Kadru və Vinatanın mübahisəsi

Nağıllar. Kadru və Vinatanın mübahisəsi
Müəllif: Şifahi xalq ədəbiyyatı


Kadru ilə Vinata bacıydılar. Ataları məxluqatın hökmdarı Dakşaydı. Dakşa onları digər on bir bacılarıyla birlikdə Mariçinin oğlu Kaşyapaya ərə verdi. Kaşyapa arvadlarından razıydı, Kadru ilə Vinataya təklif elədi ki, özlərinə ürəkləri istəyən nəsli seçsinlər. Kadru min oğul istədi, Vinata isə mərdliklərinə və qoçaqlıqlarına görə bacısının min oğlunun öhdəsindən gəlməyə qadir iki oğul istədi.

Günlər keçdi, aylar ötdü, vədəsinin tamamında Kadru min, Vinata isə iki yumurta yumurtladı. Beş yüz ildən sonra Kadrunun yumurtasından işıqlı dünyaya hələ heç nə gəlməmişdi. Vinatanın ürəyi dözmədi, yumurtanın birini sındırdı və yumurtada tam inkişaf etməmiş bir oğlan gördü. Ana oğluna Aruna adını qoydu. Eybəcərliyinin günahını anasının səbirsizliyində görən Aruna qəzəblənib ona lənətlər yağdırdı və gələcəkdə onun beş yüz il qul olacağını xəbər verdi. Amma beş yüz ildən sonra ikinci oğlun səni qulluqdan azad edəcək. Gərək o vaxta kimi səbrini basasan və ikinci yumurtanı da vaxtından əvvəl qırmayasan.

Elə bu zaman asurlar və tanrılar okeanı çalxalayırdılar. Bir gün bacılar dəniz dalğalarından çıxan ecazkar bir at gördülər. Sözləri çəp gəldi: Vinata dedi ki, atın quyruğu ağ rəngdədi. Kadru isə dedi ki, yox, qara rəngdədi. Kadru ilə Vinata mərcləşdilər və qərara gəldilər ki, sabah gedib quyruğu öz gözləriylə görsünlər. Uduzan udanın qulu olmalıydı. Razılığa gəlib ayrıldılar. Sonra Kadru hiyləyə əl atdı, özünün min oğlunu, min qara ilanı göndərdi ki, onlar gedib ağ atın quyruğundan asılsınlar və quyruq qara rəngə çalsın.

Ertəsi gün bir-birinin əlindən zəncir gəmirən bacılar okeanın üstündən uçub ata yaxınlaşdılar, baxıb gördülər ki, atın quyruğu qara tüklərlə örtülübdü. Əslində isə bunlar Kadrunun ilan uşaqlarıydı. Vinatanın heç nədən xəbəri yoxuydu. Kələkbaz Kadru doğma bacısını beləcə aldatdı və özünə qul elədi.