Ləhzə-ləhzə ləbin anıb edicək əfğanlar
Ləhzə-ləhzə ləbin anıb edicək əfğanlar Müəllif: Məhəmməd Füzuli |
Ləhzə-ləhzə ləbin anıb edicək əfğanlar,
Qətrə-qətrə saçılır didələrimdən qanlar.
Qətrə-qətrə demə qandır ki, çıxar çeşmimdən
Dəmbədəm könlüm odilə əriyən peykanlar.
Qaşların yayinə meyl eyləyə canü könül,
Dünü gün mən bilirəm kim, nə çəkirlər anlar.
Açma kakil girehin, başın üçün, görmə rəva
Ki, pərişan olalar bir neçə sərgərdanlar.
Yel dəyər zülfünə, ya qoymayıb öz hali ilə,
Gəzdirərlər onu əldən-ələ hərdəm canlar.
Eylə üşşaqə cəfalar ki, vəfalar görəsən,
Sanma kim, zaye olur eylədiyin ehsanlar.
Sorma zöhhadə, Füzuli, rəhü rəsmin eşqin,
Nə bilirlər rəvişi-əhli-xirəd nadanlar.