Mövsimi-novruzü neysan

Mövsimi-novruzü neysan
Müəllif: İmadəddin Nəsimi


Mövsimi-novruzü neysan aşikar oldu yenə,
Şəhrimiz şeyxi bu gün xoş badəxar oldu yenə.
                           
Qönçədən gül baş çıxardı, saldı üzündən niqab,
Bülbülü-şeyda xətibi-lalazər oldu yenə.
                                      
Əski dünya yengi xələt geydi bu mövsümdə uş
Çöhrəsi dövrü bu gün nəqşü nigar oldu yenə.
                                       
Nərgisi gör cam əlində mey sunar ariflərə,
Cümləsin məst eylədi, kəndi xumar oldu yenə.
                                         
Badə içmək rövzədə gər sən dilərsən hur ilə,
Yar əlin tut, bağçaya gir, novbahar oldu yenə.
                                        
Saqiya, cami gətir kim, mən uşatdım tövbəmi,
Əski təqvimim mənim bietibar oldu yenə.
                           
Sən Nəsimi razini, ey dan yeli, yarə yetir
Kim anın halı pərişan, biqərar oldu yenə.

  • Neysan - Aprel ayı; Aprel ayında yağan yağış.
  • Badəxar - şərab içən; burada şeyxin şərab düşkünü olmasından, şərab içməsindən söhbət getmir, baharın gəlişindən xoş ovqata onun da qoşulduğu ifadə edilir.
  • Niqab - üz örtüyü, duvaq, yaşmaq.
  • Bülbüli-şeyda - vurğun bülbül.
  • Xətibi-laləzar - çəmənlikdə xütbə oxuyan.
  • - bu, belə.
  • Rövzə - cənnət, behişt.
  • Uşatdım - sındırdım.
  • Raz - sirr.