Kimidir (Novrəs İman)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Kimidir Müəllif: Növrəs İman |
müxəmməs Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 160-161 |
Təzə bir cavan görmüşəm,
Hüsndə insan kimidir;
Bu, gözəllik oxşarından
Huriü qılman kimidir;
Ləyaqəti, şəbahəti
Mehri-dirəxşan kimidir;
Xoş ləhcəsi, şirin sözü
Ləli-Bədəxşan kimidir;
Dillərdə vəsfi söylənən
Yusifi-Kənan kimidir.
Mən gəzmişəm Qafqazyanı,
Onun kimi gözəl hanı!?
Məhbubluqda yoxdur tayı,
Tək yaradıb kərəmkanı;
Xəlq eləyib bir ilahi
Yer üzünün Süleymanı.
Hərdəm dolanıb nazınan
Gələndə, nazənin canı
On dörd gecəlik bərq verən
Ol mahi-taban kimidir.
Əlif qəddin, qələm qaşın
Üstündən ayna qabağı;
Şəhla gözün, narın üzün
Xub yaraşır gül yanağı;
Qulac qolun, nazik belin
Sədr üstdən büllur buxaqı;
Zənəxdanın yaraşığı
Lalə tək əhmər dodağı;
Bir-birindən gözəlliyi
Şövkəti-Rizvan kimidir.
İsmindən həya qılıram,
Aşkar demədim məbada;
Dağlıq Qarabağdı eli,
Özüdür bir mollazada.
Görəndə günəş camalın,
Dərd olur həddən ziyada
Mən ki pərişanhal olub,
Qəmli dolanan dünyada;
Onun da bir məhəbbəti
Bu Novrəs İman kimidir.