Leylini yazdı
Müəllif: Usta Abdulla
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab) (az). Elm və təhsil (2018). Orijinal mənbədən 2018-06-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-06-01.

Bihudə dolandım, əfsanə gəzdim,
Canım dost yolunda, Leyli, niyazdı.
Etibar kəsilib, ilqar pozulub,
Əvvəlki məhəbbət, Leyli, niyə azdı?

Qəmər qan ağladı, neştər yeridi,
Yaram sızıldayır, neştər yeridi.
Leylinin qoluna neştər yeridi,
Məcnun qanı çöldə “Leyli”ni yazdı.

Dost olan dostunu çəkməzdi dara,
Al şanəni, siyah zülfün di dara.
Həsrət qoymaginən didar-didara,
Görən, dost yolundan Leyli niyazdı?

Həya çəkib, daldalanma sən ara,
Həqiqi dostundan kəsmə sən ara.
Abdullanın xəyalını sən ara,
Gəzir şəms təki leylini, yazdı.