Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəm

Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəm
Müəllif: Mirzə Ələkbər Sabir


Kuyini xunabeyi-çeşmimlə nəmnak eylərəm,
Kipriyimlə asitanın gərdini pak eylərəm.

Ta ki, gördüm sağəri səhbadə əksi-surətin,
Ömrlərdir ki, cəhanda xidməti-tak eylərəm.

Eşqini asan bilirdim, çəkdi iş risvalığa,
Şimdi risvayi-cəhan oldum, nədən bak eylərəm?

Boynuma saldım o ziba tələtin zülfi-kəcin,
Türfə caduyəm, füsuni-mari-Zöhhak eylərəm.

Vəslə ümmid olsa, hicrində bu cari ünsürü,
Əşki-çeşmim seylinin mövcündə xaşak eylərəm.

Urma şanə zülfünə, narahat etmə könlümü,
Zülfünə dəydikcə şanə könlümü çak eylərəm.

Sabira, torpağa saldı sayə rəna dilbərim,
Gər mələk olsam da, labüd səcdeyi-xak eylərəm.

Mənbə

redaktə
  • Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 309