Keçibdi
Müəllif: Aşıq Alı

Dağlar sinəsindən, yaylaq yolundan,
Neçə-neçə pasibanlar keçibdi.
Arxada ləşkəri, başında əyan,
Neçə sultan, neçə xanlar keçibdi.

Ən uca zirvədi dağların başı,
Heç kəs aparmadı zəri, daş-qaşı.
Gələnin, gedənin neçədi yaşı,
Neçə illər, nə zamanlar keçibdi.

Çox fatehlər burdan salıb izini,
İsgəndərdən bəri sayım yüzünü.
Çox aqillər burda deyib sözünü,
Nə cah-calal, nə insanlar keçibdi.

Məğribdən məşriqə höküm verənlər,
Gəldi-getdi Merac evin görənlər.
Neçə həbibullah, neçə ərənlər,
Neçə-neçə Süleymanlar keçibdi.

Səhərin sübhündə səba yelində,
Niqabı üzündə, yaqut telində,
Köhlən at döşündə, naqan belində,
Bəyaz buxaq necə canlar keçibdi.

Loğman köçdü ehtiyacı dərmanda,
Ər oğlu ər gördüm başı fərmanda.
Cəng eylədi səri qaldı meydanda,
Dadi-fəryad, ah-amanlar keçibdi.

Açıldı neçəsi, soldu neçəsi,
Boşaldı neçəsi, doldu neçəsi,
Qan eylədi qanlı qaldı neçəsi,
Alınmamış neçə qanlar keçibdi.

Şamınan köçəni səhər görmüşəm,
Neçə zülüm, neçə qəhər görmüşəm,
Neçə diyar, neçə şəhər görmüşəm,
Aşıq Alı biyabanlar keçibdi.