Kişilər
Müəllif: Əli Nəzmi

Biz almışıq arvad, alaq çəkməyə,
Almamışıq zülfə daraq çəkməyə.

Biz almışıq: arvad ola cariyə,
Almamışıq: xanım olub yariyə.

Biz almışıq övrəti iş görməyə,
Almamışıq, gündə saçın hörməyə.

Biz almışıq qayınana saxlasın,
Almamışıq, gecə-gündüz yuxlasın.

Biz almışıq övrəti əppək yapa,
Almamışıq, düzməyə mıncıq sapa.

Biz almışıq saqqala rəng yaxmağa,
Almamışıq, qızıl, şəvə taxmağa.

Biz almışıq övrəti ev saxlaya,
Almamışıq, hey gəzə sarsaqlaya.

Biz almışıq yırtıq-yamaq sağlaya,
Almamışıq, ağlaşmada ağlaya.

Biz almışıq arvadı duz əzməyə,
Almamışıq, gündə gedə gəzməyə.

Biz almışıq qulluq edə quş kimi,
Almamışıq, bannıya bayquş kimi.

Biz almışıq övrəti oğlan doğa,
Almamışıq, qız doğa bərbadlığa.

Biz almışıq, başmaqları cütdəsin,
Almamışıq, hey özünü bitdəsin.

Biz almışıq, tək oturub gözləsin,
Almamışıq, xala-mama cəmləsin.

Biz almışıq, nehrəmizi çalxasın,
Almamışıq uşaqları qarğasın.

Biz almışıq, gül bəzəsin güldana,
Almamışıq baldıza donquldana.

Biz almışıq övrəti gülsün, desin,
Almamışıq, it kimi zingildəsin.

Biz almışıq övrəti bozbaş yesin,
Almamışıq, gündə qazan aş yesin.

Biz almışıq övrəti can-baş desin,
Almamışıq, hey bizə külbaş desin.

Biz arvad aldıq ki, olaq bir kişi,
Almamışıq pis bişirə bişmişi.

Biz almışıq övrət, olaq bəxtəvər,
Almamışıq gündə çəkək dərdsər.

Biz almışıq övrət ola doğrusu,
Almamışıq, olsun evin oğrusu...