Kam almaz
Müəllif: Qara Kərim

  
Selav kənarında yatan şad olmaz,
Bədəsilə həmdəm olan kam almaz.
Şüşədən çəksələr əsil cam olmaz,
Əsil cam da sınsa, hələ zay olmaz!

Ulduz şölə saçmaz çıxsa ayınan,
Gədəçədən heç bəy olmaz çayınan,
Qonşulardan gələn cam-cam payınan,
Yəqin bil ki, heç kimsənə bay olmaz!

Kərim deyər yaxşı nədən tanını,
Var qurtarar eyiblinin canını.
Qursalar meydanda haqq divanını
Kök öküzlər arığ ata tay olmaz!