Koroğlu dastanı/Aşıq Cünun

Koroğlunun İstanbul səfəri Koroğlu dastanı. Aşıq Cünun
Müəllif: Koroğlu
Koroğlunun Türkman səfəri


Günlərin birində Koroğlu yenə də Qıratı minib gədiyi kəsmişdi.
Bir də baxdı ki, budu bir karvan gəlir. Koroğlu gözlədi, elə ki, karvan gəlib çatdı, bir nərə çəkib atı dağdan aşağıya buraxdı.
Karvandakı adamlar əl-ayaq açana kimi Koroğlu onların başının üstünü aldı.
Deyirlər Koroğlu hər karvanı soyub dağıtmazdı.
Qabaqca onlardan bac istərdi. Bu karvanın da qabağını kəsib bac istədi.
Bəzirganbaşı onu tək görüb sözlərinə fikir vermədi. İstədi ki, karvanı çəksin.
O bilmirdi ki, bu adam adı dillərdə dastan olan qoç Koroğludur.
Qan vurdu Koroğlunun beyninə. Dəli Koroğlu yenə coşdu. Əvvəl Misri qılınca əl atmaq istədi. Sonra lənət şeytana deyib üç telli sazı döşünə basıb, görək nə dedi:

Gəl sənə söyləyim, bəzirganbaşı,
Gəlmişəm mən səndən bac alam, gedəm!
Dağıdam qəfləni, tökəm malını,
Gəlmişəm mən səndən öc alam, gedəm!

Polad şeşpərinən əzəm başını,
Axıdam gözünün qannı yaşını,
Cidayilən ölçəm al qumaşını,
Nağdın da olmasa, vec alam, gedəm!

Koroğluyam, sərt qayadan atıllam,
Harda dava olsa orda tapıllam,
Ac qurd kimi cümlənizə təpilləm,
Ortadan olmazsa, uc alam, gedəm!

Bəzirganbaşı bunun Koroğlu olmağına inanmadı. O eşitmişdi ki, Koroğlunun yeddi min yeddi yüz yetmiş yeddi dəlisi var ki, onlar düşmən
görəndə, şirə, pələngə dönürlər. İndi onu görüb Koroğlu olduğuna inanmadı, bac vermək istəmədi. Atını sürüb yola düzəlmək istəyirdi
ki, Koroğlu aldı başının üstünü, görək nə dedi:

Almamış al qumaşını,
Buraxmaram səni burdan!
İçib doymamış qanını,
Buraxmaram səni burdan!

Tutubsan yükünü uca,
Sənsən tacirbaşı xoca.
Matahını soymayınca
Buraxmaram səni burdan!

Meydanda şeşpər atmamış,
Qolların dalda çatmamış,
Qırat döşünə qatmamış,
Buraxmaram səni burdan!

Haradan tutdun sorağı,
Al eylədin qannı yağı,
Sinənə çəkməmiş dağı,
Buraxmaram səni burdan!

Qoç Koroğlu istər xərac,
İyidsənsə gir, meydan aç.
Malını eylərəm tarac,
Buraxmaram səni burdan!

Koroğlu sazla dediyi kimi sözdə də dedi:
– Bəzirganbaşı! Mən səninlə dava eləmək istəmirdim. İndi ki, bac vermədin, öz xoşunla dava-dalaşsız karvanı Çənlibelə çək! Yoxsa zorla aparacağam.
Bəzirganbaşı özünü elə göstərdi ki, guya razıdı, karvanı Çənlibelə çəkir. Amma hiylə yolu ilə göz altı öz yaraxlı-yasaqlı adamlarına him
elədi ki, Koroğlunu vursunlar. Yaraqlı tacirlər Koroğluya hücum elədilər.
Elə bil ki, beş-on dənə siçan bir qızmış kərgədanı öldürmək istəyirdi. Bu qabaqca Koroğluya gülməli gəldi. Sonra boynunun qatqat
duran əti qızardı. Koroğlu aşdı, daşdı, aslan kimi coşdu, qaplan kimi qeyzə gəldi. Misri qılıncı çəkdi, tərlan kimi Qıratın belinə yatıb meydana
təpildi. Sağdan vurdu soldan çıxdı, soldan vurdu sağdan çıxdı, tacirləri xurd-xəşil elədi. Baxdılar ki, yox bu zarafat eləməli adam
deyil, silahlarını töküb dayandılar. Koroğlu hamısını Qıratın döşünə qatıb Çənlibelə gətirdi. Dəlilər qabağa çıxdı. Malları yerə düşürdülər,
yerbəyer eləməyə başladılar. Koroğlu baxdı ki, tayların içində bir böyük dəmir sandıq var. Fikirləşdi bu yəqin qızıl-gümüşdı. İşarə elədi
sandığı açdılar. Nə çıxsa yaxşıdı. Baxdılar ki, sandığın içində saçı çiynində bir adam uzanıb. Koroğlu qaldı məhəttəl ki, bu nə sirrdi? Döndü bəzirganbaşı tərəfə ki, ondan soruşsun, gördü bəzirganbaşı meyit kimi tir-tap uzanıb yerə. Yanına yüyürdü, gördü xeyir ha... dünən ölübsən, bu gün! Bəzirganbaşı qup-quru quruyub. Dəlilərdən birisi dedi ki, bəs sən sandığı açanda o özündən getdi. Sudan-zaddan tökdülər, kişi bir az özünə gəldi. Koroğlu soruşdu: “Bu nə sirrdi?”.
Bəzirganbaşı dedi:
– Koroğlu, indi ki, belə oldu, düzünü deyəcəyəm. Bu mənim aşığımdı.
Adı da Aşıq Cünundu. Bu o qədər ayağı yüngül, xeyir bərəkətli adamdı ki, mənim yanıma gələndən bəri mal-dövlətim həddini aşıb.
Sən bizə hücum eliyəndə mən havanı bulut görüb onu sandıqda gizlətdim ki, bəlkə malım, dövlətim getsə də, o qalsın.
Koroğlu fikrə getdi. Bir tərəfdən Aşıq Cünunu öz yanında saxlamaq istəyirdi, bir tərəfdən onu bəzirganbaşının əlindən zorla almaq istəmirdi. Bir də başını yuxarı qaldıranda Aşıq Cünunu qabağında diz çökmüş gördü.
Aşıq Cünun dedi:
– Qoç Koroğlu, gözüm, könlüm səni tutub. Ömrümün axırınacan sənə qulluq edəcəm.
Aşıq Cünun o gündən Koroğlunun yanında qaldı. Ömrünün lap axır gününəcən onun aşığı oldu.
Deyirlər ki, Aşıq Cünun həmişə şəhərləri, kəndləri, obaları, oymaqları gəzib dolanardı, harda bir iyid, nəcib, ana südü əmmiş oğlan görsə gəlib Koroğluya xəbər verərdi. Koroğlu da onları öz dəstəsinə gətirdərdi.