Kimi (Aşıq Abdulla Dərələyəzli)

Kimi
Müəllif: Aşıq Abdulla Dərələyəzli
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.96; ISBN 978-9952-571-42-4

Yellənirsən elə-belə, mollanın əbası kimi,
Cibin elə genişdi ki, tiyançı torbası kimi.
Adın bəllidi hamıya, kəndin ən qabası kimi,
Od tutubsan, ataşdasan sən Allaha ası kimi.

İşin nədi, gücün nədi, ona-buna tənə demək,
Səninki iş görmək deyil, tərpətməkdi çənə, demək.
Zəhərli sözlərin birbaş şamil olub mənə, demək?
Qolun uzundu, ay aşıq, çobanın yabası kimi.

Sənə bir gəliş gələrəm, yanılarsan öz yolunu,
Azıb qalarsan dərədə, tapammazsan öz yolunu,
Ağlın azıb havalısan, gedəmmirsən düz yolunu,
Abdulla yandırar səni, qışın sərt havası kimi.