Lovğa Qembey
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir kənddə Qembey adlı bir kəndli olurdu. Qonşuların ondan zəhləsi gedirdi. Çünki o çox lovğa, özünü öyən idi. Birinin başına bir qəza iş gəlsəydi, Qembey gülüb deyərdi:

– Mənim başıma ömrümdə belə bir iş gəlməz! Məni aldatmaq asan deyil!

Bir dəfə lovğa Qembey dana almaq üçün şəhərə bazara getməyə hazırlaşırdı. Qembeyin arvadı möhkəm bir ip seçib ərinə verərək dedi:

– Dananın başına ip bağlayıb gətir. Həm də göz-qulaq ol ki, yolda dananı oğurlamasınlar.

– Sən nə axmaq-axmaq danışırsan? – deyə Qembey hirsləndi.

– Məndən dana oğurlaya bilərlər?!

Qembey həmin gün şəhərə getdi. Bazarda çox gəzib dolandı, axırda ağappaq kök bir dana gördü.

“Bax, bu elə mən axtardığımdır, – deyə Qembey sevindi, – heç kəsin belə danası yoxdur”.

Hətta sevincindən ağzını marçıldatdı.

Sövdələşib dananı aldı və evinə yola düşdü. Şəhərin qırağında yadına düşdü ki, onun köhnə dostu qeta1 ustası burada yaşayır. Qembey ustanın yanına gəlib lovğalanmağa başladı:

– Bir bax, sənin heç ömründə belə danan olmayıb!..

Sevincindən yenə də ağzını marçıldatdı. Qeta ustasının İtiro adlı bir şagirdi vardı. Danaya baxıb o da ağzını marçıldatdı:

– Doğrudan, nə qəşəng danadır! Amma Qembeyə gözqulaq olun ki, yolda onu oğurlamasınlar.

Qembey gülüb dedi:

– Səndən onu əlbəttə oğurlayardılar, məni isə aldada bilməzsən! Mən elə adam deyiləm!

Qembey bunlarla salamatlaşıb evinə yola düşdü.

Qembey təzəcə çıxıb getmişdi ki, İtiro dedi:

– Ağa, icazə verin, mən bu adamın lovğalığının dərsini verim.

– Sən nə eləyəcəksən?

– Mən onun danasını oğurlayaram.

– Yaxşı, get. Ancaq bundan heç nə çıxmaz, axı o, dananın boğazına ip bağlayıb.

– Baxarıq, baxarıq! – deyə şagirdi qışqırdı.

O, divardan bir cüt qeta götürüb küçəyə qaçdı. İtiro yandakı yolla qaçıb lovğanı qabaqladı, başmağın bir tayını yolun içinə atıb kolluqda gizləndi.

Qembey, dananı da dalınca sürüb apararaq özü üçün şən mahnı oxuyurdu. Birdən yolun içində bir başmaq gördü.

– Vay, vay, vay! – deyə lovğa heyfsiləndi. – Heyf ki, başmağın o biri tayı yoxdur. Mən bir tay üçün əyilməyəcəyəm ki...

İpi dartdı, dananı sürüb yoluna davam etdi. O bu cür xətasızbəlasız yolun yarısını, ya bəlkə ondan az getmişdi, gəlib palıd meşəsinə çatdı. Burada o, başmağın o biri tayına rast gəldi.

– Nahaq yerə mən bir tay başmağı götürmədim, – deyə Qembey öz-özünə düşündü. – O yəqin ki, elə indi də orada qalır.

Qembey tez dananı palıd ağacına bağlayıb qaranəfəs başmağın birinci tayının dalınca qaçdı. Başmaq öz əvvəlki yerində idi. Qembey başmağı götürüb tez qayıtdı. Gəlib palıd ağacına çatdı, gördü ki dana yoxdur.

Qembey bütün meşəni axtardı, dananı heç yerdə tapa bilmədi, elə bil dana yerə batmışdı.

“Necə oldu ki, o çıxıb qaça bildi?” – deyə Qembey heyrət etdi.

O, dananı axtardı, axtardı, təzədən şəhərə qayıtdı: axı əliboş arvadın yanına necə qayıtsın.

İtiro bu vaxt dananı evə gətirib həyətdə gizlətdi və lovğa Qembeyə necə kələk gəldiyini ustaya danışdı.

– Bəs biz bu dananı neyləyəcəyik? – deyə şagird, ustadan soruşdu.

Ağası heç bir cavab verə bilmədi, çünki həmin anda evin qapıları açılıb Qembey içəri girdi.

– Hörmətli Qembey-san bəs sənin danan hanı? – deyə usta heç bir şeydən xəbəri yoxmuş kimi ondan soruşdu.

– Dana? Hə dana! Bilirsən, nəsə gözümdən düşdü, yolda onu satdım. Özüm üçün ayrısını alacağam. Elə onun üçün də qayıtmışam.

Usta, Qembeyə tənbəki təklif edib dedi:

– Sənin bəxtin gətirib. Mən elə çoxdan öz danamı satmaq istəyirdim. Əgər simiclik eləməsən onu sənə sataram.

Usta, şagirdini dananı gətirməyə göndərdi.

– Sən dananı neçəyə deyirsən? – deyə Qembey ağasının əmrini yerinə yetirən İtironun dananı gətirdiyini görüb soruşdu.

– Elə sən dananı aldığın qiymətə.

– Yox əşi! – deyə Qembey əlini yellədi. – Mənim danam həm bundan yekə idi, həm də kök! Bir də sənin dananın tükü çox gödəkdir!

– Özün bilərsən, ondan ucuz satmıram.

Qembey öz danası üçün bir də pul verib təzədən almalı oldu. O, dananı həyətdən çıxaranda usta dedi:

– Ümid edirəm ki, Qembey-san, dananızı yolda oğurlayan olmaz.

Qembey yenə lovğalandı:

– Yox əşi, mənə kələk gəlmək olar?! Mən elə adam deyiləm.

Qembey gedən kimi İtiro yenə də xahiş etdi:

– Cənab ağa, icazə verin, mən bir də onun danasını oğurlayım.

– İkinci dəfə daha bir şey çıxmaz! İndi onu çətin aldadasan.

– Eybi yoxdur, ancaq siz mənə icazə verin! Çox istəyirəm ki, o lovğanın dərsini verim.

– Neynək, get...

İtiro cəld meşəyə qaçdı ki, Qembeyi qabaqlasın. Yolun qırağındakı kolların içində gizlənib gözləməyə başladı. Qembey görünən kimi şagird bərkdən böyürməyə başladı:

– Mo-o-o, mo-o-o...

– Bu ki, mənim itən danamdır! – deyə Qembey sevindi. – İndi mən onu tutaram, iki danam olar.

Qembey dananın ipini palıd ağacına bərk-bərk bağladı və səs eşitdiyi kolluğa girdi.

İtiro, böyürə-böyürə bir yerdən o birisinə keçərək, lovğanı aldadıb meşənin lap qalın yerinə apardı. Sonra şagird tez palıd ağacına yaxınlaşdı, dananı açıb evlərinə gətirdi.

Qembey meşədə çox gəzib dolaşdı. Gün batana yaxın yolu tapa bildi. Nə görsə yaxşıdır? İkinci danası da yox olmuşdu! Qembey təzədən şəhərə qayıtdı və dinməzcə dostunun qapısı qabağında dayandı.

– Bəs siz yenə nə üçün şəhərə qayıtdınız? Bəs sizin gözəl dananız hanı? – deyə bic İtiro soruşdu.

– Bilirsən, – deyə lovğa yenə yalan deməyə başladı. – Yolda mən məbədə girib, dananı rahibə bağışladım ki, allahın mənə rəhmi gəlsin. Səhər bazara gedib, özüm üçün təzəsini alaram.

Usta gülümsündü:

– Səhər nə üçün? Mən elə onsuz da qəşəng bir dana satıram.

İtiro gülməkdən güclə özünü saxlayaraq gedib ağ dananı gətirdi. Usta gülməmək üçün yelpinlə ağzını örtürdü.

Qembey dananı görüb narazı halda dedi:

– Bu mənim danamdan yüz qat pisdir!

Bu vaxt usta ilə şagird daha özlərini saxlaya bilməyib, bərkdən gülməyə başladılar. Elə bərkdən gülürdülər ki, onların səslərinə qonşular qaçıb gəldilər. Hamı soruşdu ki, nə olub...

Usta da, lovğa Qembeyin eyni bir dananı pul verib iki dəfə necə aldığını, indi də üçüncü dəfə almağa gəldiyini onlara danışdı. Qonşular da gülməyə başladı.

Gülüşmə bir az sakitləşəndən sonra usta dedi:

– Qembey-san, söz ver ki, bir də lovğalanmayacaqsan, onda sənin pulunu da, dananı da qaytararam.

Qembeyin əlindən nə gələrdi? Razılaşmalı oldu: axı pulsuz, danasız evə qayıtmaq olmazdı. O, dananı götürüb evinə getdi. Çox keçmədən bu əhvalat onların kəndinə də gəlib çatdı. O vaxtdan bəri əgər Qembey öyünmək istəsəydi, o saat deyərdilər:

– Qembey-san, bir dananı üç dəfə necə aldığınızdan danışın, qulaq asaq.

Bu vaxt lovğa, dəli kimi yelpincini yelləyib susardı.