Ləbinə əhli-nəzər çeşmeyi-heyvan dedilər
Ləbinə əhli-nəzər çeşmeyi-heyvan dedilər Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.262. 22 avqust 2017 tarixində arxivləşdirilib |
Ləbinə əhli-nəzər çeşmeyi-heyvan dedilər,
Gərçi uçmaq hurusu cümlə ana can dedilər.
Səni bu hüsni-camal ilə, kamal ilə görüb,
Qorxdular həq deməyə, döndülər insan dedilər.
Surətin vəsfini sordum isə hər taifədən,
Məninin güzgüsünü surəti-rəhman dedilər.
Sunbülün halı pərişan, dedilər, hal əhli,
Allah-Allah, nə üçün, mişkə pərişan dedilər?
Bir qılın qiymətini hər kimə sordumsa, ana
Gənci-Qarun ilə min mülki-Süleyman dedilər.
Düşmənin adını aşiqlərə sordum ki, nədir,
Eşidən cümlə nə kafər, nə müsəlman dedilər.
Şək degil kim, üzünü görməmiş anlar ki, səni
Huriyə bənzədübən Yusifi-Kənan dedilər.
Ləblərin vəslinə irmək mana müşkül görünür,
Gərçi sordular anı, dil ilə asan dedilər.
Ağzın əsrarına əndişə qaçan vaqif ola
Ki, üqul əhli ana nükteyi-pünhan dedilər.
Ey Nəsimi, dəmi-İsa degil isə nəfəsin,
Nəfəsi doğrular ana nə üçün can dedilər?