Ləbinə əhli-nəzər can dedilər, gerçəkmiş

Ləbinə əhli-nəzər can dedilər, gerçəkmiş
Müəllif: İmadəddin Nəsimi
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Ləbinə əhli-nəzər can dedilər, gerçək imiş,
Ağzına nükteyi-pünhan dedilər, gerçək imiş.

Ləlini xətti ilə sormuşam ərvahə, onu
Xızr ilə çeşməyi-heyvan dedilər, gerçək imiş.

Adəmin surətinə səcdə qılanlar ki, səni
Gördülər, surəti-rəhman dedilər, gerçək imiş.

Dedilər qamətinə sidrə kəmal əhli, vəli,
Xəlq onu sandı ki, yalan dedilər, gerçək imiş

Surətin münkirinə elm ilə iman əhli,
Ona kim, div ilə şeytan dedilər, gerçək imiş.

Cənnətin əhli ki, üzün bağın, ey cənnətü hur,
Rövzeyi-xüld ilə rizvan dedilər, gerçək imiş.

Qələmin sirrini həqdən bilən ol taifə kim,
Ənbərin xəttinə reyhan dedilər, gerçək imiş.

Möcüzat əhli ki, yazısı ilə surətinə,
“Lövhi-məhfuz” ilə Quran dedilər, gerçək imiş,

Ey Nəsimi, ki nəzər əhli vücudun evinə-
Laməkan gəncinə viran dedilər, gerçək imiş.