Löydə qalıb
Müəllif: Aşıq Bəsti
Mənbə: Aşıq Bəsti. "Bənövşələr" (PDF) (az.). Gəncə. 2013. 2018-09-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-14.

Yolçunu yoldan eyləmə,
Bala, sazım Löydə qalıb.
Qocalmışam, itib huşum,
Cəmi sözüm Löydə qalıb.

Köhnə dərdim təzələmə,
Yara üstə duz ələmə.
Qocalmışam, söz eləmə,
Zər-qotazım Löydə qalıb.

Vədə olub yar olmuşam,
Mən də baxtavar olmuşam.
Ağlamaqdan kor olmuşam,
Bəsti, gözüm Löydə qalıb.