Keçdi (Şair Əbdüləzim)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Keçdi (Şair Əbdüləzim)
Müəllif: Şair Əbdüləzim
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.

Nagah badi-siyah əsdi üzümə,
Qaraldı könlümün çırası keçdi.
Çarxı-fələk bir od atdı sinəmə,
Sağalmaz məhşərə yarası, keçdi.

Gecələr sübhədək yatmıram yerdə,
Fəğanım ucalır pərdəbəpərdə.
Yazıq canım düşüb belə bir dərdə,
Bulunmaz dərmanı, çarası keçdi.

Üstümüzə qəm binası qoyuldu,
Təzələndi, köhnə yaram, soyuldu.
Ürəyim dəlindi, bağrım oyuldu,
Xəyalımla işin harası keçdi!?

Mən sana neylədim, söyləsən, bilək,
Açırsan başıma gündə min kələk.
Sübut eylə görüm, ay çarxı-fələk,
Denən, xoş gününün burası keçdi.

Əbdüləzim nəyə baxsın, öyünsün,
Məhşərədək qəmdən libas geyinsin.
Daha yadlar desin, gülsün, söyünsün,
Bizim deyib-gülmək sırası keçdi.