Ləbin fərəh gətirir könlümə şərab kimi

Ləbin fərəh gətirir könlümə şərab kimi (1932)
Müəllif: Novruz Ağayev


Ləbin fərəh gətirir könlümə şərab kimi,
Həyat bəxş qılır ruyun afitab kimi.

Səni görəndə rəqib ilə bəzmi-işrətdə
Yanar konül həsəd oduna bir kabab kimi.

Səninlə eyşü-səfadə keçirdiyim günlər
Gəlir xəyalıma, ey mahçöhrə, xab kimi.

Yarar güli-tərin üstündə əndəlib otura,
Nədir üzündə durub zülf bir qurab kimi?

Fəvayi-pürxətəri-eşqin içrə seyr edənin,
Gözünə vəsl görünməkdədir sərab kimi.

Bilirmi ləzzəti-eşqi məğazı yox kişilər
Əgər onu içə min dəfə gündə ab kimi?

Rümüzi-eşqi-təcəllayi-hüsni-tələti-yar
Durubdu sinəyi-Neyyirdə bir kitab kimi.