Kimdədi
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Nə ucadı, nə alçaqdı,bu məqamlar kimdədi,
Gözəl işlər, gözəl peşə, böyük namlar kimdədi.
Pul oduna ömür verən, nə qazanar dünyada!
Haqq atəşi, üzün nuru, dolu camlar kimdədi.
 
Vari-dövlət qızıl-gümüş, ləlü-kövhər nə şeydi,
Nədi söylə kişi işi, bu dünyada nə yeydi,
Qara saçı nə ağartdı, əlif qəddi nə əydi,
Ağır məclis şirin söhbət, qara damlar kimdədi.
 
Mərd dediyin neçə kəsdi, işi-gücü yoxdumu,
El içində yeri-yurdu, varı-yoxu çoxdumu,
Mala-pula meyl eyləmir, harda qurub taxtını,
Aşıq Heydər sual eylər, şirin dəmlər kimdədi.