Keçdi (Ağdabanlı şair Qurban)

Keçdi
Müəllif: Ağdabanlı şair Qurban
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.51-52

 
Gördüm mələklər xasını,
Bir sona sallandı, keçdi.
Baxdım günəş camalına,
Ürək alovlandı, keçdi.
 
Gah güldüm, gah da ağladım,
Sinəmi çarpaz dağladım.
Yalvarıb, ümid bağladım,
Qalxıb ucalandı keçdi.
 
Dolandım solu-sağına,
Üzüm sürtdüm ayağına.
Dedim: - bax sinəm dağına,
Baxmadı, adlandı keçdi.
 
Ərz etdim, ərzim almadı,
Didəmin yaşın silmədi.
Söylədim, dərdim bilmədi,
Acıqlı yollandı, keçdi.
 
Xəlq olub insan təhrində,
Bir qulam yarın qəhrində.
Qərq oldum qəmin bəhrində,
Bir müddət dolandı, keçdi.
 
Qurban, səndə laf olarmı?
Qəlbi xain saf olarmı?
Gözəldə insaf olarmı?
Səlbi sığallandı, keçdi.