Rəvayətlər. Kişi və ilan
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir kişi özünə dolanışıq yeri axtarırmış. Bir qoca deyir:

– Gəl mənim bağrımda bağbanlıq elə, dolan.

Kişi, qocanın bağında bağbanlıq eləməyə başlayır. Bir gün pencəyini çıxardıb atır otun üstünə, gedir ağacların dibini belləməyə. İşini qurtarıb, pencəyini götürəndə görür pencəyin altında iki dənə ilan var. İlanlar qaçır. Kişi görür ilanlar yatan yerdə bir ləl var. Ləli götürüb gəlir evə.

Bir gün kişinin əvəzinə oğlu gedir bağda işləməyə. Oğlan da pencəyini çıxardıb atır otun üstünə. İşini qurtarıb pencəyi götürəndə görür iki ilan var. İlanın birini vurub yaralayır. İlanlar qaçır. Bir gün kişi oğluna toy eləyir. Qoca gəlib deyir:

– Gəlinin gərdəyinə girəndə oğlunu ilan çalacaq.

Toy qurtarır, oğlan girir gəlinin gərdəyinə. Bir az keçməmiş görür eşikdən səs gəlir. Tez çıxır eşiyə, görür cır-cındırın içində bir arvaddır. Arvad deyir:

– Qardaş, uşaqlarım acından qırılır. Mənə əl tut.

Oğlan çıxardır arvada xeyli pul verir, qayıdır gəlinin yanına. Səhər kişi oğlunu sağ-salamat görüb sevinir, qaçır qocanın üstünə, deyir:

– A kişi, bəs sən deyirdin oğlunu ilan çalacaq?

Qoca gəlir təzəbəylə gəlin yatan döşəyi qaldırıb kişiyə deyir:

– Bax.

Kişi baxır ki, döşəyin altında bir ilan yatıb. Qoca ilana deyir:

– Ey Allahın heyvanı, oğlanı niyə çalmadın?

İlan deyir:

– Oğlan bu gecə elə savab iş tutdu ki, günahından keçdim.

Mənbə

redaktə