Keçdi (Şair Məmmədhüseyn)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Keçdi (Şair Məmmədhüseyn)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Sərçeşmə başında bir şux nazənin,
Əlində bir dəstə gül gəldi keçdi.
Soyuq bir vəlvələ saldı canıma,
Sandım qarşı dağdan yel gəldi keçdi.

Dedim: – Bir cam su ver, qoyma ki, yanam,
Dedi: – Uzaqda dur, şəklənər anam.
Dedim: – Tərpənməyə yoxdu tavanam,
Cavab qaytarınca il gəldi keçdi.

Dedim: – Bu xəlvətdə gəl qəmzə satma!
Dedi: – Məmmədhüseyn, sözü uzatma!
Dedim: – Xətəngini sinəmə atma!
Atdı, qan eylədi, sel gəldi keçdi.