Kimsədə rüxsarına taqəti-nəzzarə yox

Kimsədə rüxsarına taqəti-nəzzarə yox
Müəllif: Məhəmməd Füzuli


Kimsədə rüxsarına taqəti-nəzzarə yox,
Aşiqi öldürdü şövq, bir nəzərə çarə yox.

Bağrı bütünlər mənə tənə edərlər müdam,
Halımı şərh etməyə bir ciyəri parə yox.

Yığdı mənim başıma dəhr qəmin, neyləsin,
Badieyi-eşqdə mən kimi avarə yox.

Dəhrdə həmta sənə var, yeri yox, gər desəm -
Var gözəl çox, vəli, sən kimi xunxarə yox.

Gözdə gəzib cizginir qətreyi-əşkim müdam,
Qətreyi-əşkim kimi çərxdə səyyarə yox.

Çak görüb köksümü qılma ilacım, təbib,
Zaye olur mərhəmin, məndə bitər yarə yox.

Zarlığım eşqdən var, Füzuli, vəli,
Ol məhi-bimehrdən rəhm məni-zarə yox.