Keçibdir
Keçibdir Müəllif: Aşıq Valeh |
Mənbə: "Aşıq Valeh (1729 - 1822)" (az.). shahbulaq.az. 11.02.2013. İstifadə tarixi: 2015-04-22. |
Sambur çayı, qəmli-qəmli axırsan,
Üzərindən nə dövranlar keçibdir.
Külli Dağıstanın seyrangahısan,
Tufan qopub, nə boranlar keçibdir.
Nuh tufanı yatıb, sən yaranmısan,
Neçə qərinələr yola salmısan.
Süleymanlar görüb, hələ qalmısan.
Dəyişilib nə əyyamlar keçibdir.
Həsrət qoyma, ay çay, bizi beş günə,
Barı kəmənd atma ömrüm köşkünə!
Adı bəlli, böyük haqqın eşqinə,
Valeh kimi neçə canlar keçibdir.