Koroğlu dastanı/Durna teli

Koroğlunun Ərzurum səfəri Koroğlu dastanı. Durna teli
Müəllif: Koroğlu
Koroğlunun Rum səfəri


Eyvaz Çənlibelə gələndən bəri telli Nigarın ürəyi yerinə gəlmişdi. Tay ürəyində heç bir dərdi yox idi. Qoç Koroğlu kimi ər bir yanında, Eyvaz kimi oğul bir yanında, bəylərə, paşalara qan udduran dəlilər də ki, gözünün qabağında. Kef, ləzzət, damaq biridi ki, o da Nigardaydı.
Hərdən Çənlibelin laləli, nərgizli ətəklərinə baxıb öz-özünə deyirdi: "Görəsən bütün arvadların arasında heç mənim kimi xoşbaxtı varmı?".
Koroğlunun damağı ondan da çağ idi. O, həm özünə oğul gətirmişdi, həm də arxa, kömək gətirmişdi. Eyvaz çox çəkmədi ki, canlara dəyən iyid bir oğlan oldu. Dəlilərin hamısı bu iyidliyə görə ona hörmət eləyirdilər. Hamının gözündə əvvəl Koroğlu idi, sonra Nigar, sonra da Eyvaz.
Deyirlər ki, Koroğlu boş vaxtları həmişə dəlilərlə məşq eləyib təlim keçərdi. At minmək, nizə atmaq, qılınc vurmaq, qalxan tutmaq, ox atmaq onların peşəsi idi. Heç elə gün olmazdı ki, dəlilər içində təzətəzə adamlar onlara qoşulmasın. Onlar da bu təlimdən öyrənirdilər.
Ustad belə deyir ki, yenə bir gün dəlilər Çənlibeldə bölük-bölük olub məşq eləyirdilər. Eyvaz da yaraqlı-yasaqlı bir dəstə ilə atlanıb dava məşqinə çıxmışdı. Dəlilər məşq eləyə-eləyə Koroğluya sarı at çapırdılar. Eyvaz Ərəbatın üstündə dəlilərin qabağınca gəlirdi. Koroğlunun onun başına taxdığı durna teli də papağında idi. Koroğlu Eyvazı belə görəndə ürəyi telləndi, qolları açıldı, üzünü Nigar xanıma tutub, aldı görək nə dedi:

Nigar xanım, sənə deyim,
Bu gələn Eyvaz, bu gələn.
Dili dodağıyı yeyim,
Bu gələn Eyvaz, bu gələn.

Eyvazım on beş yaşında,
Qüdrət qələmi qaşında,
Durna teli var başında,
Bu gələn Eyvaz, bu gələn.

Meydanda iyidlər mərdi,
Qabaqda ər oğlu ərdi,
Dava günü qızmış nərdi,
Bu gələn Eyvaz, bu gələn.

Misri qılınc dəstindədi,
Ərəbatın üstündədi,
Şirin canın qəsdindədi,
Bu gələn Eyvaz, bu gələn.

Cəmi dəlilərin xası,
Meydanda var mərd davası,
Koroğlunun tək balası,
Bu gələn Eyvaz, bu gələn.

Nigar xanım dedi:
– Koroğlu, doğrudan da durna teli Eyvazı yaxşı tutur. Durna teli dəliləri belə tutanda gör bizi necə tutar. Göndər dəliləri getsinlər bizə də durna teli gətirsinlər.
Koroğlu hələ Nigar xanıma cavab verməmişdi ki, Eyvaz dəlilərlə gəlib yetişdi. Nigarın Koroğluya dediyi sözləri eşidib, dedi:
– Durna teli nədi ki, ondan ötəri anamın qəlbini sındırırsan? İzn ver gedib Bağdatdan ona durna teli gətirim.
Koroğlu dinməmiş Dəmirçioğlu yerindən dedi:
– Ay Koroğlu, Eyvaz tək getməsin, izn ver mən də onunla gedim.
Bəlli Əhməd dedi izn ver, mən də gedim.
Çoxdan idi ki, dəlilər səfərə çıxmamışdılar. Bu burdan dedi, mən də getmək istəyirəm, o ordan dedi, izn ver mən də gedim. Koroğlu bilmədi ki, hansına cavab versin, hansını durna telinə göndərsin. Hələ Koroğlu özü də durna telinə getmək istəyirdi. Nigar xanım Koroğlunun dəliləri başsız qoyub getməyinə razı olmayıb dedi:
– Yox, özün qal, gözün dəlilərin üstündə olsun. Qoy durna telinə Eyvazgil getsinlər.
Koroğlu Eyvaza izn verdi. Yol uzaq olduğundan tapşırdı ki, Qıratı minsin. Eyvaz Misri qılınc bağladı, qalxan taxdı. Qıratı çəkib yəhərlədi, tərlan kimi qalxıb atın üstünə əyləşdi. Dəmirçioğlu ilə Bəlli Əhməd də dava libası geyindilər, atlandılar, üçü də birlikdə yola düşdülər.
Koroğlu dəlilərə uzaq səfərə gedəndə özləri ilə içgi götürməyə izn verməzdi. Amma Dəmirçioğlu ondan xəlvət tuluqları şərabla doldurub götürmüşdü. Dəlilər atlarını sürüb yola düşdülər. De günə bir mənzil, teyyi-mənazil at sürdülər, yol yordular, dərə keçdilər, düz getdilər, dağ aşdılar, mənzil keçdilər axırda gəlib Bağdad elinə çatdılar. Atları bağlara otlamağa ötürüb özləri calandılar durnaların canına. Durnaları qırdılar, tellərini bir yerə üst-üstə yığdılar, ətlərini də ocaq qalayıb kabab çəkdilər. Ola durna ətinin kababı, qara üzümün şərabı, özü də harda-harda Bağdadın gül-gülü çağıran sərin bağlarında. Çeşmələr elə axırdı ki, elə bil göz yaşıdır.
Belə səfalı bir yerdə üç nəfər Çənlibel dəlisi, durna kababı, şərab da ki, elə bil ceyran qanıdı…
Qərəz yedilər, içdilər, gözləri dumanlandı, yavaş-yavaş məst olub üçü də başlarını yerə qoydular, yat ki, yatasan.
Bunlar burada məst-bihuş yatmaqda olsunlar, sənə kimdən deyim, Bağdad paşası Aslan paşadan.
Bu tərəfdən Bağdad paşası Aslan paşaya xəbər verdilər ki, üç nəfər atlı gəlib atlarını bağa buraxıb, özləri də bütün durnaları qırıb çatıblar. Aslan paşa hökm elədi ki, bu saat özlərini də, atlarını da tutub mənim yanıma gətirin.
Qoşuna əmr olundu, bağın dörd tərəfini gəzdilər. Qırat düşmənin yaxınlaşdığını görüb bərk kişnədi. Dəmirçioğlu ilə Bəlli Əhməd Qıratın səsinə yuxudan ayıldılar. Gördülər ki, bağda otun, ağacın sanı var, qoşunun sanı yoxdu. Dəmirçioğlu istədi ki, dava başlasın, Bəlli
Əhməd razı olmadı ki, Eyvaz özündə deyil, biz dava başlasaq burdan uzaqlaşarıq, Eyvaz ələ keçər. Dəmirçioğlu gördü qoşun yaxınlaşır, amma Eyvaz yuxudan oyanmır ki, oyanmır. Axırda aldı, görək nə dedi:

Qoşun gəlib dört yanımızı aldılar,
Belə nə yatmısan, ayıl, Eyvaz xan!..
Hər tərəfdən mansıraya saldılar,
Axırda olarıq zayıl, Eyvaz xan!..

Qəbul qılma müxənnətin sözünü,
Sənə ərz eləyəm sözün düzünü,
Dur, göstər yağıya dönməz üzünü,
Gün kimi aləmə yayıl, Eyvaz xan!..

İnsafdırmı Bəlli Əhməd tutula,
Qulac qolu dal gərdəndə çatıla,
Dəmirçioğlu qul adına satıla,
Koroğlu dəlisi sayıl, Eyvaz xan!..

Sazın səsinə, Dəmirçioğlunun səsinə Eyvaz yuxudan ayıldı. Yüyürdülər ki, özlərini atlara yetirsinlər. Baxdılar ki, atlar tutulub. Halı belə görəndə hər üçü qızmış nər kimi nərə çəkib özlərini vurdular dəryayi-ləşkərə, sağa vurdular, sola vurdular, nə qədər qırdılarsa nə qoşunun dalı kəsilirdi, nə də ki, bir yol tapıb bir tərəfə çıxa bilmirdilər.
Axırda qoşun onları bir-birlərindən ayrı salıb, təklədi. Aralığa salıb üçünü də tutdular, qollarını bağlayıb, atları ilə birlikdə Aslan paşanın yanına gətirdilər. Aslan paşa hökm elədi ki, özlərini zindana salıb, atlarını da bazara çəkib satsınlar. Sonralar kimin hayfı varsa gəlsin, alsın.
Aslan paşanın adamları dəliləri zindana salıb atlarını da bazara apardılar. Bunlar burada qalsınlar, sənə Koroğlunun dostu bəzirgandan xəbər verim.
Koroğlunun bir bəzirgan dostu var idi. Neçə illər Koroğlu ilə dostluq işlətmişdi. İndi mallarını satmaq üçün Bağdada gəlmişdi. Bir də eşitdi ki, car çəkirlər ki, Koroğlunu tutublar. Tez bir təhər özünü zindana saldı, gördü yox, tutulanlar Koroğlunun dəliləridi. Eyvaz bəzirganı görcək tanıdı, bir təhər onu başa saldı ki, bəs Qıratı bazara çəkib satacaqlar, get çalış, satın al. Koroğluya xəbər ver!
Bəzirgan oradan çıxıb birbaş bazara gəldi. Gördü budu atları satırlar.
Bəzirgan Qıratı satan dəllala yanaşıb dedi:
– Əyə, bu şılxoruna neçə verim?
Dəllal dedi:
– Gözlərini sil bir yaxşı-yaxşı bax. Şılxor nədi? Buna Koroğlunun Qıratı deyərlər.
Bəzirgan dedi:
– Əyə, başına at təpməyib ki, Qırat nədi? Bu yabı niyə Qırat olur?
Dəllal hirslənib "yabı nədi, ədə, tərlandı! Tərlan gör nə çəkir?!" – deyib atı hərəkətə gətirdi ki, camaat baxsın.
Gözünə dönüm Qırat gözünün birini yumdu, quyruğunu qısdı, özünü vurdu şılxorluğa.
Bəzirgan dedi:
– Ha gördün. Yaman çəkir, ədə, ay yelbeyin.
Qoç Koroğlunun Qıratını paşalar minə bilmirdi. Qorxudan bir pəhlivan onun yanına gedə bilməzdi. İndi Qırat elə ölü olmuşdu ki, gəl görəsən…
Bazar adamları tökülüb ata baxdılar. Gördülər bir gözü kor, qısıq, yeriyəndə də azca topallayan bir atdı.
Hamısı bəzirganın sözünü təsdiqlədi. Qərəz, bəzirgan dəllalı aldadıb Qıratı ucuz qiymətə alıb mənzilinə gətirdi. Atı bir yana bağlayıb qabağına yem-zad tökdü. Şəyirdini göndərib bazardan bir batman qır, bir top da bez aldırdı. Elə ki, qır da, bez də hazır oldu bəzirgan qabaqca o ki, var bezi qırladı. Sonra bu qırla bezi Qırata möhkəm-möhkəm sarıyıb özü də mindi. Qır bəzirganı elə tutdu ki, kəndir-qayış kimi. Elə ki, bəzirgan arxayınlaşdı ki, tay atdan yıxılmayacaq, yüyənini buraxdı.
Qırat götürüldü, nə götürüldü. Elə bil ki, Çənlibeldə bala qoyub gəlmişdi. Vallah bir gedirdi, bir gedirdi ki, ildırım deyim sənə yalandı.
Amma kimdən deyim sənə bəzirgandan. Yazıq bəzirganda bəzirganlıq qalmamışdı. Köhnə bəzirganda elə bircə quru nəfəs qalmışdı. Bayax ha özündən getmişdi. Qırat nə qədər yol getdi bəzirgan bilmədi. Bir vaxt bir də at bərkdən kişnədi. Bəzirgan gözlərini açıb gördü Çənlibeldədi.
Dəlilər Qıratın səsini eşidib tökülüb gəldilər. Baxdılar vallah Qırat budu ilan vurmuş kimi elə gəlir ki, az qalır dırnaqları çatlaya. Amma ki, təkdi. Eyvaz da üstündə yoxdu. At bir az da yaxınlaşanda diqqət verib gördülər at sahibsizdi. Amma deyəsən üstündə nədirsə bir yaman şey qaralır. Hamı fikir dəryasına cumdu ki, görəsən bu nə sirdi.
Bunlar elə bu fikirdə Qırat gəlib düz Koroğlunun qabağında dayandı, üzünü gəldiyi tərəfə tutub elə bir nərə çəkib kişnədi ki, dağ-daş lərzəyə gəldi. Sonra dönüb Koroğluya baxdı, ayaqlarını yerə döyməyə başladı. Koroğlu vəfalı atının boynunu qucaqlayıb üzündən, gözündən öpdü. Baxıb gördülər ki, Qıratın üçtündə bir adam var. Amma özündən gedib. Bunu açıb atdan düşürdülər. Başına su-zad töküb özünə gətirdilər.
Baxdılar ki, bəzirgandı. Koroğlu onu görcək tanıdı, soruşdu ki:
– Bəzirgan, Eyvaz hanı, yoldaşları harada qalıb ki, sən Qıratı götürüb gəlibsən?
Bəzirgan dedi: – Koroğlu! Eyvazı, Dəmirçioğlunu, Bəlli Əhmədi
Aslan paşa tutub zindana salıb. Bu günlərdə dara çəkdirəcək. Durma, tez özünü onlara yetir.
Koroğlu bəzirgandan bu sözü eşidib üzünü dəlilərə tutdu, aldı, görək nə dedi:

Xəbər verin dəlilərim oyansın,
Tutulubdu bir Eyvazım əldədi!
Misri qılınc qızıl qana boyansın,
Tutulubdu bir Eyvazım, əldədi!

Yatmışdım aşkara gördüm duşumu,
Əzəlindən mən bilirdim işimi,
Çəkin, yəhərləyin çərləmişimi,
Tutulubdu bir Eyvazım, əldədi!

Düşmənlərim tamaşaya durarlar,
Şad oluban keyf məclisi qurarlar,
Koroğlu getməsə yəqin qırarlar
Tutulubdu bir sərdarım, əldədi!

Dəlilər tələsik yaraqlandılar, atlarını yəhərlədilər. Koroğlu Misri qılıncı belinə bağladı. Qalxan asdı, əmud götürdü, üstündən də bir saz keçirib Qırata mindi. Dəlilər də başında Bağdada tərəf yola düşdü. Hər yerdən keçib gəldilər Bağdadın kənarına yetişdilər. Şəhərə girməyə az qalmışdı ki, bir qoca biçinçiyə rast gəldilər. Gördülər qoca taxıl biçir.
Amma gözündən dolu kimi yaş tökür. Koroğlu yaxınlaşıb soruşdu:
– Ay qoca niyə ağlayırsan?
Qoca dedi:
– Neyləyirsən, səndən ki mənim dərdimə dərman olmayacaq, çıx yolunla get.
Qoca sözünü nə qədər yayındırdısa Koroğlu əl çəkmədi. Axırda qoca soruşdu:
– İndi ki, əl çəkmirsən, qabaqca de görüm Koroğluynan dostsan, düşmən?
Koroğlu dedi: – Dost olarıq. Nə var ki, onu niyə xəbər aldın?
Qoca dedi:
– Koroğlunun üç dəlisi gəlib buraya çıxıbdı. Bu gün Bağdadda onları dar ağacından asacaqlar. Üç cavan iyid oğlanlardı. Elədilər ki, şəkil kimi, elə doğrusu onların halına ağlayıram.
Koroğlu qocanı belə mərd, namuslu görüb dəlilərə hökm elədi ki, qılıncları çəkib qocanın taxılını biçsinlər. Dəlilər qılıncları çəkib taxıla doluşanda qocanın gözləri alacalandı. İki əlini dizinə vurub öz-özünə dedi:
– Vay evi yıxılan canım! Yəqin bu kələ-kötür oğlu kələ-kötür paşanın adamlarından imiş. Bu saat taxılı vel-veran eləyib, məni də öldürəcəklər.
Amma diqqət eləyib baxdı ki, balam bunlar taxılı biçirlər. Qoca qaldı mat-məhəttəl ki, görəsən bunlar kimdilər. Bu belə fikirlərdə olsun, dəlilər taxılı biçib dərz-dərz bağlayıb bir tərəfə yığdılar. Elə ki, hazır oldu Koroğlu üzünü qoca biçinçiyə tutub dedi:
– Qoç Koroğlu elə mənəm ki, varam. İndi Aslan paşanın başına göydən od tökəcəyəm. Xəzinəsini dağıdıb paylayacağam. Bir xurcun götürüb xəzinənin qapısında olarsan.
Qoca sevindiyindən bilmirdi ki, nə eləsin. Axırda bir təhər ki, özünü cəmləyib dedi:
– Bala, şəhərə belə girmə. Aslan paşa xəbər tutar, siz yetişənə qədər dəliləri azdırar, qoy başındakı dəlilər dört bir dört bir olub adamlara qarışsınlar, şəhərə elə girsinlər.
Biçinçi qocanın sözü Koroğlunun xoşuna gəldi. Ancaq hələ şəhərə çox qalırdı. Bir az da getmişdilər bir də gördülər ki, budu qabaqdan bir atlı tələsik atını sürüb çölə tərəf gedir. Dəli Həsən ata bir məhməz vurub özünü çatdırdı atlıya. Baxdı ki, bu atlı əynində çuxa, ayağında başmaq, qanovuz arxalığın üstündən də belində tirmə şal olan enlikürək, qarnı yoğun bir kişidi. Atın tərkində bir xurcun, xurcunun bir gözündə çörək, bir gözündə bir sərnic qatıq var idi. Özü də deyəsən kişi çox tələsirdi.
Dəli Həsən dedi:
– A kişi, bir dayan görüm, belə haraya gedirsən?
Kişi cavab verdi ki:
– Çöldə biçinçilərimiz var, onlara çörək aparıram. Nə sözün var, tez ol de tələsirəm. Gərək tez qayıdam şəhərə.
Dəli Həsən dedi:
– Yaxşı, şəhərdə nə var ki belə? Xeyir ola.
Kişi dedi:
– Aslan paşa bu gün Koroğlunun üç dəlisini asdıracaq. Böyük şadyanalıq olacaq. İndi tələsirəm ki, tez o şadyanalığa çata biləm.
Dəli Həsən kişidən elə bu sözü eşitcək əlini atıb kişinin xırtdəyindən tutub dik atın üstündən götürdü. Elə eləcə gətirdi Koroğlunun hüzuruna. Koroğlu baxdı ki, kişi çoxdan cəhənnəmə vasil olub.
Soruşdu ki:
– Bunu niyə boğdun?
Dəli Həsən əhvalatı danışdı. Koroğlu baxdı ki, demək bu gün Eyvazgili doğrudan da asacaqlar. Ürəyi qəzəblə dolub aldı, görək nə dedi:

Uca-uca dağ başında
Yaz bir yana, qış bir yana.
Titrəşir ağzım içində,
Dil bir yana, diş bir yana.

Nə edək, dəlilər, edək!
Düşmənin bağrını didək!
Xan Eyvaza kömək edək!
Dörd bir yana, beş bir yana.

Hər nə oldu mənə oldu,
Qaynadı paymanam doldu,
Gördün ki, düşmən güc gəldi,
Qov bir yana, qaç bir yana.

Koroğlunun yox əlacı,
Misirdən gəlir xəracı,
Çəkəndə Misri qılıncı,
Leş bir yana, baş bir yana.

Koroğlu dəliləri dörd bir-beş bir elədi. Dedi:
– Camaata qarışın, şəhərə girin. Amma ta ki, mən əllərimi bığıma çəkməmiş, davaya başlamayın.
Koroğlu bunu deyib özü tək başına çiynində də saz şəhərə girdi.
Bu burada qalsın, sənə kimdən deyim, Aslan paşadan.
Aslan paşa dar ağacı qurdurmuşdu. Dəliləri də dar ağacının yanına gətirtmişdi. Cəllad qabaqca Eyvazı dar ağacına gətirdi. Qollarını çırmalayıb ipi hazırlamağa başladı. Dəmirçioğlu işi belə görəndə gözlərini yaş tutdu, aldı, görək nə dedi:

Hanı mənim qoç Koroğlum,
Gələ girə bu meydana!
Çəkəndə Misri qılıncı,
Qəbzəsi qana boyana!

Qırat bir burdan atıla,
Müxənnət, ölkən çapıla!
Koroğlu burda tapıla,
Hərəniz qaça bir yana!

Dəmirçioğlunu dindir,
Suçunu boynuna mindir,
Biz iki dəlini öldür,
Gəl, sən qıyma Eyvaz xana!

Dəmirçioğlu sözünü tamam eləyəndə Koroğlu gözləri qızmış özünü meydana saldı. Aslan paşa da meydanda idi. Koroğlunun çiynində saz görüb dedi:
– Əyə, aşıqsanmı?
Koroğlu dedi: – Aşığam.
Aslan paşa dedi:
– Onda Koroğlunun dəlilərini asdırmaqdan qabaq bir oxu, kefimiz açılsın.
Koroğlunun başında gələn dəlilər adamların arasında idi. Dava başlamaq üçün Koroğlunun işarəsin gözləyirdilər. Hamısı elə idilər ki, dodaqlarını gəmirib, bığlarını çeynəyirdilər. Koroğlu dəlilərə baxıb götürdü, görək nə dedi:

Dəlilərim, bu gün dava günüdü,
Müxənnəs ölkəsi talanmaq gərək!
Qoç iyidlər yarasından bəllənər,
Şərbət tək qanını yalanmaq gərək!

Mərd iyidlər nərə çəksin davada,
Şahin kimi şikar tutsun yuvada,
Misri qılınc cövlan vursun havada,
Bağırsaq cəmdəyə dolanmaq gərək!

Koroğlu içəndə düşmən qanını,
Mərd meydanda nərəsindən tanını,
Qırın vəzirini, tutun xanını,
Leş-leşin üstünə qalanmaq gərək!

Aslan paşa dedi:
– Ay aşıq, sən elə ölüb öldürməkdən deyirsən. Bu nədi? Niyə qışqırırsan? Bir az alçaqdan oxusana!
Koroğlu Aslan paşanın cavabında dedi:
– Qulas as, oxuyum.
Acığından qan Koroğlunun beyninə vurmuşdu, gözləri qıpqırmızı qızarmışdı. Dar ayağında dayanan Eyvaza baxıb aldı görək nə dedi:

Canım paşa, gözüm paşa,
Paşa qoy, gəlsin Eyvazı!
Budu sana sözüm paşa,
Paşa, qoy gəlsin Eyvazı!

Göydən ildırım tökdürrəm,
Yurdunda bostan əkdirrəm,
Torpağın dağa çəkdirrəm,
Paşa, qoy gəlsin Eyvazı!

Əyləşib paşalar, bəylər,
Sinəmdən baş verib millər,
Koroğlu iltimaz eylər,
Paşa, qoy gəlsin Eyvazı!

Koroğlu oxumağında olsun, paşa da qulaq asmağında, sənə kimdən xəbər verim, Giziroğlu Mustafa bəydən. Bağdad tərəfindən Giziroğlu Mustafa bəy adında bir iyid var idi. Giziroğlunun başında da qırx atlısı var idi. Özü də Koroğlu ilə düşmən idi. Atalar deyiblər ki, iki qoçun kəlləsi bir qazanda qaynamaz. O iyid, bu iyid. Giziroğlu Mustafa bəy çoxdan idi ki, başının atlılarıyla bərabər o dağ sənin, bu dərə mənim Koroğlunu axtarırdı. Onunla dava eləmək istəyirdi. Birdən xəbər çıxdı ki, bəs Aslan paşa Koroğlunun üç dəlisini tutub özlərini də bu gün asdıracaq. Bu iş Giziroğluna xoş gəlmədi. Bir hay vurub dəstəsini başına yığıb dedi:
– Aslan paşa Koroğlunun üç dəlisini tutub, bu gün dara çəkdirəcək.
Mən Koroğluynan düşmənəm. Bu öz yerində, amma Aslan paşanın bu namərdliyinə yol verə bilmənəm. Gedək onları qurtaraq.
Giziroğlu bilmirdi ki, Koroğlu özü də Bağdada gəlib. Dəstəsini götürüb şəhərə gəldi, gəlib meydandan bir az aralı dayandılar. Baxdı ki, Koroğlu aşıq paltarında məclisdədi. Dayanıb baxmağa başladı. Bu, burada qalsın sənə kimdən deyim sədrəzəmdən. Aslan paşanın sədrəzəmi Koroğludan şübhələnmişdi. Ağzını Aslan paşanın qulağına yapışdırıb dedi:
– Paşam sağ olsun, bu adam ya Koroğludu, ya da ki… elə Koroğludu ki, var.
Aslan paşa heç ona baxmayıb dedi:
– Əşi, sən də… Koroğlu burada nə qayırır. Qoymazsan oxusun.
Giziroğlu Mustafa bəy baxdı ki, gün keçir, amma Koroğlu elə məclisdə gəzib oxuyur. Fikirləşdi ki, bəlkə Koroğlunun dəliləri hələ
gəlib çıxmayıb, tək dava eləməkdən qorxur. Gün yubadır. Qoy burada olmağımı ona bildirim.
Giziroğlu Mustafa bəy şeşpərini əlinə aldı, nişan edib atdı. Şeşpər gəlib məclisin yanındakı məscidin gümbəzinə dəydi. Paşa dik ayağa qalxıb çığırdı ki:
– O nədi? Onu kim atdı?
Koroğlu baxdı ki, sədrəzəm əkilmək istəyir. Tez sazı döşünə basıb paşaya dedi:
– Paşa qulaq as!

Laf eyləmə, Aslan paşa,
Sədrəzəm qaçdı sandım.
Havadakı humay quşlar
Yuvasından uçdu sandım.

Meydanda iyidlik satdı,
Gəlmədi, günü yubatdı,
Giziroğlu şeşpər atdı,
Şeşpər yerə keçdi sandım.

Koroğluyam, bilməm nədən,
Qara bağrım oldu zədən,
Eyvazdımı dara gedən?
Yaralarım deşdi sandım.

Elə ki, Koroğlu sözünü deyib qurtardı, bir dəlilərə baxıb dedi:

Hoydu, dəlilərim hoydu,
Yeriyin meydan üstünə!
Havadakı şahin kimi,
Tökülün al qan üstünə!

Qoyun bədöylər kişnəsin,
Misri qılınclar işləsin,
Kimi tənab qılınclasın,
Kiminiz düşman üstünə!

Koroğlu çəkər haşını,
Bəylər elər tamaşanı,
Mən özüm Aslan paşanı,
Hərəniz bir xan üstünə.

Koroğlu oxuya-oxuya əlini bığına çəkdi. Dəlilər hər tərəfdən əli qılınclı töküldülər. Dava başlandı. Ara qızışmışdı, hər dəli birinin üstünə yeridi. Koroğlu Aslan paşanın üstünə hücum elədi. Dəlilər də qoşunun üstünə töküldülər. Koroğlu Misri qılıncı çəkib Aslan paşanın boynunu vurub yerə saldı. Dəlilər tənabları qılıncladılar. Eyvazın, Dəmirçioğlunun, Bəlli Əhmədin qollarını açdılar. Dəmirçioğlu dar ağacının birini çıxartdı, əlinə alıb özünü düşmən qoşununa vurdu. Xan Eyvazla Bəlli Əhməd də qoşuna cumdular. Dava bir qızışdı, bir qızışdı ki, ruzigarın gözü belə dava görməmişdi.
İyidlər vuruşdu, qorxaqlar qaçdı. Mərdlə namərd seçildi, mərd oğul bəsləyən anaların başı ucaldı, namərd bəsləyən analar yerə girdi.
Davanın şirin yerində Giziroğlu Mustafa bəy öz dəstəsi ilə gəlib çatdı.
İki tərəfdən Aslan paşanın qoşununu araya aldılar. Qoşundan qırılan qırıldı, qaçan qaçdı, dağıldı.
Düşmən basılandan sonra Giziroğlu başında dəstəsi geri qayıtdı.
Bu tərəfdən Koroğlu özünü paşanın xəzinəsinə yetirdi. Bir təpik vurdu, xəzinənin qapısı taybatay açıldı. Koroğlu bir də baxdı ki, biçinçi qoca əlində bir xurcun kəsdirib xəzinənin qapısını.
Koroğlu dedi:
– Qoca, gir xəzinədən xurcununu doldur apar.
Tay qocanın halını soruşma. Özünü xəzinənin içinə salıb xurcununu xırcım-xırcım doldurub düzəldi yola.
Elə ki, dava qurtardı, hamısı birlikdə kefləri saz, damaqları çağ atlanıb Çardaxlı Çənlibelə yola düşdülər. Koroğlu bilirdi ki, Giziroğlu Mustafa bəy elə belə çıxıb getməyəcək. Hökman onun yolunu kəsəcək, onunla vuruşacaq, özü də dəlilərin yanında. Çünki bilirdi ki, Giziroğlu mərd adamdı. O ancaq Koroğlunun özü ilə haqq-hesab kəsmək istəyir. Yoxsa əslində onunla düşmənçiliyi yoxdu. Odu ki, qəsdən dəlilərindən geriyə qalmışdı. Qıratı bir çay qırağı ilə yavaş-yavaş sürürdü. O tərəfdən də Giziroğlu Mustafa bəy doğrudan da Koroğlunun yolunu kəsmişdi. Koroğlu gəlib onun yanına çatmağa az qalmışdı. Qırat kişnəyib götürüldü.
Giziroğlu Mustafa bəy Alapaçanı onun dalına saldı. Qırat Alapaçanın səsini eşitcək yerindəcə dayandı. Koroğlu dönüb Giziroğlunu yanında gördü. Koroğlu həmhuş eləyib əl açana qədər Giziroğlu onun başından bir əmud elə vurdu ki, Koroğlu atdan birbaş yaxındakı çaya yıxıldı. Giziroğlu sıçrayıb yenə də onun başının üstünü aldı. Koroğlu çaydan çıxdı. Giziroğluna əl verdi. Sonra atını minib dinməz-söyləməz yoluna davam elədi. Bir az gedib dəlilərə çatdı. Amma bu işi yolda dəlilərə açmadı. Atları sürüb gəldilər Çənlibelə çatdılar. Koroğlu Qıratdan, dəlilər də öz atlarından töküldülər. İçki məclisi quruldu. Dəlilər oturub kefə başladılar. Bunlar kefdə olsunlar, sənə kimdən deyim, Giziroğlundan. Giziroğlu elə ki, öz adamlarının yanına qayıtdı, hamısı dedilər ki, Koroğludan qorxub qaçıbsan. Giziroğlu nə qədər dedi ki, qorxmamışam, vuruşduq. Ancaq nə o məni basa bildi, nə də mən onu. Dəstə inanmadı. Axırda Giziroğlu hirslənib dedi:
– İnanmayırsınız gedək Çənlibeldə bir də vuruşaq. Özünüz görün.
Hamısı birlikdə Çənlibelə gəldilər. Amma Giziroğlunun fikri bu idi ki, Koroğlu ilə vuruşanda elə eləsin heç birisi basılıb xar olmasın.
Bəli, elə ki gəlib Çənlibelə çatdılar, baxdılar ki, məclis qurulub. Dəlilər, xanımlar, Koroğlu özü hamı kefə məşğuldu, Giziroğlu öz adamlarına dedi:
– Bu kefi pozmaq namərdlikdi. Gəlin gözləyək, qurtarsınlar, sonra.
Hamı razılaşdı. Bir tərəfdə durub gözləməyə başladılar.
Nigar xanım Eyvazı sağ yanında əyləşdirmişdi. Bilmirdi ki, oğlunu ölümdən qurtardığına görə Koroğluya necə razılıq eləsin. Baxıb-baxıb dedi:
– Ay Koroğlu, sən ki, belə iyidliklər göstərirsən, görən bu dünyada sənin kimi iyid tapılarmı?
Koroğlu bir fikirləşdi, aldı, görək nə dedi:

Analar oğul doğubdu,
Giziroğlu Mustafa bəy.
Bu dünyaya tək gəlibdi,
Giziroğlu Mustafa bəy.

Nizəsinin ucu qanlı,
Dəliləri dəmir donlu,
Bir igiddi adlı-sanlı
Giziroğlu Mustafa bəy.

Bir atı var Alapaça,
Aman vermir Qırat qaça,
Nizəsinin ucu haça,
Giziroğlu Mustafa bəy.

Bir atadan kaş olaydıq,
Bir-birindən xoş olaydıq,
Doğmaca qardaş olaydıq,
Giziroğlu Mustafa bəy.

Hay geyəndə haya basar,
Huy deyəndə huya basar,
Koroğlunu çaya basar,
Giziroğlu Mustafa bəy.

Giziroğlu Mustafa bəy Koroğludan bu sözü eşidib başının adamları ilə onun yanına gəldi.
Dedi:
– Koroğlu, sən doğrudan da Koroğlusan. Mərd iyidsən, bu gündən sonra arada olan düşmənçiliyi atdım, səninlə qardaş oldum. Başımdakı dəstəmlə sənin dəlilərinə qarışdım. Əl ver, düşməninlə düşmən, dostunla dostam.
Koroğlu ilə Giziroğlu bir-birlərinə əl verdilər. O gündən dost oldular.