadə edərək bu sahəyə öz töhfəsini vermək, yeni imkanlar və inkişaf perspektivləri yaratmaq hədəfini qarşıya qoymuşdur. Bu baxımdan aqrar sahənin inkişafında baş verən cari dəyişikliklərin müntəzəm vizual nəzarətdə saxlanılması və yüksək dəqiqlikli əkinçilik sisteminin yaradılması məqsədilə kosmik sistemlərdən istifadə edilməklə monitorinqin aparılması imkanlarından yararlanmaq vacibdir.

Yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə bir qənaətə gəlmək olar ki, ölkə Prezidenti İlham Əliyevin ölkədə aqrar sahənin inkişafı ilə bağlı verdiyi fərman və sərəncamların icrasına müvafiq olaraq, respublikada əkinçilik mədəniyyətinin və kənd təsərrüfatı istehsalının yüksəldilməsi, üzvi və mineral gübrə istehsalının və tətbiqinin genişləndirilməsi, suvarma və meliorasiya tədbirlərinin həcminin artırılması, bitkiçilik və heyvandarlıq sahəsində yeni sort və cinslərin yaradılması üzrə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan institutların və digər aqraryönümlü sahə institutlarının elmi potensialından səmərəli istifadə etməklə əsaslı tədbirlər sistemi aşağıda göstərilən istiqamətlərə müvafiq olaraq bundan sonra sistemli şəkildə təkmilləşdirilməklə onların modernləşdirilməsinə yönəldilmiş islahatlar daha da intensivləşdiriləcəkdir:

  • aqrar elmin müasir idarəetmə və əlaqələndirmə strukturunun sahənin tələbləri səviyyəsində qurulması və inkişafı;
  • nəzəri-fundamental və innovativ-tətbiqi tədqiqatların ən müasir dünya səviyyəsinə qaldırılması;
  • aqrar elmin innovasiya potensialının səmərəli reallaşdırılması;
  • ekoloji təmiz kənd təsərrüfatının yayılması və inkişafı;
  • fundamental və tətbiqi tədqiqatların həyata keçirilməsi sahəsində AMEA-nın əlaqələndirici rolu;
  • ehtiyatların (torpaq, su və s.) optimal idarəedilməsi sisteminin yaradılması,
  • ekspert şəbəkə və sistemlərinin, “Elektron kənd təsərrüfatı” sisteminin yaradılması və intensiv fəaliyyətinin stimullaşdırılması;
  • aqrar sahənin prioritet istiqamətlərində elm və texnologiyaların inkişafının proqnozlaşdırılmaları;
  • aqrar elmin dövlət əmlakından istifadəsinin effektivliyinin artırılması;
  • aqrar elmin maddi-texniki və sosial bazasının, elmi və texniki kadr potensialının intensiv inkişafı;
  • aqrar elmin hüquqi statusunun yüksəldilməsi və sosial nüfuzunun təmin olunması;
  • aqrar elmin maliyyələşdirilmə mexanizmlərinin optimallaşdırılması, dünya səviyyəsində tədqiqatlarının prioritet istiqamətləri üzrə baza, proqram-məqsədli və müsabiqəli maliyyələşdirmənin optimal nisbətinə nail olunması.

Bütün bunlar məqsədyönlü həyata keçirildikcə aqrar elm ən qısa zamanda özünü tam təmin edən və ərzaq təhlükəsizliyinə real töhfələr verən bütöv bir sistemə, orqanizmə çevriləcəkdir.

Xarici keçidlər

redaktə