Müharibə və ədəbiyyat

Müharibə və ədəbiyyat (1915)
Müəllif: Hüseyn Cavid
“Açıq söz”, 25-26 oktyabr 1915
Mənbə: H.Cavid Əsərləri. 5 cilddə. V cild. Bakı: "Lider-nəşriyyat", 2005. 288 səh.


Tuhaf şey!.. Nerəyə getsən, hər nəyə baqsan, bir sarsıntı, bir pərişanlıq hökmfərma... Bütün könüllər iztirabda, bütün ruhlar həyəcanda, bütün gözlər intizarda... Kürreyi-ərzin, şu canavar yatağının bir bucağı, bir nöqtəsi yoq ki, duyduğumuz saldırışlardan, eşitdiyimiz gurultulardan mütəəssir olmasın! Yanardağlardan seçilməyən toplar, insanları deyil, səhraların vəhşilərini belə dəhşətlər içində bıraqıyor. Dünyamız, şimdiyə qadar hənuz böylə qorqunc bir bəlayə rast gəlməmiş, böylə müdhiş bir inqilab görməmiş. İskəndər, Napaleon kibi cihangirlər, Çingiz, Teymur kibi bahadırlar məzarlarından baş qaldırıb da şu müharibəyi seyr etsələr, şübhəsiz ki, heyrət və təəssürdən kəndilərini alamazlar. Zatən bu müharibə, bir müharibə deyil də, müsri bir bəladır, bir taundur, aləmşümul bir fəlakətdir... Fəqət bu fəlakət hər kəsi bir dərəcədə düşündürmiyor, hər ölkədə bir tə’sir bıraqmıyor. Birini güldürürkən, digərini ağlatıyor. Birini mə’yus və müztərib ediyor da, digərini qəhqəhə və müzəffəriyyətlə sevindiriyor.

Bütün dünya gözdən keçiriləcək olursa, hər şeyin dəyişdiyini, hər halın başqalaşdığını görməmək mümkün deyildir. Bu dəyişmənin, bu başqalığın yeganə səbəbi isə, əlbəttə, içində bulunduğumuz müharibədir. Müharibəyin hazırdakı müvəffəqiyyəti, bir çoqları texnikada, texnikanın mükəmməlliyində görüyorlar. Halbuki bu qalibiyyətləri yalnız texnikada deyil, başqa qüvvətlərdə də aramalıdır. Çünki yalnız yaqıb-yıqıcı toplar, növicad çəpəllinlər, boğucu qazlarla iş aşmaz. Bunlar ilk baqışda gözə çarpdığı için hər kəsi düşündürüb duruyor. Halbuki bu müdhiş silahlardan daha müdhiş almanların müharibədəki yeni nəzəriyyələri, yeni planları, əskərindəki kəskinlik və bütün məmləkət xalqındakı əhvali-ruhiyyədir. Bu ölkənin əhvali-ruhiyyəsində isə, fənni-tərbiyənin, ədəbiyyat və fəlsəfənin tə’siri inkar olunmayacaq şeylərdəndir. Rus-Japon müharibəsində, bə’zi mütəfəkkirlər, japonların qalibiyyətini onların komandanlarında, zabitlərində deyil, ibtidai məktəblərdə, məktəb müəllimlərində, müəllimlərin xalqa vermiş olduğu tərbiyədə aramışlardı. Şübhəsiz ki, bu nəzəriyyə almanlara, alman ordusuna daha ziyadə şamil olsa gərək... Bizdə – Rusiyada ibtidai, orta və ali məktəblərin azlığı bir nöqsan təşkil etdiyi kibi, bu məktəblərdə keçilən bütün elmlər, bütün fənlər də olduqca səthi və nəzəridir. Halbuki almanlarda böylə olmayıb da bütün-bütünə bunun əksinədir. Orta və ali məktəblər kənara dursun, ibtidai köy məktəblərində belə hər elm, hər fənn son dərəcə səmimi bir tətbiqat və əməliyyat ilə keçilir. Yalnız darülfünunlar deyil, köylərdə də səyyah bir professora təsadüf edilir. İctimai, fənni, ədəbi konfranslar verilir. Fənni həqiqətlər olduqca tətbiqi bir surətdə göstərilir. Və ona görə də hər bir alman yalnız dinləməklə qalmaz, dinlətmək də istər. Görməyi kafi bulmaz, göstərməyi də arzu edər. Hələ onlarda ibtidai məktəblərin məcburi olması, oğlan-qız, kimsənin müstəsna tutulmaması, daha başqa bir feyz, daha başqa bir fəzilətdir. İştə böylə bir mühitdə böyüyən, böylə bir ölkədə yaşayan tələbə və talibələr ikmalitəhsildən sonra, bir də kəndi filosofları, ədibləri tərəfindən yazılmış əsərləri mütaliəyə başlarlar. Şübhəsiz ki, ən faydalı düşüncələr, ən ciddi mühakimələr də yalnız fəlsəfə və ədəbiyyat vasitəsilə əldə edilə bilir. Çünki düşünməyə başlayanlar, xilqət və təbiətdə bir qayə, bir nəticə arayan gənclər, yalnız mütaliə sayəsində kəndi məsləkini tə’yin edə bilir, kəndi aradığını bulur.

Əgər bir millətin fəlsəfə və ədəbiyyat kitabları həssas, xəyalpərvər, laübali qələmlərlə yazılmışsa, şübhə yoq ki, o millət, o nəsil cərəyana qapılıb da həp o yolda hərəkət edər və mümkün deyil, aqıntıya qarşı bir dürlü kürək çəkəməz. Məsəla, bir gənc bir şe’r, bir hekayə, bir roman, bir tarix, bir faciə oquyacaq olursa, dərhal kəndisinə ruhdaş, məsləkdaş olmaq üzrə bir qəhrəman seçər, bir tip bəyənir və o ruhda yaşamağa yeltənir və o məsləkdə yaşamaq istər və bu yazılan əsərlər isə, adəta, aləmşümul bir müəllim yerinə keçər, qarelərin ruhlarına nüfuz etməyə başlar. İştə məzkur əsərlər zəhərli, əxlaqsız, gevşək bir mevzu tə’qib edərsə, er-gec bütün oqucularını da zəhərləmiş olur. Kəskin, ciddi və mətin bir yolda yazılmışsa, şübhəsiz, qaredə də eyni fikri, eyni duyğuyu oyandırmış olur. Ədəbiyyat, bir millətdəki əhvali-ruhiyyənin in’ikası deməkdir. Gələcək nasıl isə, şimdiki ədəbiyyat və fəlsəfənin tə’sir və nüfuzuna qapılır və hiç bir dürlü də qurtuluş imkanı bulamaz. Şimdiki iranlılar, bilxassə farslar, göz önünə gətirilsin, bütün İranın əhvali-ruhiyyəsi təhlil edilsin, bütün şəhərlər, bütün köylər, əfyunçuluq, şürbilik, səfsətə və laübalilik içində yuvarlanıb gediyor. Müstəsna olaraq az bir qismi çıqdıqdan sonra, hər kəsdə, hər qafada bir ətalət, bir məskənət görülüyor. Əcəba ruhları əzməkdə olan bu gevşəklikləri, bu səfaləti doğuran kimdir, nədir, hanki səbəblərdir? – Şübhəsiz ki, ədəbiyyat... Ruhanilər və hakimlərin korluq və bəcəriksizliyi də tə’sirsiz deyil, amma eyicə diqqət buyurulsa ən mühüm səbəb, yenə ədəbiyyat və mətbuatdır. Firdevsi, Sə’di, Nizami, Hafiz, Xəyyam kibi nadireyi-fitrətlər müstəsna; onlardan sonra gəlib də dünyayı beş quruşa almayan zahidməslək ədiblər, laübali və məsxərəçi şairlər, əxlaqsız və yaltaq məddahlar, əcəba hanki rəzalət qaldı ki, yapmadılar? Nə saçmalar, nə əfsanələr uydurmadılar?! Bu hal Türkiyədə də əskik olmamış... Bir kərə tarixi-ədəbiyyat gözdən keçirilsə, Ruhi kibi laübali məşrəblər, Nəf’i kibi yayqaraçılar, Nabi kibi ölgün bir fikir daşıyan fəlsəfəçilər, Nədim kibi səfahətpərvər xərabatilər kəndi yazıları ilə türklərin sağlam və sarsılmaz ruhlarını pozub gevşətdilər. Şinasi devrinə gəlincəyə qadar, bəlkə ondan da sonra həp bir diziyə əcəm ruhu, əcəm fəlsəfəsini izlədilər.

Avropa yolunu tanır-tanımaz, bir də fransız müqəllidliyi meydan aldı. Həm də fransızların az-çoq ciddi və məharətli ədəbiyyatı deyil, hoppa, dəgərsiz və çürük əsərləri tə’qib olundu, tərcümə edildi və kəndiligindən xüsusi əsər yazanlar belə, bir dürlü təqliddən yaqayı sıyıramadılar. Həm də əskilik ilə yeniliyi, əcəmilik ilə fransızlığı qarışdıraraq iki çürük, iki əxlaqsız uçurum arasında qaldılar. Yalnız Rza Tevfiq, Əbdülhəq Hamid, Tevfiq Fikrət kibi məşahir, bir də milli ən’ənələri, milli duyğuları dinləyən bə’zi gənc ruhlar, gənc qələmlər köhnəlikdən, müqəllidlikdən sıyrılmağa başladılar. Namiq Kəmal kibi özünü hər kəsə sevdirə bilən böyük bir hünərvəri belə pək küçük, pək darruhlu buldular və haqları da var...

İştə, türk-fars ədiblərinin kəndi millətinə, millətin əhvali-ruhiyyəsinə olan tə’sir Ingiltərədə, Fransada, İtaliyada, Almaniyada, Rusiyada və sair məmləkətlərdə də eyni dərəcədə şamil və hökmfərmadır. Məsəla ingilizləri alalım: onların ötədən bəri, cihangiranə bir əməl arqasınca qoşmaları, hər yerdə nüfuz qazanıb da hər ölkədə rol oynamaları, siyasi qüvvətlərə mədyun olduğu kibi, fəlsəfi, ədəbi tə’sirlərdən də varəstə deyildir. İngilizlər məğrurdur, soğuqqanlıdır, düşüncəli və durbindir. Əlbəttə bunlar, bu sifətlər, mühitə, milli ruha, milli tərbiyəyə race sifətlərdir. Lakin Şekspir kibi dahilərin əməlpərvər, aləmşümul əsərləri, Herbert Spenser kibi böyük filosofların nüfuzlu, mətin, sarsılmaz və kəskin fəlsəfələri, şübhəsiz ki, hər ingilizdə, bütün xalq ruhunda böyük və səmimi bir tə’sirə malikdir. Fransanın da Jan Jak Russo kibi həssas və məriz bir ruha malik olan filosofları, bir taqım xəyalpərəst, hoppa şairləri bə’zi əxlaqsız, modaçı romançıları, şübhəsiz ki, fransız həyatına, fransız mühitinə tə’sir etməmiş deyildir. İtaliyaya gəlincə, əski italyanlarla işimiz yoq... Biz şimdiki italyanları yalnız musiqiçi – çalğıçı tanıyoruz. Çalğının bəslədiyi ruh və əxlaq hər yerdə, hər kəscə bəlli olduğundan, onlardan, onların oynayacağı roldan bəhs etmək lüzumsuz görüldü. Rus-alman mühitinə gəlincə, bu mühitdəki həyat və ədəbiyyat daha başqadır. Rusalman sözü araya gəlir-gəlməz, həm ədib, həm filosof olmaq üzrə iki böyük sima, iki nüfuzlu mütəfəkkir qarşımızda dikilib durur. Onların biri məşhur Tolstoy, biri də alman filosofu Nitşedir. Son zamanlarda bu iki müqtədir dahinin Rusiya və Almaniyada oynadığı müvəffəqiyyət, inkar edilməyəcək bir nüfuz və qüvvətə malikdir. Tolstoy qocaman və möhtəşəm romanlarilə, ufacıq, sadə risalələrilə, munis bir qayeyi-əməl, məsihapəsəndanə bir məslək izləmiş, izlədiyi qayeyi-əməli, düşündüyü məsləki, rusiyalılara, bilxassə ruslara bəyəndirmiş, milyonlarca qarelərini, İncili-şərifin əvfedici tə’limatilə yaşatmağa çalışmış, az-çoq müvəffəq də ola bilmişdir. Məzkur Nitşeyə gəlincə o, daha başqa bir yol, daha başqa bir qayeyiəməl tə’qib etmiş. Onun əsərlərində, Tolstoyun düşündüyü “mərhəmətlərdən” əsər yoq... O, zəiflərin əzilməsini qayət təbii bulur. Məhəbbət, mərhəmət kibi duyğuların xəyalpərəstanə, mə’nasız şeylər olduğunu isbata çalışır, həm də isbat etməkdən aciz qalmaz. Ona görə də Tolstoy Nitşeyə yarımdəli alman – deyə tənqid və müaxizə edir və onun məcnunanə əsərlərinin Rusiyada təb’ və nəşrinə, tərcümə edilməsinə, nüfuz qazanmasına qızmaqdan bir dürlü kəndini alamaz. Və onun yürütməkdə olduğu fəlsəfənin yaqıcı zəhərdən başqa bir şey olmadığını da ilavə edir. Lakin eyi düşünülürsə Nitşe fəlsəfəsinin batini pək də zahirinə bənzəməyərək, daha səmimi bir mərhəmət və məhəbbətlə nəticələnir. O, Tolstoyun düşündüyü nüqtəyə acı olmaqla bərabər, daha kəskin və həqiqi adımlarla iləriləmək istər: “Hər kəsin məqsudu bir, amma rivayət müxtəlif...” Rusiyada Nitşenin qareləri az deyildir. Rusiyanın məşhur ədiblərindən, mətin üsluba, dərin düşüncəyə malik olan Dostoyevski – o böyük dahi və ruhşünas belə Nitşe yolunu, Nitşe ideyasını daha əvvəl ortaya sürmüş. Şimdiki bərhəyat ədiblərdən Leonid Andreyevin faciələrində də az-çoq Nitşe ruhu görülməkdədir. Iştə bunun için Tolstoy Nitşeyə qızdığı kibi Andreyevə yazdığı bir məktubda diyor ki: “Leonid! Leonid! Sən bəni qorqutuyorsun, fəqət bən səndən qorqacaq deyilim!” Demək ki, qoca Tolstoy bu cümlə ilə məslək və fikircə kəndinə müxalif sayılan, Nitşe ruhuna yaqınlaşan Andreyevi bir dürlü düşündürmək, müaxizə etmək istiyor. Hər halda Tolstoyun ən ziyadə nüfuz qazandığı bir Rusiya olduğu kibi Nitşenin də ən çoq rol oynadığı məmləkət, şübhəsiz Almaniyadır... İştə, demək olur ki, bu böyük mütəfəkkirlərin ən səmimi tə’sirləri hər yerdən ziyadə kəndi məmləkətlərinə olmuşdur. Bu iki məmləkətdən hər birini gözdən keçirəcək olsanız təbii, binlərcə, on binlərcə darülfünunlara, rüşdi, e’dadi məktəblərə rast gələrsiniz və milyonlarca tələbə və talibənin elm arqasınca qoşulduğunu, məzkur məktəblərə dəvam etdiyini görürsünüz. Bəlli bir həqiqətdir ki, hər məktəbdə bir çoq dərslər oqunduğu kibi ədəbiyyat, fəlsəfə, tarixi-fəlsəfə dərsləri də keçiliyor və hər məmləkətin ən məşhur ədibinin, ən nüfuzlu filosofunun əsərləri və əsərlərində qayə də birər-birər təhsil və tənqid edilir. Eyni zamanda bütün gənc dimağlar (beyinlər) birər fotoqraf kibi duyub bəllədiyi həqiqətləri böyük bir məraq ilə alır və o həqiqətlər get-gedə inkişaf edərək ümumi bir duyğu, ümumi bir düşüncə, ümumi bir əhvali-ruhiyyə təşkil edər. İştə bu gün müharibə meydanında seyr etməkdə olduğumuz yigitlər, qalibiyyət arqasınca qoşan qəhrəmanlar, həp məzkur məktəblərin məhsulu, həp məzkur darülfünunların pərvərdeyi-irfanıdır. Demək ki, bugünkü müharibədə yalnız toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat və fəlsəfəsilə bəslənən beyinlər də ayrıca haiziəhəmiyyətdir. Fəqət bugünkü müharibənin gələcək ədəbiyyata icra edəcəyi tə’sir keçmiş ədəbiyyatın bugünkü müharibəyə verəcəyi tə’sirin qatqat fevqində olsa gərək... Əvət, bugünkü müharibənin hazırlamaqda olduğu zərbə, pək qorqunc, pək təhlikəlidir. Şu müdhiş inqilabdan hiç bir qüvvət qurtulamayacaq. Bütün elmlər, fənlər umulmaz dərəcədə sarsılacaq, dəyişəcək. Şübhəsiz ki, ədəbiyyat da bu aqıntıya qapılmaqdan kəndini alamıyacaq. Bəlkə daha kəskin, daha sağlam adımlarla yürüyəcək, daha doğru, daha mətin bir yol izləyəcək... Və şimdiyə qadar qaraladığımız saçmalar, bugunkü parçatikə ala-bəzək ədəbiyyatımız da büsbütün alt-üst olacaq. Gənc münəqqidlərin nəzəriistehzasına uğrayacaq. Həm də insafsız, mərhəmətsiz, e’tinasız bir surətdə yırtılıb atılacaq. Heyhat!.. Son nədamət isə fayda verməyəcəkdir.

Qeydlər

redaktə