Kirpi
Müəllif: Qriqori Qorin (1940-2000)
Tərcümə edən: Firuzə Nəsibli
Ruscadan tərcümə


Atanın qırx yaşı, Slavikin isə on yaşı var idi, kirpi isə hələ balaca idi.

Slavik kirpini papağının içinə qoyub divana tərəf qaçdı. Atası divanda uza­nıb­ böyük əhvali-ruhiyyə ilə istirahət edirdi, qəzet oxuyurdu. Slavik qışqırdı:

– Ata, bax!

Ata qəzeti kənara qoydu və kirpiyə baxdı. Kirpi fındıqburun və sevimli idi. Bir də ki, ata oğlunun heyvanlara olan sevgisindən həvəslənmişdi. Bundan başqa, ata özü də heyvanları sevirdi.

– Qəşəng kirpidir! – ata dedi, – sevimlidir! Haradan çıxdı bu?

– Bunu mənə bir oğlan həyətdə verdi, – Slavik cavab verdi.

– Deməli, hədiyyə eləyib? – ata dəqiqləşdirdi.

– Yox, biz bir-birimizlə dəyişmişik, – Slavik dedi, – O, mənə kirpini verdi, mən də ona bileti.

– Nə bilet?

– Lotereya bileti, – Slavik cavab verdi və kirpini döşəmənin üstünə qoydu, – ata, ona süd vermək lazımdır….

– Nə süd? – ata ciddi şəkildə dedi. – Lotereya bileti səndə haradan idi?

– Mən onu almışdım, – Slavik dedi.

– Kimdən?

– Küçədə bir dayı satırdı, ondan….. Belə biletlərdən o, çox satırdı. Otuz qə­pi­yə…Oy, bax, ata, kirpi divanın altına girdi….

– Burax görüm o kirpini! – ata əsəbi halda dedi və Slavikin yanında oturtdu.

– Sən öz lotereya biletini oğlana necə verdin?! …Bəlkə birdən elə oldu ki, o bilet udul­du?

– Udulubdur, – Slavik dedi və kirpiyə nəzarət elədi.

– Bəs o, nece uduldu? – ata yavaşca dedi və onun burnunu azacıq tər basdı.

– Nə uddular?

– Soyuducu! – Slavik cavab verdi və gülümsədi.

– Nə?! – ata çox təəccüblə baxdı. – Soyuducu?! Sən nə eləmisən?!… Haradan bi­­lirsən bunu?!

– Necə yəni haradan? – Slavik dedi. – Mən onu qəzetlə yoxladım… Orada ilk rə­qəmlər üst-üstə düşürdü… və qalanları da həmçinin…Seriya da eyni idi!… Ar­tıq onları yoxlaya bilirəm, ata! Mən artıq böyümüşəm!

– Böyümüsən?! – ata dedi və bunu deyən kimi kirpi divanın altından çıxdı və qor­xudan yumrulanıb büküldü. – Böyümüsən?! Soyuducunu kirpi ilə dəyişirsən?!

– Ancaq mən fikirləşdim, – Slavik qorxmuş vəziyyətdə dedi, – mən düşündüm ki, bizim soyuducumuz onsuz da var, amma kirpimiz yoxdur…..

– Sus! – ata qışqırdı və divandan durdu. – Kimdir? Kimdir bu oğlan?! Ha­ra­da­dır o?!

– O, qonşu evdə qalır, – Slavik dedi və ağladı.

– Adı Senyadır…..

– Gedirik! – ata yenə qışqırdı və kirpini əlinə aldı. – Tez ol, gedirik!

– Gəlmirəm… – Slavik dedi. – Soyuducu istəmirəm, kirpini istəyirəm!

– Tez gedirik, zırrama! – ata qışqırdı, – əgər bileti geri alsaq, mən sənə daha qə­şəng kirpi alaram…..

– Yox…– Slavik bağırdı, – alma…. Senka da dəyişmək istəmir, mən onu güc­lə razı salmışam…..

– Bax elə indi də fikrindən döndərərsən! – ata istehza ilə dedi, – di tez ol!…

Senyanın səkkiz yaşı var idi. O, həyətin ortasında dayanmışdı və qorxa-qor­xa bir əli ilə Slaviki dartıb gətirən, o biri əlində isə kirpini tutan və acıqlı görünən ata­ya baxdı.

– Hanı? – hərəkət etməkdən yorulan ata Senyadan soruşdu, – hanı bilet? O ti­kan­lı heyvanını götür, bileti də qaytar!

– Məndə bilet-zad yoxdur, – Senya cavab verdi.

– Bəs onda hanı? – ata qışqırdı, – onu neylədin, sələmçi? Satdın?

– Mən ondan kağız quş düzəltdim… – Senya başını aşağı saldı və hönkürdü.

– Ağlama! – ata dedi və bir qədər rahat oldu.

– Ağlama, oğlum… Deməli, sən ondan kağız quş düzəltdin. Bəs bu kağız quş ha­nı?… Haradadır o?…

– O, evin damına – karniz tərəfə düşdü…. – Senya dedi.

– Hansı tərəfə?

– Bax o tərəfə! – Senya ikinci mərtəbənin karnizini göstərdi.

Ata paltosunu soyundu və su dirəyinin üstü ilə dırmaşmağa başladı. Uşaqlar isə aşağıdan heyranlıqla onu seyr edirdilər. İki dəfə ata sürüşdü, ancaq karnizə tam qal­xa bildi və balaca sarı kağız quşu götürdü, hansı ki artıq su olduğundan bir az cı­rılmışdı. Ata aşağı endi və dərindən nəfəs aldı, bileti açdı və oxudu. Bilet iki ildir ki, çıxmışdı. Ata Slavikdən soruşdu:

– Sən bunu nə vaxt almışdın?

– Hələ ikinci sinifdə oxuyanda.

– Bəs nə vaxt yoxlamışdın?

– Dünən.

– Bu, o tiraj deyil…… – ata yorğun halda dedi.

– Nə olsun? Rəqəmlər ki eynidir….

Ata sakitcə səmtini dəyişdi və skamyada oturdu. Hirsindən sinəsində ürəyi dö­yünməyə başladı. Gözlərinin qabağında qırmızı çevrələr fırlanırdı… O, yavaşca ba­şını aşağı endirdi.

– Ata, – Slavik yavaşca dedi, atasına yaxınlaşdı.

– Qanını qaraltma! Senka deyir ki, hər halda o, kirpini bizə verir…

– Çox sağ ol! – ata dedi, – çox sağ ol, Senya…..

O ayağa durdu və evlərinə getdi. Ata çox kədərlənmişdi. Başa düşmüşdü ki, tə­rəddüd etmədən soyuducunu kirpi ilə dəyişməklə heç vaxt gözəl sandığın anları ge­ri qaytarmaq olmur.