Kiçik sərsəri
Kiçik sərsəri Müəllif: Hüseyn Cavid |
Uyuyur... caməxabı toz, torpaq;
Nə bir ümmidi var, nə kimsəsi var.
O bir öksüz, o bir soluq yarpaq;
Nə də məhzun köküs keçirməsi var.
Ona yoldan keçənlərin ürəyi
Daş kəsilmiş də yasdıq olmuşdur.
Yox onun imdi kimsədən diləyi;
Uyuyur... binəva yorulmuşdur.
Günəşin qızğın, odlu zərbəsinə
Hədəf olmuş vücudu; həm də əlil...
Bir kiçik qülbə yox ki, kölgəsinə
İltica eyləsin zavallı səfil!
Zülmü fisqin, cinayətin yolunu
Sədd üçün həbsxanalar yapılır.
İmdi məsum ikən, səfalət onu
Mücrim elan edər, yarın asılır.
Haqqa varmaq, pərəstiş etmək üçün
Ucalır bir tərəfdə məbədlər.
Daş, çamur, haqq rizası namümkün...
Aldanır, aldanır zavallı bəşər.