Mülki və Siyasi Hüquqlar Haqqında Pakt
Mülki və Siyasi Hüquqlar Haqqında Pakt (1966) Müəllif: Birləşmiş Millətlər Təşkilatı |
Həmçinin baxın: Haqqında • Baş Məclisin 16 dekabr 1966-cı il tarixli 2200-cu A (XXI) nömrəli Qətnaməsi ilə qəbuk edilib |
PREAMBULA
redaktəHazırkı Paktda iştirak edən dövlətlər,
Biriəşmiş Millətlər Təşkilatının Nizamnaməsində bəyan edilən prinsiplərə uyğun olaraq, bəşər ailəsinin bütün üzvlərinə xas olan ləyaqətləri və onların bərabər və alınmaz hüquqlarını qəbul etməyin azadlığın, ədalətin və ümumi sülhün təməli olduğunu nəzərə alaraq, bu hüquqların insan şəxsiyyətinə xas olan ləyaqətlərdən doğduğunu gəbul edərək,
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə uyğun olaraq, mülki və siyasi azadlıqdan, qorxu və ehtiyaclardan qurtulma azadlığından istifadə edən azad insan şəxsiyyəti idealının, yalnız hər kəsin həm öz iqtisadi, sosial və mədəni hüquqlarından, həm də mülki və siyasi hüquqlarından istifadə edə bilməsinə şərait yaradılacağı təqdirdə gerçəkləşə biləcəyini qəbul edərək,
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə görə dövlətlərin, insan hüquqları və azadlıqlarına hamılıqla hörmət edilməsini və onlara riayət olunmasını təşviq etməyə borclu olduqlarını nəzərə alaraq,
ayrılıqda hər bir insanın, başqalarına və mənsub olduğu kollektivə münasibətdə müəyyən vəzifələr daşımaqla, hazırkı Paktda qəbul edilən hüquqların təşviq edilməsinə və onlara riayət edilməsinə çalışmalı olduğunu nəzərə alaraq, aşaqıdakı maddələr barədə razılıqa gəlirlər:
I HİSSƏ
redaktəMaddə 1
1. Bütün xalqlar öz müqəddəratını təyinetmə hüququna malikdirlər. Bu hüquq sayəsində onlar öz siyasi statuslarını sərbəst müəyyən edir və öz iqtisadi, sosial və mədəni inkişaflarını sərbəst təmin edirlər.
2. Bütün xalqlar öz məqsədlərinə nail olmaq üçün qarşılıqlı fayda prinsiplərinə əsaslanan beynəlxalq əməkdaşlıqdan və beynəlxalq hüquqdan irəli gələn hər hansı bir öhdəliyə ziyan vurmadan öz təbii sərvətləri və ehtiyatlarını sərbəst şəkildə sərf edə bilərlər. Heç bir xalq heç bir halda ona məxsus olan dolanışıq vəsaitlərindən məhrum edilə bilməz.
3. Bu Paktda iştirak edən bütün dövlətlər, o cümlədən özü idarə olunmayan və asılı ərazilərin idarə olunmasında məsuliyyət daşıyan dövlətlər, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini təşviq etməli və bu hüquqa hörmət etməlidirlər.
II HİSSƏ
redaktəMaddə 2
1. Hazırkı Paktda iştirak edən hər bir dövlət, onun ərazisi hüdudlarında və onun yurisdiksiyası altında olan bütün şəxslərin hazırkı Paktda qəbul edilən hüquqlarına, irqi, dərisinin rəngi, cinsi, dini, dili, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, doğuşu və digər halları ilə bağlı əlamətlərinə heç bir fərq qoymadan hörmət etməyi onların bu hüquqlarını təmin etməyı öhdəsinə götürür.
2. Əgər bu, mövcud qanunvericilik tədbirlərilə və yaxud digər tədbirlərlə nəzərdə tutulmayıbsa, hazırkı Paktda iştirak edən hər bir dövlət, öz konstitusion prosedurlarına və hazırkı Paktın müddəalarına uyğun olaraq, hazırkı Paktda qəbul edilən hüquqların həyata keçirilməsi üçün zəruri ola biləcək belə qanunvericilik tədbirlərini və digər tədbirləri qəbul etməyi öhdəsinə götürür.
3. Hazırkı Paktda iştirak edən hər bir dövlət aşağıdakıları öz öhdəsinə götürür:
a) istənilən şəxsin hazırki Paktda qəbul edilən hüquq və azadlıqları pozulduğu təqdirdə, - hətta əgər bu pozuntu rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədilmiş olsa belə, - onu səmərəli müdafiə vasitələrilə təmin etməyi;
b) hüquqi müdafiə tələb edən istənilən şəxsin belə müdafiə hüququnun səlahiyyətli məhkəmə, inzibati və qanunverici hakimiyyət orqanları tərəfindən və yaxud dövlətin hüquq sistemində nəzərdə tutulan digər səlahiyyətli orqan tərəfindən müəyyən edilməsini təmin etməyi və məhkəmə müdafiəsi imkanlarını inkişaf etdirməyi;
c) hüquqi müdafiə vasitələri təqdim edildiyi təqdirdə, səlahiyyətli hakimiyyət orqanları tərəfindən onların tətbiq edilməsini təmin etməyi.
Maddə 3
Hazırkı Paktda iştirak edən dövlətlər hazırkı Paktda nəzərdə tutulan bütün mülki və siyasi hüquqlardan kişilərin və qadınların bərabər hüquqda istifadə etmələrini təmin etməyi öhdələrinə götürürlər.
Maddə 4
1. Dövlət daxilində əhalinin həyatını təhlükə altına salan fövqəladə vəziyyət zamanı və belə halın mövcudluğu rəsmən elan edilərkən, hazırkı Paktda iştirak edən dövlətlər hazırkı Pakt üzrə öz öhdəliklərindən yalnız həmin vəziyyətin tələb etdiyi ölçüdə geri çəkilmək üçün tədbirlər görə bilərlər, bu şərtlə ki, belə tədbirlər onların beynəlxalq hüquq üzrə digər öhdəliklərinə zidd olmasın və insanın yalnız irqi, dərisinin rəngi, cinsi, dili, dini və ya sosial mənsubiyyəti ilə bağlı əlamətləri əsasında ayrı-seçkiliyə yol verilməsinə gətirib çıxarmasın.
2. Bu müddəa 6, 7, 8 (1-ci və 2-ci bəndlər), 11, 15, 16 və 18-ci maddələrdən hər hansı bir şəkildə geri çəkilmək üçün əsas ola bilməz.
3. Hazırkı Paktda iştirak edən istənilən dövlət, geri çəkilmək hüququndan istifadə edərkən, geri çəkildiyi müddəalar barədə və belə bir qərarı doğuran səbəblər barədə Birləşmiş Millətlər Təşkilatının Baş Katibi vasitəsilə hazırkı Paktda iştirak edən digər dövlətlərə dərhal məlumat verməlidir. Həmçinin həmin vasitəçi vasitəsilə bu geri çəkilməyə son qoyacağı tarix barədə məlumat verməlidir
Maddə 5
1. Hazırkı Paktın heç bir müddəası, hansısa dövlətə, hansısa qrupa və hansısa şəxsə, hazırkı Paktda qəbul edilən istənilən hüquq və azadlığın ləğv edilməsinə və yaxud onun hazırkı Paktda nəzərdə tutulduğundan artıq ölçüdə məhdudlaşdırılmasına yönəldilən hər hansı bir fəaliyyətlə məşğul olmaq və ya hər hansı bir əməl törətmək hüququnun verilməsi şəklində şərh edilə bilməz.
2. Hazırkı Paktda iştirak edən dövlətlərin hər hansı birində qanun, konvensiya, qayda və ya adət qüvvəsində qəbul edilən və yaxud mövcud olan əsas insan hüquqlarının hər hansı birinin hazırkı Paktda qəbul edilmədiyi və ya onda daha az həcmdə qəbul edildiyi bəhanəsilə məhdudlaşdırılmasına və yaxud nüfuzdan salınmasına heç cür yol verilmir.
III HİSSƏ
redaktəMaddə 6
1. Yaşamaq hüququ hər bir insanın alınmaz hüququdur. Bu hüquq qanunla qorunur. Heç kim özbaşınalıqla həyatdan məhrum edilə bilməz.
2. Ölüm hökmünün ləğv edilmədiyi ölkələrdə ölüm hökmü cinayətin törədildiyi dövrdə fəaliyyətdə olan və hazırkı Paktın və Genosid cinayətlərinin önlənilməsi və ona görə cəza haqqında Konvensiyanın müddəalarına zidd olmayan qanuna müvafiq olaraq ər ağır cinayətlərə görə çıxarıla bilər. Bu cəza yalnız səlahiyyətli məhkəmənin qəti hökmünü icra etmək məqsədilə həyata keçirilə bilər.
3. Həyatdan məhrum etmə genosid cinayəti tərkibi daşıyarsa, nəzərdə saxlamaq lazımdır ki, hazırkı maddənin heç bir müddəası hazırkı Paktda iştirak edən dövlətlərə, Genosid cinayətlərinin önlənilməsi və ona görə cəza haqqında Konvensiyasının müddəalarına uyğun olaraq qəbul edilən istənilən öhdəlikdən heç bir vəchlə geri çəkilmək hüququ verilmir.
4. Ölüm hökmü kəsilən hər bir kəs əfv olunmasını və ya bu hökmün yumşaldılmasını xahiş etmək hüququna malikdir. Bütün hallarda amnistiya, əfv və ya ölüm hökmünün dəyişdirilməsi bəxş edilə bilər.
5. On səkkiz yaşı tamam olmamış şəxslərin törətdikləri cinayətlərə görə ölüm hökmü kəsilmir və belə hökm hamilə qadınlara münasibətdə icra edilmir.
6. Hazırkı maddənin heç bir müddəası hazırkı Paktda iştirak edən hər hansı bir dövlət tərəfindən ölüm hökmünün təxirə salınması və ya onun dəyişdirilməsinə yol verilməməsi üçün əsas ola bilməz.
Maddə 7
Heç kim işgəncələrə və ya ağır, qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Əsasən də, heç bir şəxs özünün sərbəst razılığı olmadan tibbi və ya elmi təcrubələrə məruz qalmamalıdır.
Maddə 8
1. Heç kim kölə halında saxlanılmamalıdir; köləlik və kölə ticarətinin bütün növləri qadağan edilir.
2. Heç kim asılı vəziyyətdə saxlanılmamalıdır.
a) Heç kim icbari və yaxud məcburi əməyə vadar edilməməlidir;
b) cinayətə görə cəza növü kimi katorqa işləri ilə birlikdə azadlqdan məhrum olunmanın təyin edildiyi ölkələrdə 3 a) bəndi belə cəza təyin edən səlahiyyətli məhkəmənin hökmünə əsasən katorqa işlərinin yerinə yetirilməsinə əngəl hesab edilmir;
c) hazırkı bənddə "icbari və məcburi əmək" termini aşağıdakıları əhatə etmir:
I) məhkəmənin qanuni sərəncamı əsasında həbsdə olan şəxsin və yaxud belə həbsdən şərti olaraq azad edilən şəxsin bir qayda olaraq yerinə yetirməli olduğu və I) yarımbəndində xatırlanmayan istənilən iş və xldməti;
II) hərbi xarakterli istənilən xidməti; siyasi və dini-etik motivlərə görə hərbi qulluqdan imtinanın qəbul edildiyi ölkələrdə isə belə motivlərə görə hərbi qulluqdan imtina edən şəxs üçün qanunla nəzərdə tutulan istənilən xidməti;
III) əhalinin həyatını və rifahını təhdid edən fövqəladə vəziyyətlər və fəlakətlər halında məcburi olan istənilən xidməti;
IV) adi mülki vəzifələrə daxil olan istənilən iş və xidməti.
Maddə 9
1. Hər bir insan azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Heç kim özbaşınalıqla həbs edilə və ya dustaqda saxlanıla bilməz. Heç kim qanunla müəyyən edilən əsaslardan başqa və qanuni prosedura uyğun olmadan heç bir halda azadlıqdan məhrum edilməməlidir.
2. Həbs edilən hər bir kəsə həbs zamanı onun həbs olunmasının səbəbləri barədə məlumat verilir və irəli sürülən istənilən ittiham təcili qaydada ona bildirilir.
3. Cinayət ittihamı ilə həbs edilən və ya tutulub saxlanılan hər bir şəxs təcili qaydada məhkəməyə və yaxud məhkəmə hakimiyyətinin həyata keçirilməsinin qanunla həvalə edildiyi digər vəzifəli şəxsə çatdırılır və məntiqi müddət ərzində məhkəmə araşdırması və ya azad edilmə hüququna malikdir. Məhkəmə araşdırmasını gözləyən şəxslərin həbsdə saxlanılması ümumi qayda şəklində olmamalıdır; lakin azadlığa buraxılma məhkəməyə getməyə, məhkəmə araşdırmasının istənilən mərhələsinə gəlməyə və zəruri halda isə hökmün icrası üçün gəlməyə təminat verilməsindən asılı hala salına bilər.
4. Həbs və ya dustaq edilmək nəticəsində azadlıqdan məhrum edilən hər kəs işinin məhkəmədə araşdırılması hüququna malikdir ki, bu məhkəmə, təxirə salınmadan onun tutulub saxlanılmasının qanuniliyi barədə qərar çıxarsın və ya əgər onun tutulub saxlanılması qanuni deyilsə, azadlığa buraxılmasına sərəncam versin.
5. Qeyri-qanuni həbs və ya dustaq edilmənin qurbanı olan hər bir kəs iddia qüvvəsində olan kompensasiya hüququna malikdir.
Maddə 10
1. Azadlıqdan məhrum edilən bütün şəxslər insani rəftar və insan şəxsiyyətinə xas olan ləyaqətlərə hörmət hüququna malikdirlər.
2.
a) Müstəsna hallar olmadıqda müttəhimlər məhkum edilmişlərdən ayrı yerləşdirilir və onlara məhkum edilməmiş şəxslərin statusuna cavab verən ayrıca rejim təqdim edilir;
b) yetkinlik yaşına çatmamış müttəhimlər yetkinlik yaşına çatmış müttəhimlərdən ayrı saxlanılır və qərar çıxarılmaq üçün ən qısa müddətdə məhkəməyə çatdırılır.
3. Həbs cəza sistemində məhbuslar üçün əsas məqsədi islah etmək və sosial baxımdan yenidən tərbiyə etmək olan rejim nəzərdə tutulur. Yetkinlik yaşına çatmamış qanun pozucuları yetkinlik yaşına çatmışlardan ayrı saxlanılır və onlara yaşlarına və statuslarına cavab verən rejim təqdim edilir.
Maddə 11
Heç kim, yalnız hansısa müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmaması əsasında azadlıqdan məhrum edilə büməz.
Maddə 12
1. Hansısa dövlətin ərazisində olan hər bir kəs bu ərazinin hüdudları daxilində sərbəst hərəkət etmək və yaşayış yerini sərbəst seçmək hüququna malikdir.
2. Hər bir insan, öz ölkəsi də daxil olmaqla, istənilən ölkəni tərk etmək hüququna malikdir.
3.Yuxarıda xatırlanan hüquqlar, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığı və mənəviyyatının mühafizəsi üçün və yaxud başqalarının hazırkı Paktda qəbul edilən digər hüquqlarla bir araya sığan hüquq və azadlıqları üçün zəruri olan, qanunla nəzərdə tutulan məhdudiyyətlərdən başqa heç bir məhdudiyyət obyekti ola bilməz.
4. Heç kim öz ölkəsinə gəlmək hüququndan özbaşınalıqla məhrum edilə bilməz.
Maddə 13
Hazırkı Paktda iştirak edən dövlətlərdən hər hansı birinin ərazisinə qanuni gələn xarici vətəndaş yalnız qanuna müvafiq olaraq çıxarılan qərarın icrasına əsasən ölkədən çıxarıla bilər; əgər imperativ dövlət təhlükəsizliyi mülahizəsi bunun əksini tələb etmirsə, həmin şəxs özünün ölkədən çıxarılması əleyhinə sübutlar təqdim etmək, öz işinin səlahiyyətli orqan tərəfindən və yaxud səlahiyyətli hakimiyyət orqanının təyin etdiyi şəxs və ya şəxslər tərəfindən yenidən nəzərdən keçirilməsinə və bu məqsədlə həmin hakimiyyət orqanı, şəxs və ya şəxslər qarşısına çıxarılmağa nail olmaq hüququna malikdir.
Maddə 14
1. Bütün şəxslər məhkəmələr və tribunalar qarşısında bərabərdirlər. Hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq araşdırma hüququna malikdir. Demokratik cəmiyyətdə əxlaq, ictimai asayiş və ya dövlət təhlükəsizliyi mülahizələrinə əsasən və yaxud bunu tərəflərin özəl həyat mənafelərinin tələb etdiyi təqdirdə və yaxud məhkəmənin açıq keçirilməsinin ədalət məhkəməsinin maraqlarını pozduğu xüsusi hallarda, - özü də hakimin rəyinə görə son dərəcə zəruri olduğu olçüdə, - mətbuat və ictimaiyyət bütün məhkəmə araşdırmasına və ya onun bir hissəsinə buraxılmaya bilər; lakin yetkinlik yaşına çatmamışların mənafelərinin başqa cür tələb etdiyi hallar və yaxud işin matrimonial mübahisələrə və ya uşaqlar üzərində qəyyumluğa aid olduğu hallar istisna edilməklə istənilən cinayət işi və ya mülki iş üzrə məhkəmə qərarı açıq olmalıdır.
2. Cinayət əməlində ittiham olunan hər bir şəxs, günahı qanuna uyğun olaraq sübut edilməyənə qədər günahsız hesab edilmək hüququna malikdir.
3. Hər bir şəxs ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılarkən bərabərlik əsasında aşağıdakılarla təmin olunmaq hüququna malikdir:
a) ona qarşı irəli sürülən ittihamın xarakteri və əsasları barədə başa düşdüyü dildə, təcili qaydada və ətraflı xəbərdar edilmək;
b) öz müdafiəsinə hazırlaşmaq və özünün seçdiyi müdafiəçisi ilə əlaqə saxlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq;
c) əsassız gecikdirmələrə yol verilmədən mühakimə olunmaq;
d) öz iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən və ya öz seçdiyi müdafiəçisi vasitəsilə müdafiə etmək; əgər müdafiəçisi yoxdursa, bu hüququ barədə xəbərdar edilmək və ədalət məhkəməsinin mənafeyi bunu tələb etdiyi istənilən halda onun üçün təyin edilmiş müdafiəçiyə, bu müdafiəçinin haqqını ödəməyə kifayət qədər vəsaiti olmadığı istənilən halda isə pulsuz müdafiəçiyə malik olmaq;
e) onun əleyhinə çıxış edən şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq və onun əleyhinə çıxış edən şahidlər üçün mövcud olan şərtlərdə öz şahidlərini çağırtdırmaq və dindirmək hüququna malik olmaq;
f) məhkəmədə istifadə olunan dili başa düşmürsə və yaxud bu dildə danışa bilmirsə, pulsuz tərcüməçi köməyindən istifadə etmək;
q) öz əleyhinə ifadə verməyə və günahkar olduğunu zorla etiraf etməyə məcbur edilməmək.
4. Yetkinlik yaşına çatmamışlara münasibətdə proses elə olmalıdır ki, onların yaşı və yenidən tərbiyəyə yardımçı olmaq arzuları nəzərə alınsın.
5. Hər hansı bir cinayətə görə məhkum edilən hər bir şəxs onunla bağlı ittihamnaməyə və hökmə yuxarı məhkəmə instansiyası tərəfindən qanuna uyğun olaraq yenidən baxılmasına nail olmaq hüququna malikdir.
6. Əgər hər hansı bir şəxs qəti qərarla cinayət əməlinə görə məhkum edilmişsə və əgər ona kəsilən hökm sonralar ləğv edilmişsə və ya o, hansısa yeni və yaxud yenidən üzə çıxarılmış halın məhkəmənin səhvini danılmaz şəkildə sübut etməsi əsasında əfv edilmişsə, onda bu cür ittihamnamə nəticəsində cəza çəkmiş olan həmin şəxs, əgər göstərilən naməlum halın təmamilə və ya qismən onun günahı ucbatından vaxtında üzə çıxarılmaması sübuta yetirilməzsə, qanuna müvafiq olaraq kompensasiya alır.
7. Heç kim hər bir öikənin qanununa və cinayət-prosessual hüququna müvafiq surətdə qəti məhkum olunduğu və yaxud bəraət aldığı cinayətə görə ikinci dəfə mühakimə edilə və ya cəzalandırıla bilməz.
Maddə 15
1. Heç kim cinayət əməli törədilən anda fəaliyyət göstərən dövlətdaxili qanunvericiliyə və ya beynəlxalq hüquqa uyğun olaraq cinayət əməli hesab olunmayan hər hansı bir hərəkət və ya xəta nəticəsində hər hansı bir cinayət əməli törətməkdə müqəssir sayıla bilməz. Eyni şəkildə, cinayət əməlinin törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. Əgər cinayət törədildikdən sonra qanunla daha yüngül cəza təyin edilibsə, bu qanunun təsiri həmin cinayətkara şamil edilir.
2. Hazırkı maddənin heç bir müddəası, törədildiyi anda beynəlxalq hüquq tərəfindən qəbul edilən ümumi hüquq prinsiplərinə uyğun olaraq cinayət əməli sayılan istənilən hərəkətə və xətaya görə istənilən şəxsin məhkəməyə verilməsinə və cəzalandırılmasına əngəl törətmir.
Maddə 16
Hər bir insan, harada olmasından asılı olmayaraq, hüquq subyekti kimi qəbul edilmək hüququna malikdir.
Maddə 17
1. Heç kimin şəxsi və ailə həyatına özbaşınalıqla və yaxud qeyri-qanuni müdaxilə, onun evinin toxunulmazlığına və məktublaşmalarının gizliliyinə özbaşınalıqla və ya qeyri-qanuni qəsd və ya onun ləyaqəti və nüfuzuna qeyri-qanuni qəsd edilə bilməz.
2. Hər bir insan belə müdaxilə və belə qəsdlərdən qanunla qorunmaq hüququna malikdir.
Maddə 18
1. Hər bir insan düşüncə, vicdan və din azadlığı hüququna malikdir. Bu hüquqa özü seçdiyi dinə və əqidəyə malik olmaq və ya öz istədiyi dini və əqidəni qəbul etmək azadlığı və öz dini və əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə, açıq və ya özəl qaydada etiqad etmək, ibadət etmək, dini və mərasim ayinləri və təlimini yerinə yetirmək azadlığı daxildir.
2. Heç kim öz seçiminə görə dininə və əqidəsinə malik olmaq və ya onları qəbul etmək azadlığını alçaldan məcburiyyətə məruz qalmamalıdır.
3. Öz dininə və əqidəsinə etiqad etmək azadlığına yalnız qanunla müəyyən edilən və ictimai təhlüksizliyin, asəyişin, sağlamlığın və əxlaqın, eyni dərəcədə digər şəxslərin əsas hüquq və azadlıqlarının mühafizəsi üçün zəruri olan məhdudiyyətlər qoyula bilər.
4. Hazırkı Paktda iştirak edən dövlətlər, valideynlərin və müvafiq hallarda qanuni qəyyumların öz uşaqlarına öz əqidələrinə uyğun olaraq dini və mənəvi tərbiyə vermələrinin təmin olunması azadlığına hörmətlə yanaşmağı öz öhdələrinə götürürlər.
Maddə 19
1. Hər bir insan maneəsiz olaraq öz fikirlərində qalmaq hüququna malikdir.
2. Hər bir insan öz fikrini sərbəst ifadə etmək hüququna malikdir; bü hüquqa hər cür informasiyalara və ideyalara dövlət sərhədlərindən asılı olmayaraq şifahi və ya yazılı şəkildə, mətbuat və ya bədii ifadə formaları vasitəsilə və yaxud öz seçiminə uyğun olaraq digər üsullarla axtarmaq, almaq və yaymaq hüququ daxildir.
3. Hazırkı maddənin 2-ci bəndində nəzərdə tutulan hüquqlardan istifadə insanın üzərinə xüsusi öhdəliklər və xüsusi məsuliyyət qoyur. Buna görə də o, bəzi məhdudiyyətlərlə bağlıdır; lakin aşağıdakı məqsədlər üçün qoyula bilən həmin məhdudiyyətlər qanunla müəyyən edilməli və zəruri olmalıdır:
a) başqa şəxslərin hüquqlarına və nüfuzlarına hörmət edilməsi üçün;
b) dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının və mənəviyyatının qorunması üçün.
Maddə 20
1. Müharibə təbliğatının hər cür forması qanunla qadağan edilməlidir.
2. Ayrı-seçkiliyə, düşmənçiliyə və ya zorakılığa təhriki özündə əks etdirərək milli, irqi və ya dini nifrətə qutluq edən çıxışların hər cür forması qanunla qadağan edilir.
Maddə 21
Dinc yığıncaqlar keçirmək hüququ qəbul edilir. Bu hüquqdan istifadəyə qanuna müvafiq surətdə qoyulan və demokratik cəmiyyətdə dövlətin və ictimaiyyətin təhlükəsizliyi, ictimai asayiş, əhalinin sağlamlığının və mənəviyyatının və yaxud başqa şəxslərin hüquq və azadlıqlarının qorunması mənafeləri üçün zəruri olan məhdudiyyətlərdən başqa, heç bir məhdudiyyət qoyula bilməz.
Maddə 22
1. Hər bir insan, öz mənafelərini müdafiə etmək üçün həmkərlar ittifaqları yaratmaq və belə təşkilatlara yaratmaq hüququ da daxil olmaqla, başqaları ilə birlikdə assosiasiyalar qurmaq azadlığına malikdir.
2. Bu hüquqdan istifadəyə, qanuna müvafiq surətdə qoyulan və demokratik cəmiyyətdə dövlətin və ya ictimaiyyətin təhlükəsizliyi, ictimai asayiş, əhalinin sağlamlığı və mənəviyyatının və yaxud başqa şəxslərin hüquq və azadlıqlarının qorunması mənafeləri üçün zəruri olan məhdudiyyətlərdən başqa heç bir məhdudiyyət qoyula bilməz. Hazırkı maddə silahlı qüvvələrin və polisin tərkibinə daxil olan şəxslərin bu hüquqdan istifadə etmələrinə qanuni məhdudiyyətlər qoyulmasına əngəl törətmir.
3. Hazırkı maddənin heç bir müddəası Beynəlxalq Əmək Təşkilatının assosiasiyalar azadlığı və təşkilat hüququnun müdafiəsi ilə bağlı 1948-ci il Konvensiyasında iştirak edən dövlətlərə, həmin Konvensiyada nəzərdə tutulan təminatlara ziyan vuran qanunvericilik aktları qəbul etmək və ya qanunu bu təminatlara ziyan vuran tərzdə tətbiq etmək hüququ vermir.
Maddə 23
1. Ailə cəmiyyətin təbii və əsas özəyidir, cəmiyyət və dövlət tərəfindən müdafiə olunmaq hüququna malikdir.
2. Nikah yaşına çatmış kişi və qadınların nikah bağlamaq hüququ və ailə qurmaq hüququ qəbul edilir.
3. Heç bir nikah onu bağlayanların sərbəst şəkildə və tam razılığı olmadan bağlana bilməz.
4. Hazırkı Paktda iştirak edən dövlətlər, nikah bağlayarkən, nikah vəziyyətində olarkən və bu nikahı pozarkən ərlə arvadın hüquq və vəzifələrinin bərabərliyinin təmin olunması üçün lazımi tədbirlər görməlidirlər. Nikahın pozulması halında bütün uşaqlar üçün zəruri müdafiə nəzərdə tutulmalıdır.
Maddə 24
1. Hər bir uşaq irqi, dərisinin rəngi, cinsi, dili, dini, milli və ya sosial mənsubiyyəti, əmlak vəziyyəti və doğuşu əlamətinə görə heç bir ayrı-seçkiliyə yol verilmədən, elə müdafiə tədbirləri hüququna malikdir ki, bu müdafiə tədbirləri, kiçik yaşlı vəziyyətində olduğuna görə, onun ailəsindən, cəmiyyətdən və dövlətdən tələb olunur.
2. Hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır.
3. Hər bir uşaq vətəndaşlıq əldə etmək hüququna malikdir.
Maddə 25
Hər bir vətəndaş, 2-ci maddədə xatırlanan ayrı-seçkiliklərin heç birinə yol verilmədən və heç bir əsassız məhdudiyyət qoyulmadan aşağıdakı hüquq və imkanlara malik olmalıdır:
a) dövlət işlərinin aparılmasında həm bilavasitə, həm də azad seçilmiş nümayəndələr vasitəsilə iştirak etmək;
b) ümumi və bərabər seçki hüququ əsasında, gizli səsvermə yolu ilə keçirilən və seçicilərin öz iradələrini azad şəkildə bildirmələrinin təmin edildiyi həqiqi vaxtaşırı seçkilərdə səs vermək və seçilmək;
c) öz ölkəsində ümumi bərabərlik əsasında dövlət qulluğuna buraxılmaq.
Maddə 26
Bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir ayrı-seçkiliyə yol verilmədən qanunla bərabər müdafiə olunmaq hüququna malikdirlər. Bununla bağlı ayrı-seçkiliyin bütün növləri qanunla qadağan olunmalıdır və qanun istənilən əlamətə: irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, doğuşu və ya digər halları ilə bağlı əlamətlərə görə ayrı-seçkiliyə qarşı bütün şəxslərə bərabər və səmərəli müdafiə təminatı verməlidir.
Maddə 27
Etnik, dini və dil azlıqlarının mövcud olduğu ölkələrdə bu azlıqlara mənsub olan şəxslərə, həmin qrupun digər üzvləri ilə birlikdə öz mədəniyyətindən istifadə etmək, öz dininə etiqad etmək və onun ayinlərini icra etmək, habelə doğma dilindən istifadə etmək hüququ verilməsindən imtina edilə bilməz.
IV HİSSƏ
redaktəMaddə 28
1. İnsan Hüquqları Komitəsi (hazırkı Paktda aşağıda Komitə adlanacaq) təşkil edilir. O, on səkkiz üzvdən ibarətdir və aşağıda nəzərdə tutulan funksiyaları yerinə yetirir.
2. Komitənin tərkibinə, hazırkı Paktda iştirak edən dövlətlərin yüksək keyfiyyətlərə malik, insan hüquqları sahəsində səriştəliliyi ilə tanınmış vətəndaşları olan şəxslər daxil edilir, özü də bu zaman hüquqşünaslıq təcrübəsinə malik olan bir neçə şəxsin iştirakının faydalı olacağı nəzərə alınır.
3. Komitə üzvləri şəxsi keyfiyyətdə seçilir və çalışırlar.
Maddə 29
1. Komitə üzvləri 28-ci maddədə nəzərdə tutulan tələblərə cavab verən və hazırkı Paktda iştirak edən dövlətlərin bu məqsədlə irəli sürdükləri şəxslər siyahısından gizli səsvermə yolu ilə seçilirlər.
2. Hazırkı Paktda iştirak edən hər bir dövlət ikidən çox şəxsin namizədliyini irəli sürə bilməz. Həmin şəxslər, onların namizədliyini irəli sürən dövlətin vətəndaşları olmalıdırlar.
3. Hər bir şəxs təkrar irəli sürülmək hüququna malikdir.
Maddə 30
1. İlk seçkilər, hazırkı Paktın qüvvəyə mindiyi gündən altı ay gec olmayaraq keçirilir.
2. 34-cü maddəyə uyğun olaraq boş olduğu elan edilən vakansiyaların doldurulması üçün keçirilən seçkilərdən əlavə, hər dəfə Komitədə seçkilər gününə ən azı dörd ay qalmış Birləşmiş Millətlər Təşkilatının Baş Katibi hazırkı Paktda iştirak ədən dövlətlərə, üç ay ərzində Komitə üzvlüyünə namizədlərini təqdim etmələri üçün yazılı dəvətnamə ilə müraciət edir.
3. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi bu üsulla namizədliyi irəli sürülən şəxslərin, onların mənsub olduqları hazırkı Paktda iştirak edən dövlətlərin adları göstərilməklə, əlifba sırası üzrə siyahısını tərtib edir və bu siyahını hər seçkinin keçiriləcəyi günə ən azı bir ay qalmış hazırkı Paktda iştirak edən dövlətlərə təqdim edir.
4. Komitə üzvləri, hazırkı Paktda iştirak edən dövlətlərin Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin Birləşmiş Millətlər Təşkilatının Mərkəzi təsisatlarında çağırdığı iclaslarda seçilir. Hazırkı Paktda iştirak edən dövlətlərin üçdə ikisinin iştirakının kvorum təşkil etdiyi bu iclaslarda namizədlikləri ən çox səs toplayan və iştirakçı dövlətlərin iclasda iştirak edən və səs verən nümayəndələrinin böyük əksəriyyətinin səsini alan şəxslər Komitə üzvlüyünə seçilmiş olurlar.
Maddə 31
1. Eyni dövlətin birdən artıq vətəndaşı Komitəyə üzv ola bilməz.
2. Komitə üzvlüyünə seçkilər zamanı üzvlərin coğrafi bölgü və müxtəlif sivilizasiya formaları və əsas hüquqi sistemlər üzrə ədalətli paylanması nəzərə alınır.
Maddə 32
1. Komitə üzvləri dörd il müddətinə seçilirlər. Onlar, təkrar nəmizədlikləri irəli sürülərsə, yenidən seçilmək hüququna malikdirlər. Lakin ilk seçkilərdə seçilən üzvlərdən doqquzunun səlahiyyət müddəti iki ildən sonra başa çatır; ilk seçkilərdən dərhal sonra bu doqquz üzvün adı 30-cu maddənin 4-cü bəndində xatırlanan iclasın Sədrinin püşk atması ilə müəyyən edilir.
2. Səlahiyyətlərin müddəti başa çatdıqda, seçkilər hazırkı Paktın əvvəlki məlum hissəsinin maddələrinə uyğun olaraq keçirilir.
Maddə 33
1. Əgər digər üzvlərin yekdil rəyinə görə Komitənin hər hansı bir üzvü öz funksiyalarının icrasına, müvəqqəti iştirak edə bilməmə səbəbindən başqa, hər hansı səbəbə görə son qoymuşsa, Komitə Sədri Biriəşmiş Millətlər Təşkilatının Baş Katibini bu barədə xəbərdar edir, o isə bu üzvün yerinin boş olduğunu elan edir.
2. Komitə üzvlərindən hər hansı, birinin ölümü və yaxud istefa verməsi halında Sədr, Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə dərhal bu barədə xəbərdarlıq edir, o isə ölüm günündən və yaxud istefa verilməsi gerçəkləşdiyi gündən etibarən bu yerin boş olduğunu elan edir.
Maddə 34
1. 33-cü maddəyə uyğun olaraq üzv yerinin boş qaldığı elan edilirsə və əvəz edilməli olan üzvün səlahiyyət müddəti bu vakansiyanın elan edilməsindən sonrakı altı ay ərzində başa çatmırsa, Birləşmiş Millətlər Təşkilatının Baş Katibi hazırkı Paktda iştirak edən hər bir dövlətə bu barədə xəbərdarlıq edir; onlar isə 29-cu maddəyə uyğun olaraq bu vakansiyanın doldurulması üçün iki ay ərzində öz namizədlərini təqdim edirlər.
2. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi bu qayda ilə namizədlikləri irəli sürülən şəxslərin əlifba sırası üzrə siyahısını tərtib edir və həmin siyahını hazırkı Paktda iştirak edən dövlətlərə təqdim edir. Boş yerlərin tutulması üzrə seçkilər hazırkı Paktın məlum hissəsinin müddəalarına müvafiq surətdə keçirilir.
3. 33-cü maddəyə uyğun olaraq elan edilən vakansiyanı tutmaq üçün seçilən Komitə üzvü bu vəzifəni, göstərilən maddənin müddəalarına uyğun olaraq öz yerini azad edən Komitə üzvünün səlahiyyət müddətinin qalan hissəsi ərzində daşıyır.
Maddə 35
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsdiq olunan Komitə üzvləri Baş Assambleya tərəfindən, Komitənin vəzifələrinin vacibliyi nəzərə alınmaqla, müəyyən edilən qaydada və şərtlərdə Birləşmiş Millətlər Təşkilatının vəsaitləri hesabına haqq alırlar.
Maddə 36
Birləşmiş Millətlər Təşkilatının Baş Katibi, Komitənin öz funksiyalarını hazırkı Pakta müvafiq surətdə səmərəli həyata keçirməsi üçün lazımi personal və maddi vəsait ayırır.
Maddə 37
1. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Komitənin birinci iclasını Birləşmiş Millətlər Təşkilatının Mərkəzi təsisatlarının birində çağırır.
2. Özünün ilk iclasından sonra Komitə, öz prosedur qaydalarında nəzərdə tutulan vaxtda toplaşır.
3. Komitə, adətən, Birləşmiş Millətlər Təşkilatının Mərkəzi təsisatlarında və ya Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki Şöbəsində toplaşır.
Maddə 38
Komitənin hər bir üzvü, öz vəzifələrinin icrasına başlamazdan əvvəl, Komitənin açıq iclasında öz funksiyalarını qərəzsiz və vicdanla həyata keçirəcəyi barədə təntənəli bəyanat verir.
Maddə 39
1. Komitə öz vəzifəli şəxslərini ikiillik müddətə seçir. Onlar təkrar seçilə bilərlər.
2. Komitə özünün xüsusi prosedur qaydalarını müəyyənləşdirir, ancaq bu qaydalar, əsasən, aşağıdakıları nəzərdə tutmalıdır:
a) Komitənin 12 üzvü kvorum təşkil edir;
b) Komitənin qərarları iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir.
Maddə 40
1. Hazırkı Paktda iştirak edən dövlətlər hazırkı Paktda qəbul edilən hüquqların həyata keçirilməsi ilə bağlı qəbul etdikləri tədbirlər haqqında və bu hüquqlardan istifadə olunmasında əldə edilən tərəqqi haqqında aşağıdakı məruzələri təqdim etməyi öhdələrinə götürürlər.
a) hazırkı Paktın müvafiq iştirakçı dövlətlərə münasibətdə qüvvəyə minməsindən sonrakı bir il ərzində;
b) bundan sonra, Komitənin tələb etdiyi bütün hallarda.
2. Bütün məruzələr Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə təqdim edilir, o isə bu məruzələri baxılmaq üçün Komitəyə göndərir. Hazırkı Paktın həyata keçirilməsinə təsir göstərən amillər və çətinliklər olarsa, onlar bu məruzələrdə qeyd olunur.
3. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi, Komitə ilə məsləhətləşdikdən sonra, bu məruzələrin o hissələrini ixtisaslaşdırılmış təsisatlara göndərə bilər ki, bu, onların səlahiyyət sahələrinə aid olsun.
4. Komitə, hazırkı Paktda iştirak edən dövlətlərin təqdim etdikləri məruzələri öyrənir. O, iştirakçı dövlətlərə öz məruzələrini və məqsədəuyğun hesab etdiyi ümumi qeydlərini göndərir. Komitə, həmçinin bu qeydlərini, hazırkı Paktda iştirak edən dövlətlərdən aldığı məruzələrin nüsxələri ilə birlikdə İqtisadi və Sosial Şuraya göndərə bilər.
5. Hazırkı Paktda iştirak edən dövlətlər, hazırkı maddənin 4-cü bəndinə uyğun olaraq edilə bilən istənilən qeydlərlə əlaqədar öz mülahizələrini Komitəyə təqdim edə bilərlər.
Maddə 41
1. Hazırkı Paktda iştirak edən dövlət, hazırkı maddəyə uyğun olaraq, istənilən vaxt bəyan edə bilər ki, o, Komitənin, iştirakçı dövlətlərdən hər hansı birinin, digərinin hazırkı Pakt üzrə öz öhdəliklərini yerinə yetirmədiyini iddia etməsi barədə verdiyi məlumatları almaq və nəzərdən keçirmək səlahiyyətini qəbul edir. Hazırkı maddədə nəzərdə tutulan məlumatlar yalnız o halda qəbul edilə və nəzərdən keçirilə bilər ki, onlar bu Komitənin səlahiyyətliliyini qəbul etdikləri barədə bəyanat vermiş olan iştirakçı dövlətlər tərəfindən təqdim edilmiş olsunlar. Komitə, belə bir bəyanat verməmiş olan iştirakçı dövlətə aid olan heç bir məlumatı qəbul etmir. Hazırkı maddəyə uyğun olaraq alınan məlumatlar aşağıdakı prosedura uyğun olaraq nəzərdən keçirilir:
a) əgər hazırkı Paktda iştirak edən dövlətlərdən hər hansı biri, digər iştirakçı dövlətin hazırkı Paktın müddəalarını həyata keçirmədiyi qənəətinə gələrsə, onda o, bu məsələni yazılı məlumat şəklində həmin dövlətin nəzərinə çatdıra bilər. Bu məlumatı alan dövlət, onu aldıqdan sonra üç ay ərzində onu göndərən dövlətə yazılı formada izahat və ya bu məsələyə aydınlıq gətirən istənilən başqa bəyanat təqdim edir; həmin bəyanatda, mümkün və məqsədəuyğun olduğu qədər həmin məsələ ilə bağlı qəbul edilmiş olan, qəbul ediləcək və ya qəbul edilə biləcək daxili prosedurlar və tədbirlər göstərilməlidir.
b) əgər bu məsələ, ilkin məlumatı alan iştirakçı dövlətin bu məlumatı almasından sonrakı altı ay ərzində bunda marağı olan hər iki iştirakçı dövləti təmin edəcək şəkildə həll edilməzsə, həmin dövlətlərdən istənilən biri Komitəni və digər dövləti xəbərdar etməklə həmin məsələni Komitəyə vermək hüququna malikdir;
c) Komitə, ona verilən məsələni yalnız beynəlxalq hüququn hamılıqla qəbul edilən prinsiplərinə uyğun olaraq bütün mümkün daxili vasitələrin həmin halda sınandığına və tükəndiyinə əmin olduqdan sonra nəzərdən keçirir;
d) hazırkı maddədə nəzərdə tutulan məlumatları Komitə qapalı iclaslarında nəzərdən keçirir;
e) Komitə, c) yarımbəndinin müddəalarına riayət etməklə, məsələnin hazırkı Paktda qəbul edilən insan hüquqlarına və əsas azadlıqlara hörmət edilməsi əsasında dostcasına həll edilməsi məqsədilə bunda marağı olan iştirakçı dövlətlərə xeyirxah xidmət göstərir;
f) Komitə, b) yarımbəndində xatırlanan bunda marağı olan iştirakçı dövlətlərə ona baxılmağa verilən istənilən məsələ ilə bağlı istənilən məlumatı təqdim etmələri barədə müraciət edə bilər;
q) b) yarımbəndində xatırlanan bunda marağı olan iştirakçı dövlətlər Komitədə məsələyə baxılarkən təmsil olunmaq və şifahi və yaxud yazılı təqdimat vermək hüququna malikdirlər;
h) Komitə, b) yarımbəndinə uyğun olaraq xəbərdar edildikdən sonra on iki ay ərzində aşağıdakı formalarda məruzə təqdim edir:
i) əgər e) yarımbəndinin müddəaları çərçivəsinədə həllə nail olunarsa, onda Komitə öz məruzəsində faktların və əldə edilən həll qərarının qısa təfsilatı ilə kifayətlənir;
ıı) əgər e) yarımbəndinin müddəaları çərçivəsində həllə nail olunmazsa, onda Komitə öz məruzəsində faktların qısa təfsilatı ilə kifayətlənir; bunda marağı olan həmin iştirakçı dövlətlərin yazılı təqdimatları və şifahi təqdimatlarının yazısı məruzəyə əlavə edilir.
Hər bir məsələ üzrə məruzə bunda marağı olan iştirakçı dövlətlərə göndərilir.
2. Hazırkı maddənin müddəaları, hazırkı Paktda iştirak edən on dövlətin bu maddənin 1-ci bəndinə uyğun olaraq bəyanat verdiyi andan qüvvəyə minir. Həmin bəyanatlar iştirakçı dövlətlər tərəfindən Birləşmiş Millətlər Təşkilatının Baş Katibi yanında depozitə qoyulur, o isə onların surətlərini qalan iştirakçı dövlətlərə göndərir. Bəyanat, Baş Katibi xəbərdar etməklə istənilən vaxt geri götürülə bilər. Belə bir hərəkət hazırkı maddəyə uyğun olaraq artıq verilmiş məlumatın mövzusu olan istənilən məsələnin baxılmasına əngəl törətmir; Baş Katibin bəyanatın geri götürülməsi haqqında xəbərdarlıq almasından sonra, əgər bunda marağı olan iştirakçı dövlət yeni bəyanat verməmişsə, onun sonrakı heç bir məlumatı qəbul edilmir.
Maddə 42
1.
a) əgər 41-ci maddəyə uyğun olaraq Komitəyə verilən hər hansı bir məsələ bunda marağı olan iştirakçı dövlətləri təmin edəcək şəkildə həll edilməzsə, Komitə bunda marağı olan iştirakçı dövlətlərin razılığı ilə Xüsusi Razılaşdırıcı Komissiya (sonralar Komissiya adlanacaq) təyin edə bilər. Komissiya həmin məsələnin, hazırkı Paktın müddəlarına riayət etməklə, xoşluqla həll edilməsi məqsədilə bunda marağı olan iştirakçı dövlətlərə öz xeyirxah xidmətlərini təqdim edir.
b) Komissiya, bunda marağı olan iştirakçı dövlətlər üçün məqbul olan beş şəxsdən ibarət olur. Əgər bunda marağı olan iştirakçı dövlətlər üç ay ərzində Komissiyanin tam tərkibi və ya onun tərkibinin bir hissəsi barədə razılığa gələ bilməzlərsə, onda təyin edilmələrı barədə razılıq əldə edilməyən Komissiya üzvləri gizli səsvermə yolu ilə Komitə üzvlərinin üçdə ikisinin səs çoxluğu ilə seçilirlər.
2. Komissiya üzvləri öz vəzifələrini şəxsi keyfiyyətdə yerinə yetirirlər. Onlar, bunda marağı olan iştirakçı dövlətlərin və ya hazırkı Paktda iştirak etməyən dövlətlərin və yaxud 41-ci maddəyə uyğun şəkildə bəyanat verməyən iştirakçı dövlətlərin vətəndaşları olmamalıdırlar.
3. Komissiya öz Sədrini seçir və öz prosedur qaydalarını müəyyən edir.
4. Komissiyanın iclasları, adətən, Birləşmiş Millətlər Təşkilatının Mərkəzi təsisatlarında və yaxud Birləşmiş Millətlər Təşkilatının Cenevrə Şöbəsində keçirilir. Lakin bu iclaslar, Birləşmiş Millətlər Təşkilatının Baş Katibi ilə və müvafiq iştirakçı dövlətlərlə məsləhətləşməklə Komissiya tərəfindən müəyyən edilən digər münasib yerlərdə də keçirilə bilər.
5. 36-cı maddəyə uyğun olaraq təqdim edilən katiblik də hazırkı maddə əsasında təyin edilən Komissiyaya xidmət edir.
6. Komitənin aldığı və tədqiq etdiyi informasiyalar Komissiyanın sərəncamına verilir və Komissiya işə aid olan istənilən informasiyanı təqdim etmələri üçün bunda marağı olan iştirakçı dövlətlərə xahişlə müraciət edə bilər.
7. Komissiya, məsələyə tamam baxıb qurtardıqdan sonra, amma həmin məsələnin ona verildiyi vaxtdan on iki aydan gec olmayaraq, Komitə Sədrinə bunda marağı olan iştirakçı dövlətlərə göndərilmək üçün aşağıdakı formalarda məruzə təqdim edir:
a) əgər Komissiya həmin məsələni on iki ay ərzində baxıb qurtara bilməzsə, o öz məruzəsində həmin məsələnin baxılma vəziyyətinin qısa təfsilatını verməklə kifayətlənir;
b) əgər, hazırkı Paktda qəbul edilən insan hüquqlarına riayət edilməklə, həmin məsələnin xoşluqla həllinə nail olunarsa, Komissiya öz məruzəsində faktların və əldə edilən həll qərarının qısa təfsilatını verməklə kifayətlənir;
c) əgər b) yarımbəndində göstərilən şəkildə məsələnin həllinə nail olunmazsa, Komissiyanın məruzəsi, bunda marağı olan iştirakçı dövlətlər arasındakı mübahisə ilə bağlı bütün məsələlərə dair Komissiyanın faktik xarakterli rəyindən və bu məsələnin xoşluqla nizamlanması imkanları barədə onun mülahizələrindən ibarət olur;
d) əgər Komissiyanın məruzəsi c) yarımbəndinə uyğun olaraq təqdim edilərsə, bunda marağı olan iştirakçı dövlətlər bu məruzəni aldıqdan sonra üç ay ərzində onun məzmunu ilə razılaşıb-razılaşmadıqlarını Komitə Sədrinə bildirirlər.
8. Hazırkı maddənin müddəaları Komitənin 41-ci maddədə nəzərdə tutulan vəzifələrini azaltmır.
9. Bunda marağı olan iştirakçı dövlətlər, Komissiya üzvlərinin bütün xərclərini Biriəşmiş Millətlər Təşkilatının Baş Katibi tərəfindən təqdim edilən smetaya uyğun olaraq, bərabər ölçüdə çəkirlər.
10. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi, lazım gələrsə, Komissiya üzvlərinin xərclərini bunda marağı olan iştirakçı dövlətlərin hazırkı maddənin 9-cu bəndinə uyğun olaraq onları ödəmələrinə qədər ödəmək hüququna malikdir.
Maddə 43
Komitə üzvləri və 42-ci maddəyə uyğun olaraq təyin edilən Xüsusi Razılaşdırıcı Komissiyanın üzvləri, Birləşmiş Millətlər Təşkilatının imtiyazları və Toxunulmazlıqları haqqında Konvensiyanın müvafiq bölmələrində Birləşmiş Millətlər Təşkilatı tərəfindən ezam edilən ekspertlər üçün nəzərdə tutulan güzəşt, imtiyaz və toxunulmazlıq hüququna malikdirlər.
Maddə 44
Hazırkı Paktın həyata keçirilməsi qaydaları, insan hüquqları sahəsində Birləşmiş Millətlər Təşkilatının və ixtisaslaşdırılmış təsisatların təsis aktları və konvensiyalarında təyin edilən prosedurlara ziyan gətirmədən və ya onlara uyğun olaraq tətbiq edilir və bu qaydalar hazırkı Paktda iştirak edən dövlətlərin, mübahisənin həlli üçün onlar arasında fəaliyyətdə olan ümumi və xüsusi beynəlxalq müqavilələr əsasında digər prosedurlara əl atmalarına əngəl törətmir.
Maddə 45
Komitə öz işi barədə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına, İqtisadi və Sosial Şura vasitəsilə illik məruzə təqdim edir.
V HİSSƏ
redaktəMaddə 46
Hazırkı Paktın heç bir müddəası Birləşmiş Millətlər Təşkilatı və ixtisaslaşdırılmış təsisatların, hazırkı Paktın da aid olduğu mövzular üzrə, müxtəlif orqanlarının müvafiq vəzifələrini müəyyən edən Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin və ixtisaslaşdırılmış təsisatların nizamnamələrinin müddəalarının əhəmiyyətinin azaldılması kimi şərh edilə bilməz.
Maddə 47
Hazırkı Paktın heç bir müddəası, bütün xalqların öz təbii sərvətlərinə və ehtiyatlarına sahib çıxmaq və onlardan tam həcmdə və sərbəst şəkildə istifadə etməklə bağlı alınmaz hüquqlarının məhdudlaşdırılması kimi şərh edilə bilməz.
VI HİSSƏ
redaktəMaddə 48
1. Hazırkı Pakt Birləşmiş Millətlər Təşkilatına və ya onun ixtisaslaşdırılmış təsisatlarına üzv olan istənilən dövlət üçün, Beynəlxalq Məhkəmə Statuna üzv olan istənilən dövlət üçün və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən hazırkı Paktda iştiraka dəvət edilən istənilən dövlət üçün imzalanmaya açıqdır.
2. Hazırkı Pakt təsdiq olunmalıdır. Təsdiq fərmanları Birləşmiş Millətlər Təşkilatının Baş Katibi yanında depozitə qoyulur.
3. Hazırkı Pakt bu maddənin 1-ci bəndində göstərilən istənilən dövlətin ona qoşulması üçün açıqdır.
4. Qoşulma, bu barədəki sənədin Birləşmiş Millətlər Təşkilatının Baş Katibi yanında depozitə qoyulması ilə başa çatır.
5. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi hazırkı Paktı imzalayan və ya ona qoşulan bütün dövlətlərə hər bir təsdiq fərmanının və ya qoşulma sənədinin depozitə qoyulması barədə məlumat verir.
Maddə 49
1. Hazırkı Pakt, 35-ci təsdiq fərmanı və ya qoşulma sənədi Birləşmiş Millətlər Təşkilatının Baş Katibi yanında depozitə qoyutduqdan üç ay sonra qüvvəyə minir.
2. 35-ci təsdiq fərmanı və ya qoşulma sənədi depozitə qoyulduqdan sonra hazırkı Paktı təsdiq edən və ya ona qoşulan hər bir dövlət üçün hazırkı Pakt, onun öz təsdiq fərmanı və ya qoşulma sənədi depozitə qoyulduqdan üç ay sonra qüvvəyə minir.
Maddə 50
1. Hazırkı Paktda iştirak edən istənilən dövlət ona qeyd-şərtlər edə və onları Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə təqdim edə bilər. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi sonra təklif olunan istənilən qeyd-şərtləri hazırkı Paktda iştirak edən dövlətlərə göndərir və onlardan, bu təkliflərə baxmaq və bununla bağlı səsvermə keçirmək məqsədilə iştirakçı dövlətlərin konfransının çağırılmasına tərəfdar olub-olmadıqlarını ona bildirmələrini xahiş edir. Əgər, iştirakçı dövlətlərin ən azı üçdə biri belə bir konfrans çağırılmasına tərəfdar olduqlarını bildirərlərsə, onda Baş Katib Birləşmiş Millətlər Təşkilatının himayəsi altında bu konfransı çağırır. Bu konfransda olan və səsvermədə iştirak edən iştirakçı dövlətlərin səs çoxluğu ilə qəbul edilən istənilən qeyd-şərtlər təsdiq olunmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına təqdim olunur.
2. Qeyd-şərtlər, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası onları təsdiq etdikdən və hazırkı Paktda iştirak edən dövlətlərin üçdə ikisindən çoxunun onları öz konstitusion prosedurlarına uyğun olaraq qəbul etməsindən sonra qüvvəyə minir.
3. Qeyd-şərtlər qüvvəyə mindikdən sonra, onları qəbul edən iştirakçı dövlətlər üçün məcburi olur, digər dövlətlər üçün hazırkı Paktın müddəaları və onların əvvəllər qəbul etdikləri qeyd-şərtlər məcburi olaraq qalır.
Maddə 52
48-ci maddənin 5-d bəndinə uyğun olaraq edilən xəbərdarlıqlardan asılı olmayaraq, Birləşmiş Millətlər Təşkilatının Baş Katibi elə həmin maddənin 1-ci bəndində haqqında danışılan bütün dövlətləri aşağıdakılar barədə xəbərdar edir:
a) 48-ci maddəyə uyğun olaraq imzalamalar, təsdiqetmələr və qoşulmalar;
b) 49-cu maddəyə uyğun olaraq hazırkı Paktın qüvvəyə minmə tarixi və 51-ci maddəyə uyğun istənilən qeyd-şərtlərin qüvvəyə minmə tarixi.
Maddə 53
1. Hazırkı Paktın ingilis, ispan, çin, rus və fransız dillərindəki mətnləri eyni dərəcədə autentikdir və saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının arxivinə verilməlidir.
2. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi hazırkı Paktın təsdiq olunmuş surətlərini 48-ci maddədə göstərilən bütün dövlətlərə göndərir.