Layısqı
Müəllif: Molla Cümə
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Qoşma

Nə gözəl vətənsən, mübarək kəndsən,
Qismət oldun biz ümmətə, Layısqı.
Yan gəzənlər sənin qədrini bilməz,
Sən hayıfsan müxənnətə, Layısqı.

İlimiz dünyada on iki aydır,
Arzumuz geyməkdir, şadlıqdır, toydur,
Gözəlin gözəldir, cavanın saydır,
Bəzənmisən yüz ziynətə, Layısqı.

Molla Cümə qəm-hicrana batıbdır,
Ahu-zarı asimana çatıbdır,
İsmi-Pünhan səndə qərar tapıbdır,
Oxşayırsan lap cənnətə, Layısqı.