Knyaz/Birinci pərdə

Knyaz. Birinci pərdə
Müəllif: Hüseyn Cavid
İkinci pərdə



Tiflisdə ətrafı yeşillik, çiçəklərlə süslü geniş bir qəməriyyə. Yıldızlı bahar gecəsi… Üstü içki və məzələrlə dolu bir masa, üzərində elektrik lampası… K n y a z ağ əlbisə geyinmiş, milli qıyafətdə, ağ qalpağını sandaliyə üzərinə bıraqmış alafranqa geyimli Solomonla qarşı-qarşıya oturub içərlər. Hər dəfə də uzun saplı qədəhləri bir-birinə vurub cınqırdamasından zevq alarlar. Şıq geyimli xidmətçi qız şərab və məzə gətirir. Milli qıyafətli Ş a k r о ilə M a r q о da bəzən yardım edər. Bağçanın uzaq guşəsində kamanda həzin və lirik nəğmə çalınır, Knyaz xidmətçi qızın doldurduğu qədəhi qaldırır, nəşəli bir tövrilə Solomona.

K n y a z
İştə gülgün qədəh, ey xanəxərab!
Bulunur şey deyil əsla bu şərab.
Şimdi fürsət var ikən iç!.. Bir gün
Görəcəksin bu sönük ömrü sərab.

S о l о m о n
İçəlim, bəlkə təsəlli buluruz,
Bəlkə qəmdən, acıdan qurtuluruz.
Bir günün zevqinə dəyməz dünya.
İçəlim, sonra peşiman oluruz.
İçərlər, təkrar qədəhlər dolur.

K n y a z
Həp düşündükcə boğar ruhu soğuq,
Qaba, ıssız və dərin bir boşluq.
О dərin boşluğu bir dolduracaq
Varsa… yalnız əbədi sərxoşluq…

S о l о m о n
İştə xilqət dolu bin dürlü təzad.
Hər sevincin sonu müdhiş fəryad…
Badə ver, badə, şu divanə könül
Coşaraq qayğıdan olsun azad.

M a r q о
(gəlir, Knyaza)
Beş nəfər var, sizi bəklər qapıda.

K n y a z
Nə için?

M a r q о
İşləri varmış.

K n y a z
Əcəba?!
(Şakroya)
Şakro! Çıq, gör nə diyorlar.

Ş a k r о
Bu saət.

J a s m e n ağaclar arasından çıqar. Onları qumral saçlı başı ilə salamlar.

J a s m e n
Nə qadar nəş’əli rindanə həyat.
Knyaz və Solomon qədəhlərini qaldırırlar.

K n y a z
Yaşa, afət çiçəyim!

J a s m e n
Nuş olsun!
(Gedər.)

S о l о m о n
Bu nə səfvət, nə məlahət, nə füsun!
Taleyin varmış, əzizim, Jasmen
Daha dilbərdir ölən zevcəndən.

K n y a z
Tale əfsanə, cəsarət lazım,
Bir az altunla məharət lazım…

S о l о m о n
Orta az erməni xalqında… ya pək
Soyuq, ölgün oluyorlar gerçək,
Yaxud ən işvəli, cazib, tənnaz,
Başqa, pək başqadır onlardakı naz.

K n y a z
Çoq adam var ki, çiçək toplar ikən,
Qanatır səmli dikən əllərini.
Çalılıqlarda gəzirkən birdən
Cəzb edib durdu bu tər qönçə bəni.
Əvət, üç yıldı ki, ölmüş zevcəm,
Qızım olmuş bana yalnız həmdəm.
Anıyorkən о sönən annəsini,
Bənzədirdim neyə titrək səsini.
Bir mayıs də’vət edildim Batuma,
Keyfə daldım səhər-aqşam… amma
Yenə gönlümdə yetimlik vardı,
Bəni Jasmen acıdan qurtardı.
Kəndi mülkümdə dolaşmaqda ikən,
Sərxoş oldum duyulan bir səsdən.
О gözəl səs bəni məftun etdi,
Yeni bir eşq ilə məcnun etdi.
Gərçi qız erməni… adət gürcü,
Söyləyiş gürcü, təbiət gürcü.
О zamandan ki, sevişdik, bilsən
Yenidən bir daha gənc oldum bən.
Bə’zi avropalı bilgic qafalar
Bəlli, gəncləşmək için çarə arar.
Pək qolay çarəsi, yalnız, yalnız
Olsa həmdəm sana şən bir yıldız.

S о l о m о n
Bana baq, altmışa varmaqda yaşım,
Sana bən həm dayı, həm arqadaşım!
Gördüyüm təcrübələr pək qarışıq,
Hər qaranlıqda gülümsər bir işıq.
Hər qadın cilvəsi bir tatlı xəyal,
Başqa, pək başqadır onlardakı hal.
Şən, gözəl bir qadının хoş baqışı,
Bir mayıs göstərir ən sisli qışı.
Qadın istərsə dikənlər gül açar,
Qızacaq olsa; ölüm, fitnə saçar.

K n y a z
Jasmenin fitnəsi yoq, hiyləsi yoq,
Bil’əkis, işvəsi çoq, nəş’əsi çoq.
Incə bir köylü müəllim qızıdır,
Qafqazın cilvəli bir yıldızıdır.

S о l о m о n
Şu sürəksizcə ömürdən ancaq
Sana tək nəş’əli dəmlər qalacaq.
Хoş keçin, zevqinə baq hər yerdə,
Dünkü çarlar və krallar nerdə?

K n y a z
Solomon! Nəş’ə kədərdən daha az…

S о l о m о n
Yenə ən nəş’əli sənsin, Knyaz.
Knyaz dolu qədəhi əlinə alaraq qafasını oynatır.

K n y a z
Hər gələn bir yeni tüğyan ediyor,
Gündə bir səltənət əldən gediyor.
Bəkliyorkən şu qədəhlər küskün
Bizə, yoq şübhə ki, divanə diyor.

S о l о m о n
Hər baharın sonu matəmli xəzan,
Hər visalın sonu ıssız hicran.
Bir həqiqət deyə tapdıqlarımız
Yarın, əfsus, olacaq süslü yalan.

İçərlər. J a s m e n daha şux qıyafətdə gələr, əlindəki qızılgül dəmətini masa üzərinə bıraqaraq incə qəhqəhələrlə.

J a s m e n
Mey sonulduqca doqar zevq, nişat,
Ölülər içsə bulur tazə həyat.
(Qədəhləri kəndisi doldurur.)

K n y a z
İçəlim, badə verir ruha qida,
Varsın, olsun, məzəmiz işvə, əda!
Çınlıyırkən şu qədəhlər, sanırım
Əks edər könlümə çılğın sevda.

S о l о m о n
Badə хoşdur, ola saqi yalnız
Nəş’ələr yavrusu şaqraq bir qız.
Içəlim, baq, şu üfüqlər nə gözəl,
Bizi həsrətlə süzər ay, yıldız.
Jasmenin şərəfinə içərlər.
Sağ olun, həp var olun!

J a s m e n
Nuş olsun!

K n y a z
(Jasmeni süzərək)
Yaşasın hüsn, füsun!

J a s m e n
Nuş olsun!

Bu zaman bağça tərəfdən kaman səsi ilə həmahəng olaraq qarşıkı nəğmə söylənilir.

İ n c ə s ə s
Vəhşi bir gül olsam, ətrafım dikən,
Həsrətlə süzərdi hər görən bəni.

Q a l ı n s ə s
Bən bir yolçu olub yoldan keçərkən,
Qoparıb köksümə taqardım səni.

İ n c ə s ə s
Bən ağ bir güvərçin olsaydım, əngin,
Irişilməz üfüqlərdə yaşardım.

Q a l ı n s ə s
Bən bir şahin olub səni seyd için
Ən keçilməz fəzaları aşardım.

K n y a z
İncə səs, iştə qızım Lena.

J a s m e n
Əvət.

S о l о m о n
Şimdidən bəlli, хoş elhan afət.

K n y a z
Şu qalın səsli də Anton.

S о l о m о n
Əcəba?
İxtiyar bağçavanın oğlumu?

K n y a z
Ya…
Pək çocuqkən biz ədəb verdik ona,
Oqudub xeyli əmək verdik ona.
Adam olmuş, dəyişib baş-qulağı,
Şimdi bir adlı mühəndis yamağı.

Qafasını oynatıb gülər. L e n a ilə A n t о n gələr. Anton qəhvə rəngli üst kömləyi geyinmiş, əlində kaman bulunur. Lena məktəbli qıyafətindədir.

S о l о m о n
Afərin! Iştə böyük iste’dad.

J a s m e n
Nə zərif, incə təzad…

K n y a z
Lena pək başqa… əzizim Solomon.

S о l о m о n
Hələ Anton!.. Anton!..

J a s m e n
Saray artisti demək pək uyğun.

L e n a
Çoq təşəkkür…

A n t о n
(istehzalı təbəssümlə)
Var olun!
Biz saraylarda deyil, hər ikimiz
Xalqa xidmət diləriz.

S о l о m о n
(boş bir qədəhi doldurub sərxoş hərəkətlə Antona)
Pək gözəl, haydı, gəl iç sən də bir az.

A n t о n
Etmədim bən buna adət, Knyaz
Biliyor halımı…

S о l о m о n
Zevqin yoqmuş.

A n t о n
Neyləyim… bəncə ayıqlıq daha хoş,
Mümkün olsaydı da yurdumdakı meyxanələri
Həp kütübxanə yapardım.

S о l о m о n
(istehzalı qəhqəhələrlə)
Çocuq əfsanələri!..

K n y a z
Onu söylətmə ki, yoq çərçivəsi,
Söz güləşdirməyə çoqdur həvəsi.

A n t о n
Bəncə hər çərçivə dar bir zəncir.

K n y a z
(dumanlı qafasını oynataraq əli ilə rədd edər kibi)
Yetişir, sus daha, artıq yetişir.

A n t о n
(ətrafa)
Derlər insan yaranıb maymundan,
Yenidən maymuna dönmək nə yaman.
(Marqo Antona çay gətirir.)

K n y a z
(içəri girən Şakroya)
О gələn kim, nə diyor?

Ş a k r о
Saçma bir iş…
Bir nəfər köylü qəzadən gəlmiş.
Dolu vurmuş da üzüm bağlarını,
Pək qaranlıq görüyormuş yarını.

K n y a z
О bizim bağmı?

Ş a k r о
Əvət, vergi ağır…
Söylüyor, endirəlim tam yarıya.

K n y a z
Gəlir olsaydı da milyon, əcəba
Bir quruş fəzlə verirmiydi?

Ş a k r о
Xayır!

K n y a z
(qızğın)
Həp gəbərsinlər acından, bizə nə,
Onların verdiyi girsin gözünə.

S о l о m о n
Mərhəmət etməli, Knyaz!

A n t о n
Əfsus…
Gücsüzün haqqı əzilmək.

K n y a z
Sən sus!

Ş a k r о
Daha bir başqa şikayətçi də var.

K n y a z
Kim о?

Ş a k r о
Dörd işçi.

K n y a z
Nə istər onlar?

Ş a k r о
Söylüyorlar ki, sizin zirzəmilər
Yaş və ıslaq, bizi həp məhv eylər.
Bəlli, var boş odalar, həm deyil az,
Bizə üst qatda yer etsin Knyaz.

K n y a z
(istehzalı qəhqəhələrlə)
Başlamışlar, demək, onlar da naza,
Bir bu qalmış minələr boynumuza.
(Qızğın.)
Tilkilər, ah, şımarıq abdallar!..

S о l о m о n
Knyaz! Əlbəttə bir az haqları var.

Ş a k r о
Bir də çoqmuş kira, endirməliyiz.

K n y a z
Bu nə həzyan, çabucaq dəf’ ediniz!

S о l о m о n
Yenə ifrat ediyorsun, Knyaz!
Bahalıqdır, qatı sözlər yaramaz.

Ş a k r о
Şübhəsiz, hiylə, müdara daha хoş.

K n y a z
(Şakroya)
Sən də onlar kibi sapğın başıboş.
Get, xəbər ver, yarın erkən həpsi
Tərk edib evləri dəf’ olsa eyi.
Şakro çıqar.

A n t о n
(Knyaza)
Ah, sönüb məhv olacaqdır onlar,
Mərhəmət yoqsa da bir qanun var.

K n y a z
(bir cığara yaqaraq)
Yetişir, bana dərs verməyiniz,
Biz о qanunları ə’la biliriz.

Bu sırada dışarıda gurultu qopar, dörd işçi və bir köylü ortaya fırlar

B i r i n c i i ş ç i
(əlində çəkic, sağlam, başı açıq, göy kömləkdə olan bir işçi Şakronun yaqasından tutub bir tərəfə fırlatar)
Bıraq!..

İ ş ç i l ə r
Alçaq!..

K n y a z
Bu nə?

B i r i n c i i ş ç i
(Şakroya)
Haydut, yaramaz!
Sosialist cildinə girmiş canbaz!
Nikolay taxta çıqıb gəlsə yarın,
Ona candarma olurdun…

İ ş ç i l ə r
(hücum edər kibi)
Azğın!

L e n a
(Jasmenə qısılaraq)
Gedəlim, qorquyorum, ah, Jasmen.

J a s m e n
Gedəlim…
(Gedərlər.)

K n y a z
Söyləyiniz, haydı, bu nə?

İ k i n c i i ş ç i
(alaca saçlı, ortayaşlı, arıq…)
Biz qarışdıq ölülər aləminə…

B i r i n c i i ş ç i
Xayır, əsla, deyilik biz ölülər,
Bizi kim sıqsa, məzarlıqda gülər.

İ k i n c i i ş ç i
İştə bən! Altı qız-oğlan babası,
Bəni məhv etdi tütün fabrikası.
Zevq alıb içdiyiniz tatlı siqar,
(Əlini ağ cigərinə vuraraq.)
Bu cigərdən süzülən qanla qoqar.
(Kömləyini aralayıb əli ilə müqəvvayı andıran köksünə döyərək.)
Baq, zəhərdən qurumuş iskeletim,
Bən ölərsəm sönəcək altı yetim.
(Cibindən bir məndil çıqarıb göz yaşlarını silər.)

B i r i n c i i ş ç i
(sinirli)
Yetişir! Sızlama, abdal, başıboş,
Ağlamaqdansa gəbərmək daha хoş.
Qüvvətin yoqsa əzil, sus, qəhr ol!
(Kinli bir qəhrlə yumruğunu göstərərək.)
Yaşamaqçın budur ən kəskin yol!
(Daha coşqun.)
Qardaşım nerdə? О cansız cəsədi
Bən də topraqlara gömdüm əbədi.
Bitərək söndü günəşsizlikdən;
(Knyazı sərt baqışlarla süzərək)
Bu fəlakətlərə bais həp sən!

K n y a z
Boşboğazlıq yetişir, sus!

B i r i n c i i ş ç i
(çəkicini oynataraq)
Yaramaz!..
Bizi hiç kimsə, xayır, susduramaz.

A n t о n
(knyaza)
Knyaz! Yetişir, həddini bil!

K n y a z
(hiddətlə bağırır)
Anton!

S о l о m о n
(Knyaza)
Sən bir az kəndinə gəl…

K n y a z
Yoq, Solomon!
(Antonu göstərir.)
Onların başçısı yalnız bu səfil!..
(Antona.)
Yapdığın şöbədələr gizli deyil.

A n t о n
Bizi qorqutma, yetər gürlədiyin,
Dinlə, baq gör nə diyorlar…

K n y a z
(Antonu nifrətlə süzərək)
Miskin!..

A n t о n
(kəskin)
Fəzlədir bəncə bu nifrət, hiddət,
Hər nə istərsə, verin onlar…

K n y a z
(istehzalı)
Əvət.
Əmr edərsən veririz…

A n t о n
Kəndini bil!
Haq verilməz, alınır…

K n y a z
Haydı, çəkil!
Uzaqda ıslıq çalınır. Antonun fikrini cəlb edər.

A n t о n
(iki-üç adım çəkilir)
Burda dursam da bir əldən nə gəlir?
(Knyaza, şiddətlə.)
Eyi bil, er-gec əzənlər əzilir.
Uzaqlaşır. Jasmenlə Lena yenə bir tərəfdə görünüb tamaşa edərlər. Təkrar ıslıq səsi eşidilir.

S о l о m о n
Yenə ıslıq səsi!..

K n y a z
Hər günkü oyun…

İ k i n c i i ş ç i
(Knyaza)
Nə diyorsun bizə?

K n y a z
(mə’nalı bir tərzdə)
Hay-hay, buyurun!
Paranız yoqsa əgər, üst qatda
Yer verilməz sizə əsla, əsla…

İ k i n c i i ş ç i
Para azdır, gözü dar fabrikaçı
Bizə bir haqmı verir?..

K n y a z
(istehzalı gülüşlə)
Ya… pək acı…

B i r i n c i i ş ç i
(İlərilər, masaya gumburtu ilə bir yumruq vurur.)
Fərqi yoqdur, sən osan, ah, о da sən!..
İştə çalmaqdasınız bir teldən.

K n y a z
Yenə coşdunmu?

B i r i n c i i ş ç i
Əvət!..

S о l о m о n
Knyaz can!
İstəməz bunca gərəksiz həyəcan.

B i r i n c i i ş ç i
(sərt və qızğın)
Bizi aciz və küçük sanma, xayır,
Biz bizik, sən də sən! Aldanma, xayır.
(Əlinin nasırlarını göstərir.)
Bunu gördükdə bir insan utanır?
Bu nasırlar sizə ətmək qazanır.
(Üstündəki kömləgi iki parça edib bir tərəfə atar, beldən yuqarı çıplaq qalır. Köksünü və qollarını göstərir.)
İştə köksüm! Bu qolumdur, bu əlim…

J a s m e n
(şaşqın)
О nə?

L e n a
Ah, pək qaba insan.

J a s m e n
Gedəlim.
(Çəkilirlər.)

B i r i n c i i ş ç i
Yara, başdan-başa hər yer yaradır,
İştə, bunlar, sizi bunlar yaşatır.
Hərb edib qarpışırız sizlər için!
Çalışıb-çarpışırız sizlər için!..
(Təkrar gumburtu ilə əlini masaya vuraraq.)
Ah, fəqət siz bizi təhqir ediniz!..

K n y a z
Yetişir, anladıq artıq, gediniz!..

İ k i n c i i ş ç i
Gedəlim, haq sözü haqsız nə qanır.

İ ş ç i l ə r
Gedəlim.
Haydı, əvət, haqq alınır.
(Gedərlər.)

B i r i n c i i ş ç i
(Əlindəki çəkici oynataraq çıplaq vücudu ilə çəkilir.)

K n y a z
(şaşıb duran köylüyə)
Şimdi sən söylə!

K ö y l ü
Üzüm bağlarını…

K n y a z
(onun sözünü kəsərək)
Dolu vurmuş… biliriz, sən yarını
Pək qaranlıq görüyormuşsun.

K ö y l ü
Əvət.

K n y a z
Hiç zərər yoq… Var ədalət əlbət.
Hər nə lazımsa gəlir Şakro yapar.
Daha bir başqa sözün varmı?

K ö y l ü
Xayır.
(Bir az düşünür.)
Lütf edin, halımız olduqca ağır…

K n y a z
Pək gözəl, get, səni məmnun edəriz.

K ö y l ü
Var olun!
(Baş endirib gedər.)

K n y a z
(Solomona)
Baq, bu deyil tərbiyəsiz,
Yenə var köylüdə insan sifəti.
İşçilər; ah, о səfillər nə qatı
Adəta yırtıcı, azğın canavar.

S о l о m о n
Şübhəsiz, haqları var, haqları var.

K n y a z
Dayı can, sən də şaşırdınmı?

S о l о m о n
Xayır!
Onların halı ağırdan da ağır.

K n y a z
Bəlli… knyaz qanı yoq səndə…

S о l о m о n
(qafasını oynatır, acı təbəssümlə)
Babam
Köydə bir katib imiş, hiç danmam.

K n y a z
(sözü dəyişdirərək)
Zalım oğlanları şaş qoydu bizi,
Pozdu bir anda bütün nəş’əmizi.
(Bağçaya doğru yürüyərək uzaqlaşırlar.)

M a r q о
(onlar çəkildikdən sonra gəlib qabları toplamaq istər, ətrafa)
Hey fələk… gör necə günlər gördük,
Azdı hər kəs, nə böyük var, nə küçük…
Bu sırada A n t о n yan tərəfdən çıqar. Ayaqda olaraq bir loqma ətmək kəsib yeyər, çayını qarışdırıb içərək, kəndi-kəndinə yarımsəslə beynəlmiləl marşı oqur, sağa-sola gedir.

M a r q о
Xalq acından qırılır, sən yalınız…
Marş oqur, əyləniyorsun, arsız.

A n t о n
İnqilab iştə doğar aclıqdan.

M a r q о
Nə için nankör olursun? Bir utan!
Bu soyuq marşı duyarkən Knyaz
Sana qaç kərrə demiş sus, yaramaz.

A n t о n
Saqın, aldırma, nə istərsə desin,
Bən başımdan keçərim məslək için.

M a r q о
Bu da məsləkmi, qudurğanlığa baq,
Bunca Knyaz eyiliklər yaparaq,
Bəsləmişkən səni, sapmaq nə için,
Ya… onun ətməyidir həp yediyin.
Tək deyil sən, bən, о rəhmətli baban
Mərhəmət görmüşüz ancaq ondan,
Şimdi nankör olub azmaq nə fəna!?

A n t о n
Bil’əkis, mərhəmət etdik biz ona,
Onu biz bəslədik.

M a r q о
Ah, sus, nə yalan!?

A n t о n
Ana! Sən aldanıyorsun…

M a r q о
(sinirli)
Nə zaman?
Nə zaman sən ona verdin ətmək?
Nə zaman sən ona sərf etdin əmək?

A n t о n
Bu saraylar da, bu sərvət də bizim.

M a r q о
Xastasın, ah, sana doktor lazim.

A n t о n
Neyləyim, pərdəlidir gözləriniz,
Anlamaqdan bəni siz pək aciz…
(İslıq səsi eşidilir.)

M a r q о
Yenə ıslıq səsi, kimdir əcəba?

A n t о n
Arqadaşlar.
(Getmək istər.)

M a r q о
Nerəyə?

A n t о n
Fabrikaya!
(Şakro gəlir.)

M a r q о
Getmə, oğlum! Nə olar, dinlə bəni,
Sağ bıraqmaz bu inad iştə səni.
Bilirim, Şakro da sizdən… Lakin
Aşmıyor həddini əsla…

A n t о n
(Şakronu nifrətlə süzər)
Miskin!
(Anasına.)
Bir müdaraçı hərifdir о, inan,
Yardım olmaz bizə hər alçaqdan.

Ş a k r о
(sinirli)
Nə demək, sən bəni təhqir etdin?!

A n t о n
Məsləkin hiylə, müdara ki, sənin.
Bu nə yaltaqlıq? Ədəbsiz canavar!
Səncə yoqsulları əzməkmi şüar?
Söylüyorlar ki, baban dəllal imiş,
Görünür səndə də vardır о baqış.

Ş a k r о
Boşboğazlıq yetişir, coşma, düşün,
Bizi məhv etdirəcəksin bir gün.
Duysa Knyaz köpürüb çıldıracaq.

A n t о n
Ya… timarxanə deyil burdan uzaq.

M a r q о
Yenə sən çıldırıyorsun, yavrum,
Tutduğun yol uçurum, ah, uçurum.
(Göz yaşını silər.)
Sarmış ətrafını məhbəs və ölüm,
Nasıl olsun buna razı könlüm.

A n t о n
(sinirli)
Annə! Göz yaşları versəydi nicat,
Bən də ağlar, üzülürdüm, heyhat…
Yoqsa əzmində mətanət, er-gec
Boğacaqdır səni azğın bir heç,
Gönül istərsə geniş hürriyyət,
Bir dügün zevqi verir hər dəhşət.
Hər bəla gəlsə köküs gər də bir az;
(Dörd-beş adım yürüyərək.)
Bizi məhbəs və ölüm qorqutamaz!
(Gedər.)

Pərdə