Ləzgi Əhmədlə Xəstə Qasımın ikinci deyişməsi

Ləzgi Əhmədlə Xəstə Qasımın ikinci deyişməsi
Müəllif: Tikmədaşlı Xəstə Qasım
Mənbə: Sədnik Paşa Pirsultanlı (2011). Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi (az). Azərnəşr. Yoxlanılıb 2018-08-06.

Ləzgi Əhməd:
Səndən xəbər alım, ay Dədə Qasım,
O nədir ki, bu dünyanı gəzər hey?
Nə kağızdır, mürəkkəbsiz yazılar?
Nə qələmdir, bu dəftəri yazar hey?

Xəstə Qasım:
Al, cavabın deyim, ay Ləzgi Əhməd,
Aydır, gündür, bu dünyanı gəzər hey!
Könül kağız, mürəkkəbsiz yazılar,
Dil qələmdir, bu dəftəri yazar hey!

Ləzgi Əhməd:
O nədir ki, heç gəlmədi imana?
O kimdir ki, heç düşmədi gümana?
O kimdir ki, qəsd elədi insana?
O kimdir ki, oldu candan bezar hey?

Xəstə Qasım:
O şeytandır, heç gəlmədi imana,
O münkirdir, heç düşmədi gümana,
Əzrayildir, qəsd elədi insana,
Əyyubdur ki, oldu candan bezar hey!

Ləzgi Əhməd:
O nədir ki, silinməzdir qarası?
O nədir ki, heç tapılmaz çarası?
Nə qədərdi yerlə göyün arası?
Ləzgi Əhməd bu dəftəri yazar, hey!

Xəstə Qasım:
O ürəkdir, silinməzdir qarası,
O ömürdür, heç tapılmaz çarası,
Yüz doxsan min ildir, yerlə göyün arası,
Xəstə Qasım, o dəftəri pozar hey!