Kim ki, sevdayi-səri-zülfu-pərişanə düşər
Kim ki, sevdayi-səri-zülfu-pərişanə düşər Müəllif: Molla Pənah Vaqif |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Kim ki, sevdayi-səri-zülfu-pərişanə düşər,
Gah zindanə, gəhi çahi-zənəxdanə düşər.
Afəti-dəhr deyər ol kəsə kim, kamildir,
Mah hər gün ki, kəmalə yetə, nöqsanə düşər.
Mərd igidlər özünə məhbəsi meydan bilir,
Sanma kim, nakəsü namərd bu meydanə düşər.
Eybdən saf çıxar, pakü mübərra görünür,
Hər tila kim, küreyi-atəşi-suzanə düşər.
Piçü tabə düşənin işi, bəli, üzdə olur,
Zülf bu vəchlə rüxsareyi-tabanə düşər.
Hər yaman yer ki, olur — yaxşıların mənzilidir,
Ləl daş içrə, xəzinə dəxi viranə düşər.
Şəmi-qəm şadlıq əyyamına xoş ziyvərdir,
Necə kim, xali-siyəh arizi-cananə düşər.
Ey Vidadi, qəmi-zindanə giriftar olmaq,
Bir sənə, bir mənə, bir Yusifi-Kənanə düşər.
Eşqə düşmək sənə düşməz, qocalıbsan belə dur,
Belə işlər yenə Vaqif kimi oğlanə düşər.