Lal ol və danışma!
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Lal ol və danışma! (1906) Müəllif: Cəlil Məmmədquluzadə |
Mənbə: "Molla Nəsrəddin", 7 aprel 1906, №1. |
Ey dil, dəxi dinmə və sükut et, səni tarı,
Lal ol və danışma!
Sal başını aşağa və heç baxma yuxarı,
Mal ol və danışma!
Gər qeyriləri cəmdəyinə vursala, dinmə!
Gər başın əyib peysərinə vursala, dinmə!
Pamal edə düşmən səni səbr et, bala, dinmə!
Ya zülm edə, ya boynuna kəndir sala, dinmə!
Ya ruzunu cəbr ilə əlindən ala, dinmə!
Sal başını aşağı və heç baxma yuxarı, Lal ol və danışma! Gər qüssələnib eyləyəsən naləvu-zarı, Mal ol və danışma!
Hər bir-iki gün dur ayağa, bağla dükanı,
Get bir yavuq həmmamə, uzan, bağla hənanı,
Yum gözlərini, dinmə və həm gözlə əzanı,
Gər eyləmiş olsan gecə bir tövr xətanı,
Get bir suya ta əxz edəsən rahəti-canı.
Sal başını aşağa və heç baxma yuxarı, Lal ol və danışma! Ey dil, dəxi dinmə və sükut ol səni tarı. Mal ol və danışma!
Gər cümlə təvayif sənə əfsus edə etsin,
Axirdə hökümət özünü rus edir etsin,
Həm mollaların rus əlini bus edə etsin,
İslamı cahanda dəxi məyus edə etsin,
Ya etməyə ya ar və namus edə etsin.
Şükr et, yegilən bozbaşını, eylə naharı, Lal ol və danışma! Sal başını aşağa və heç baxma yuxarı, Lal ol və danışma!