Kuhkəndən gözükür kuhdə asar hənuz

Kuhkəndən gözükür kuhdə asar hənuz
Müəllif: Məhəmməd Füzuli


Kuhkəndən gözükür kuhdə asar hənuz,
Ol nə bənzər mənə, onun əsəri var hənuz.

Çəkdi Məcnun ayağın badiyədən leyk, verir
Qandı güllər, ayağından çəkilən xar hənuz.

Vadiyi-eşqdə sevda ilə sərgəştə idim,
Gəlmədən gərdişə bu günbədi-dəvvar hənuz.

Nöqteyi-xalinə bağlanmış idi canü könül,
Gəzmədən daireyi-dövrdə pərgar hənuz.

Mahə çəkdim şəbi-hicran ələmi-şöleyi-ah,
Ah kim, olmadı ol mah xəbərdar hənuz.

Naleyi-zarım ilə xəlqə haram oldu yuxu,
Qarə bəxtim yuxudan olmadı bidar hənuz.

Mərhəmi-vəsli ilə buldu qamu dərdə dəva,
Bu Füzuli ələmi-hicr ilə bimar hənuz.