Kim nə deyər bizdə olan qeyrətə?!
Kim nə deyər bizdə olan qeyrətə?! Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 244-245. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Kim nə deyər bizdə olan qeyrətə?!
Qeyrətimiz bəlli bütün millətə!…
Biz qoca qafqazlı igid ərlərik,
Cümlə hünərdmərdlərik, nərlərik,
İş görəcək yerdə, söz əzbərlərik,
Aşiqik ancaq quru, boş söhbətə,
Kim nə deyər bizdə olan qeyrətə?!
Çırmanarıq keçməyə çay gəlməmiş,
Başlayırıq qızmağa yay gəlməmiş,
Söz veririk indi — bir ay gəlməmiş,
Asta qaçıb dürtülərik xəlvətə,
Kim nə deyər bizdə olan qeyrətə?!
Cümlə cahan yatsa da, biz yatmarıq,
Qeyrətü-milliyyəmizi atmarıq,
Əhlimizi başqalarına satmarıq,
Bir quruşa, bir pula, ya bir çetə!
Kim nə deyər bizdə olan qeyrətə?!
Bizdə görünməz nə fəsadü nifaq,
İşləmədə bir-birimizden qoçaq,
Bax, budur islamı gətirrik qabaq;
Boyləcə xidmət olunur millətə,
Kim nə deyər bizdə olan qeyrətə?!
Bir işə min hummətimiz var bizim!
Bax, necə cəmiyyətimiz var bizim!
Bundan gözəl niyyətimiz var bizim!
Ay bərəkallah, bu gözəl niyyətə!
Kim nə deyər bizdə olan qeyrətə?!
Hansı məkatib ki, onu açmadıq?
Hansı sənaye ki, para saçmadıq?
Verdiyimiz sözdən uzaq qaçmadıq;
İşlərimiz mindi bütün surətə!..
Kim nə deyər bizdə olan qeyrətə?!
Bax, neçə darüləcəz, dari-elm!
Bir neçə məktəb, neçə asari elm!..
Bizlərik, əlbəttə, xəridari-elm!
Çatmışıq ondandı belə hörmətə!..
Kim nə deyər bizdə olan qeyrətə?!
Bizdə nə fəhlə tapılar, nə gəda,
Bizdə nə sail və nə bir binəva,
Bəxtəvər övladımıza mərhəba!
Baş aparıb hər biri bir sənətə!..
Kim nə deyər bizdə olan qeyrətə?!
Etmişik ifa atalıq mehrini,
Çəkmişik övladımızın fikrini,
Ömrümüz olsa görərik bəhrini,
Onda ki, onlar uyacaq sirqətə,
Həbsdə məşğul olacaq işrətə,
Fəxr edərik biz də bütün millətə!
Kim nə deyər bizdə olan qeyrətə?!
Ay bərəkallah, bu gözəl niyyətə!..